Seyran Səxavətin “80+20+?” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR
26 Sep 2026, 14:05 32 baxış 4 dəq oxuma
Bu gün Ədalət Partiyasının qərargahında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və yazıçı Seyran Səxavətin 80 illik yubileyi münasibətilə “80+20+?” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli açıq elan edib və daha sonra sözü tədbirin aparıcısı, yazıçı-jurnalist İradə Aytelə verib.
Tədbirin aparıcısı İradə Aytel mərasim iştirakçılarını salamladıqdan sonra Seyran Səxavətin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatındakı xidmətlərindən və təqdim olunan kitab haqqında məlumat verib.
224 səhifəlik kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub. Nəşrin redaktor-tərtibçisi yazıçı-jurnalist İradə Ayteldir. Kitab Tovuz Xeyriyyə Cəmiyyətinin Seyran Səxavətin 80 illik yubileyinə hədiyyəsidir.
“80+20+?” kitabında Seyran Səxavətin müxtəlif illərdə qələmə aldığı poeziya nümunələri ilə yanaşı, onun yaradıcılığı və şəxsiyyəti haqqında tanınmış ədəbiyyat və sənət adamlarının fikirləri də yer alıb. Kitabın əvvəlində İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Ramiz Rövşən, Qabil, Flora Kərimova, Əkrəm Əylisli, Aqil Abbas, Vaqif Bəhmənli, Akif Səməd və digər sənət və ədəbiyyat nümayəndələrinin Seyran Səxavət haqqında söylədikləri fikirlər təqdim olunur.
Nəşrdə müəllifin həyat və yaradıcılıq yoluna dair avtobioqrafik məlumatlar da yer alıb. Seyran Səxavət öz tərcümeyi-halında 1946-cı il martın 23-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində, Koxalı obasında, Muradxanlı məhəlləsində ziyalı ailəsində dünyaya gəldiyini qeyd edir.
Onun ilk bədii yazısı 1962-ci ildə, 16 yaşında olarkən Füzuli rayonunda nəşr olunan “Qızıl Araz” qəzetində çap olunub. Sonrakı yaradıcılıq fəaliyyəti ərzində roman, povest, hekayə və şeirləri müxtəlif dillərə tərcümə edilib, pyesləri Azərbaycan teatrlarında səhnələşdirilib. “Nekroloq” romanı 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülüb.
Tədbirin çıxışlar hissəsində şair və yazıçının yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı yeri və ədəbi irsi haqqında fikirlər səsləndirilib.
Tədbirdə çıxış edən şəxslər arasında Xalq şairi Sabir Rüstəmxanlı, Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov, şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli, şair Rəfail İncəyurd, yazıçı-publisist, jurnalist, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi, şair Rəfail Həbiboğlu və şair Bəhlul Ataxallı yer alıb.
Tədbirdə Seyran Səxavətin şeirləri də səsləndirilib. Şeirləri Ədalət Partiyasının gənc üzvləri təqdim ediblər.
Mərasimin əsas özəlliklərindən biri də müəlliflə canlı dialoq olub. Təqdimat boyunca Seyran Səxavət tədbir iştirakçılarının və qonaqların ona ünvanladığı sualları cavablandırıb, yaradıcılığı, həyat yolu, ədəbiyyata baxışı və ədəbi mövqeyi ilə bağlı fikirlərini bölüşüb. Beləliklə, tədbir yalnız kitab təqdimatı deyil, həm də müəlliflə oxucu və ədəbi ictimaiyyət arasında canlı fikir mübadiləsi formatında keçirilib.
Təqdimat mərasimi Seyran Səxavətin 80 illik yubileyinin qeyd olunması ilə yanaşı, onun zəngin yaradıcılıq irsinin oxuculara və ədəbi ictimaiyyətə bir daha təqdim olunmasına xidmət edir.