General Valeh Bərşadlının bir zabitə dediyi sözlər və Azərbaycanın sərhəd tarixinin ilk səhifələri...
 




...1991-ci il. Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkənin qarşısında bir-birindən mürəkkəb və taleyüklü vəzifələr dayanırdı. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi və mühafizəsinin təşkili də həmin mühüm məsələlərdən biri idi. Sərhədləri qoruyacaq milli hərbi strukturun yaradılması isə faktiki olaraq sıfırdan başlanırdı...
 
Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçmiş rəis müavini, polkovnik Sucəddin Abdullayev həmin mürəkkəb və tarixi prosesin ilk günlərindən etibarən hadisələrin içində olub. O, müstəqilliyin bərpasından sonra sərhəd mühafizəsi sisteminin formalaşdırılmasını,  sovet sərhəd strukturlarının Azərbaycandan çıxarılmasını, sərhəd zastavalarının, əmlakın və infrastrukturun qəbul edilməsini və s. olay və prosesləri birbaşa yaşayan şəxslərdəndir.
 
Polkovnik Sucəddin Abdullayev Moderator.az-a müsahibəsində həmin illərin ən mühüm və maraqlı məqamların barədə xatirələrini nəql edir:
 
“Qəzetdə yazılmışdı ki, dövlət sərhədlərimizin mühafizəsi üçün belə bir komitə yaradılıb...”
 
...Yaxşı yadımdadır. 1991-ci ildə, dövlət müstəqilliyimizin bərpasından sonra Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsi yaradıldı. Bu barədə “Azərbaycan” qəzetində məlumat dərc edilmişdi. Yazılmışdı ki, belə bir komitə yaradılıb və onun sədri vəzifəsinə rəhmətlik polkovnik İsgəndər Allahverdiyev təyin olunub.
 
İsgəndər müəllim özü də müraciət etmişdi ki, Komitənin hərbçilərə ehtiyacı var. O vaxt mən sənaye-tikinti sahəsində çalışırdım. Amma gənclik illərindən hərbçi olmağa böyük həvəsim vardı. Hərbi xidmətdən sonra ali məktəbi bitirmiş, zabit rütbəsi almışdım. Həmin yazını oxuyan kimi qərara gəldim ki, Komitəyə gedim...
 
Komitə o vaxt müvəqqəti olaraq həmin dövrdə “Moskva” adlanan indiki Heydər Əliyev prospektinin “Bağırov körpüsü”nə yaxın hissəsində yerləşirdi.
 
Məni Komitə sədrinin müavini, tanınmış tarixçimiz Süleyman Əliyarlının qardaşı Arif Əliyarov qəbul etdi. Dedi:
 
-Hələlik səni şöbə müdiri kimi işə götürək. Yaxın müddətdə mən birinci müavin olmalıyam. Səni isə mühəndis qurğuları və inşaat məsələləri üzrə müavin vəzifəsinə qoyarlar.
 
Mən də razılaşdım və beləliklə, Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsində şöbə rəisi vəzifəsində işləməyə başladım.
 
Amma mən daha fəal hərbi işlərdə çalışmaq istəyirdim. Ona görə də təxminən 1992-ci ilin avqustunda Müdafiə Nazirliyinə yollandım.
 
O vaxt yaradılmış Müdafiə Fonduna köçürmək üçün bir qədər pul toplamışdım. Nazirliyin qəbul otağında bir zabit haqqımda məlumatları kargüzarlıq jurnalına yazırdı. İş yerimi soruşdu.
 
Bir anlıq istədim deyim ki, Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsində işləyirəm. Sonra düşündüm ki, belə desəm, bəlkə də pulu qəbul etməzlər. Dedim ki, Sumqayıtdakı 2 saylı Tikinti Trestinin işçisiyəm. Zabit qəbz yazdı, möhür vurdu, məlumatları jurnala qeyd etdi və mənə imza atdırdı. Müdafiə Fonduna 3 min rubl pul köçürdüm. O vaxt üçün bu, kifayət qədər böyük məbləğ idi...
 
Otaqdan çıxanda düşündüm ki, fürsət yaranıb, bəlkə Baş Qərargah rəisi, general Valeh Bərşadlının qəbuluna girim. Qəbula yazıldım. Bir qədər gözlədikdən sonra rəhmətlik məni qəbul etdi.
 
