“Deyir, Ramiz Mehdiyevin əmlakları təcili satışa çıxarılıb- yadıma rəhmətlik Mirzə Ələkbər Sabirin məşhur şeiri düşdü: Ay alan, varidati-Ramiz satıram!...”
 




- 7 CÜMLƏDƏ 7 DƏRD...-
 
**********************************************
 
Abşeron rayonunun Məhəmmədi kəndində avtobus dayanacağı o qədər “rahat” yerdədir ki, sərnişinlər avtobusa minməzdən əvvəl zibilliyin içindən keçib həyatın bütün qoxularını hiss edirlər...
 
***   ***
 
İqtisadçı Günay Hüseynovanın Sumqayıtdakı evinə ilan girib — görünür, ərzaq bahalaşması, inflyasiya, kommunal xərclər və mənzil qiymətlərindən cana doyan ilan da Azərbaycan iqtisadiyyatının dərdini ən yaxşı bilən adamın evinə sığınıb...
 
***  ***
 
Haqqları, hüquqlarıyla bağlı böyük problemlərin həllini düşünməyə vaxt tapmayan insanlar kafelərdə “Gəncə”, “Goranboy” mahnılarına görə dava etməyə vaxt tapırlar — sonda mahnı bitir, amma 2 il 6 aylıq cəza başlayır...
 
***  ***
 
Lenin adına qalxozun baş çobanı Qədimalı kişi bu müraciətini ictimailəşdirməyi xahiş edib: “Qadanız alım, bu Tarif Şurası o dünyaya gedən yolun; təcili yardımın, mollanın, dəfn maşınının, dəfnin, qəbir yerinin, “3-7”, “40” mərasimlərinin qiymətlərini də nizamlasaydı, rahat çıxıb gedərdik ora - cəriməsi yox, vergisi yox, işıqpulu, supulu, qazpulu, zibilpulu yox, parklanma pulu yox, rüsumu yox, kirayə haqqı yox,  bərk ayaqda Cəhənnəmdə zəqqum da yesən pulsuz...”
***  ***
 
Nəhayət, paytaxtda avtomobil tıxaclarına səbəb olanların bir qrupu cəzalandı; “Formula- 2” yarışında ağır qəza baş verdi, bir neçə bolid bir-birinə dəydi və yarış dayandırıldı...
 
***  ***
 
Deyir, Ramiz Mehdiyevin əmlakları təcili satışa çıxarılıb- yadıma rəhmətlik Sabirin məşhur şeiri düşdü: Ay alan, varidati-Ramiz satıram!...
 
***  ***
 
Deyir, Koroğlu  bu dəfə Bakının Yeni Günəşli qəsəbəsindəki Çənlibel”də peyda olub, amma bu dəfə xanlara-paşalara yox, jurnalistlərə və telekanallara qarşıdır – gecə-gündüz elə nərə çəkir ki, camaat yatıb-dincələ bilmir, özü də Qıratsız-Misri qılıncsız “televiziya mənə heç nə edə bilməz” deyə meydan oxuyur...
 
Sultan Laçın