“İtlərlə müalicə üsulu müəyyən pasiyentlər üçün xeyirlidir. Bizim ruhi dispanserdə bu müalicə üsulunu 2015-ci ildə mən başlamışam. Bu müalicə üsulundan istifadə edən pasiyentlərin də sayları təəssüf ki, azdır. Getdikcə də azalır. İnkişaf yoxdur. Bu müalicə üsulunun inkişafı düşünürəm ki, ilkin növbədə maarifləndirmədən asılıdır. İnsanlar bu haqda məlumatlı deyillər. Heyvanlardan qorxuları var. Ona görə də müraciət etmirlər. Bu müalicə üsulu haqda ümumiyyətlə ölkəmizdə məlumatlar sıfır dərəcəsindədir. Mən özüm də həkim olduğuma görə bu müalicə üsulunu aşkarladım. Bəlkə də başqa peşə sahibi olsaydım bu haqda heç bir məlumatım olmazdı”
 




Bunu Moderator.az-a açıqlamasında 1 saylı Respublika Psixioterapiya xəstəxanasının həkim-psixiatrı Ayşən İsgəndərova deyib. O daha sonra əlavə edib:
 
“Əslində pet terapiya deyilən üsulda təkcə itlər yox, pişiklər də, atlar da istifadə olunur. Bir sözlə ev heyvanları.. Hansı ki, onlar insanlarla təmasda müsbət təsir göstərirlər. Xüsusilə də psixoloji durumu qeyri-stabil olan insanlar bu üsuldan istifadə etməlidirlər. Mən müalicəni itlərlə aparıram. Çünki sırf əlimdə olan heyvan it idi. Nə at var idi, nə də ki, pişik. Əlbəttə ki, istər dövlət, istərsə də özəl klinikalarımızda bu müalicə üsulu tətbiq olunmalıdır. Təkcə klinikalarda yox, qocalar evində, uşaq evlərində, xüsusi diqqətə qayğıya ehtiyacı olan insanlara da tətbiq olunmalıdır. Belə olduğu halda təkləşmiş insanlar özlərini yaxşı hiss edəcəklər və bununla da daxillərində olan sıxıntı aradan qalxacaq” deyə o bildirib.