27 sentyabr 2020-ci il...

Azərbaycanın illərlə gözlədiyi o böyük yolun başladığı gün. Vətənin harayı ucalanda minlərlə Vətən oğlu tərəddüd etmədən ayağa qalxdı. Onlar doğmalarından, sevdiklərindən, yarımçıq qalan arzularından ayrılaraq müqəddəs bir amalın yoluna çıxdılar. Çünki onların qəlbində illərlə sönməyən bir arzu vardı - Qarabağın azadlığı, doğma torpaqlarımızda üçrəngli bayrağımızın yenidən ucalması. Onlar öz həyatlarını Vətənin azadlığına fəda etməyin ən böyük şərəf olduğuna inanaraq döyüşə yollandılar.


Oğullarımızdan kimisi Vətənə Qələbə ilə qayıtdı, kimisi isə öz canı ilə bu Qələbənin ən müqəddəs səhifəsini yazdı. Onların adı Azərbaycan tarixinin yaddaşına əbədi həkk olundu. Şəhidlərimizin yoxluğu hər zaman ürəyimizdə bir ağrı olaraq qalacaq. Amma onların canları bahasına bizə əmanət etdikləri azad torpaqlar həmin ağrının içində böyük bir qürur da yaşadacaq. Vətən uğrunda döyüşən hər bir oğulun keçdiyi yol bu Zəfərin tarixidir. Bu gün azad Qarabağa baxanda gözlərimizdə həm kövrəklik, həm də qürur var. Çünki illərlə həsrətini çəkdiyimiz torpaqlar artıq azaddır, bayrağımız doğma yurdumuzda dalğalanır.






Bu gün başımız dikdir.

Alnımız açıqdır.

Bu gün qəddimiz dikdir.


Çünki illərlə alnımızda daşıdığımız Qarabağ adlı ləkəni Ali Baş Komandanımızın qətiyyətli siyasəti və sarsılmaz iradəsi, Azərbaycan Ordusunun gücü, Vətən uğrunda ölümün gözünə dik baxan oğullarımızın qəhrəmanlığı sayəsində sildik.

Bu gün Qarabağ azaddır.


Bəs bu Zəfər Azərbaycan xalqına hansı tarixi dərsləri verdi? Milli həmrəyliyimiz bu Qələbənin əldə olunmasında və onun nəticələrinin möhkəmlənməsində hansı rol oynadı? Bu tarixi hadisədən gələcək nəsillər üçün hansı nəticələri çıxarmaq mümkündür?


Mövzu ilə bağlı Moderator.az-a millət vəkili Cavanşir Feyziyev açıqlama verib.



 


Deputat qeyd edib ki, 27 sentyabr Azərbaycan tarixinin qürurverici səhifələrindən biridir. Məhz 27 sentyabrdan başlayan zəfər marşı noyabrın 10-dək davam etdi və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın böyük bir hissəsi azad edildi:


"Daha sonrakı hadisələr 2023-cü ildə ölkəmizin beynəlxalq birlik tərəfindən  tanınmış bütün əraziləri üzərində suverenliyimizin tam şəkildə bərpa olunması ilə nəticələndi.


Bu savaşda Azərbaycan sadəcə erməni işğalçılarına qalib gəlmədi. Azərbaycan Cənubi Qafqaz ətrafında özündən qat-qat güclü dövlətlərin qurduğu məkrli xəyanət planlarını alt-üst edərək öz torpaqlarına sahib çıxdı.


 Bu çox böyük tarixi hadisədir və bütün gələcək dövrlərdə də xalqımıza qürur yaşadacaq bir qələbədir. 


Vətən müharibəsində əldə olunmuş  tam və qəti qələbəmiz əsgər və zabitlərimizin döyüş bölgələrində göstərdiyi misilsiz qəhrəmanlıq və xalqımızı Ali Baş Komandan İlham Əliyev ətrafında bir yumruq kimi birləşdirən ümummilli həmrəyliyimiz sayəsində mümkün olub. 


Gələcək nəsillərin bu qələbədən alacağı dərs və çıxaracağı nəticə də ondan ibarətdir ki,  milli həmrəyliyimiz milli maraqların qorunmasında həmişə əsas və həlledici amil olub və qələbəmizi daimi və davamlı etmək üçün gələcəkdə də belə olmalıdır.


Bu baxımdan Vətən müharibəsinin başlandığı 27 Sentyabr gününün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması da mühüm əhəmiyyət daşıyır. 


Bu hər şeydən öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həyatını əsirgəməyən şəhidlərimizə ümumxalq ehtiramının və onların doğmalarına ümumxalq minnətdarlığının ifadəsidir. Allah şəhidlərimizə rəhmət eləsin".


Pərvin Sakirqizi 

Moderator.az/ Redaktor