Bildirdim:
 
-Cənab general, mən zabitəm, ixtisasca tankçıyam. Birbaşa Vətənin müdafiəsi üçün orduda xidmət etmək istəyirəm.
 
Valeh Bərşadlı soruşdu:
 
-Hazırda harada işləyirsən?
 
Dedim:
 
-Düzünü desəm, hazırda Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsində işləyirəm. Amma mülki ixtisasım inşaatçıdır.
 
Bunu eşidən Baş Qərargah rəisi dedi:
 
-Elə əsas işlər indi o Komitədə görülür. Sənin yerin bura deyil. Məsləhət görürəm ki, elə indiki işində davam edəsən. Sən orada Vətənə və dövlətə daha çox lazımsan.
 
Valeh müəllimin məsləhətini qəbul etdim və Komitədə işimi davam etdirdim.
 
“Beləliklə, böyük bir arzuma çatdım...”
 
Təxminən on gün sonra o vaxtkı prezident Əbülfəz Elçibəyin fərmanı çıxdı. Arif Əliyarov Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsi sədrinin birinci müavini təyin olundu. Nəticədə məni də onun əvvəlki vəzifəsinə — sədr müavini vəzifəsinə təyin etdilər.
 
Beləliklə, böyük bir arzuma çatdım. Dövlətçiliyi yenicə bərpa olunmuş Vətənimin sərhədlərinin və sərhəd qoşunlarının formalaşdırılmasına ilk töhfələr verən insanlardan biri olmaq şərəfi digər silahdaşlarımla birlikdə mənə də qismət oldu.
 
O vaxtdan etibarən bütün fəaliyyətim bu işlə bağlı oldu.
 
Həmin dövrdə Dövlət Komissiyasının tərkibində sovet sərhəd strukturlarından Azərbaycana aid sərhəd obyektlərinin və əmlakının qəbulunu həyata keçirən komissiya da fəaliyyət göstərirdi. Mən də həmin komissiyanın üzvü idim. Arif Əliyarov isə komissiyanın sədri idi. Komissiyanın təxminən 14-15 üzvü vardı. 
 
Sərhəd qoşunlarının yaradılması barədə Prezident fərmanı...
 
Daha sonra Əbülfəz Elçibəyin fərmanı ilə sərhəd qoşunlarının təşkil olunması barədə qərar qəbul edildi. Dövlət Sərhədlərinin Mühafizəsi Komitəsi ləğv edildi və Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində Sərhəd Qoşunları Baş İdarəsi yaradıldı.
 
Sərhəd Qoşunları Baş İdarəsi formalaşdırıldıqdan sonra bizi çağırdılar. Arif Əliyarov da, mən də müavin vəzifəsinə təsdiq olunduq.
 
Beləcə, yeni yaradılan strukturda fəaliyyətimizi davam etdirdik.
 
Amma qarşıda daha böyük və məsuliyyətli bir vəzifə dayanırdı: Azərbaycan ərazisində sovet sərhəd qoşunlarının nəzarətində olan sərhəd dəstə və zastavalarını, hərbi əmlakı, infrastruktur obyektlərini və digər maddi-texniki vasitələri ruslardan qəbul etmək...
 
Bu prosesin ən mühüm mərhələlərindən biri Naxçıvan Sərhəd Dəstəsinin ruslardan qəbul edilməsi idi.
 
Naxçıvan Sərhəd Dəstəsinin ruslardan qəbul edilməsi...
 
Artıq ruslardan sərhəd zastavalarını, əmlakı və digər infrastrukturu qəbul etməyə başlamışdıq.
İlk növbədə Naxçıvandakı keçmiş SSRİ-nin 41 saylı Sərhəd Dəstəsini ruslardan qəbul etmək üçün ora getməli idik. Naxçıvandan da xəbər verdilər ki, əsgər çatışmır. Ona görə də bazadan 15 əsgər götürdük. “QAZ-66” markalı hərbi yük maşınına mindik və hava limanına yollandıq. Komissiyanın digər üzvləri də bizimlə idi. Arif Əliyarov xidməti maşında gedirdi.
Yolda, “Radiozavod”un qarşısında maşın hansısa səbəbdən dayandı. Maşın dayanan kimi əsgərlərdən biri qəfil yerə atıldı və qaçmağa başladı...
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın