İsraildə baş nazir Benyamin Netanyahu və onun rəhbərlik etdiyi hökuməti hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə müxalifət cinahında tarixi addım atılıb. Ölkənin aparıcı müxalifət partiyalarının liderləri rəsmi koalisiya yaratdıqlarını elan ediblər.


Moderator.az  xəbər verir ki,  "Əl-Cəzirə"nin "Jerusalem Daily" proqramının verdiyi məlumata görə, bu haqda yer  27 oktyabr tarixində keçiriləcək növbədənkənar parlament (Knesset) seçkiləri ərəfəsində müxalifət blokunun 5 əsas lideri Təl-Əvivdə bir araya gələrək xüsusi birgə bəyannamə imzalayıblar.






Məlumatda deyilir ki, bu ittifaqa müxalifət lideri Yair Lapid ("Yeş Atid"), keçmiş baş nazir Naftali Bennett ("Birlikdə"), həmçinin tanınmış siyasi xadimlər Gadi Eysenkot ("Yaşar"), Avigdor Liberman ("Evimiz İsrail") və Yair Golan ("Demokratlar") daxil olub. Liderlər aralarındakı kəskin ideoloji fərqlilikləri bir kənara qoyaraq, mövcud hökuməti dəyişməyi özlərinin "ən ali ortaq məqsədi" elan ediblər.


"Bir-birimizə hücum etməyəcəyik..."


İmzalanan sənədə əsasən, seçki prosesi başa çatana və yeni hökumət qurulana qədər müxalifət partiyaları bir-birlərinə qarşı hər hansı tənqid və ya qarayaxma kampaniyası aparmayacaqlar. Artıq seçici fəallığını artırmaq və gələcək hökumətin fəaliyyət proqramını hazırlamaq üçün 3 birgə işçi qrupu yaradılıb. Yeni hökumətin ilk addımlarından birinin 7 oktyabr hadisələrini araşdıracaq Dövlət İstintaq Komissiyasının yaradılması olacağı gözlənilir. Koalisiyanın vahid Baş nazir namizədi məsələsi isə hələlik açıq saxlanılıb və seçkilərdən sonra müəyyənləşəcək...


Netanyahudan sərt reaksiya və "süni intellektli" paylaşım...


Baş nazir Benyamin Netanyahu müxalifətin bu addımına kəskin reaksiya verib. O, müxalifət blokunun hökumət qura bilmək üçün mütləq şəkildə parlamentdəki ərəb partiyalarının dəstəyinə möhtac olacağını iddia edib və bunu "ərəb partiyalarının dəstəyi ilə solçu hökumət qurmaq cəhdi" adlandırıb. Hətta Netanyahu sosial media hesabında müxalifət liderlərinin birgə fotosuna süni intellekt vasitəsilə ərəb deputatların şəkillərini də əlavə edərək montaj olunmuş foto paylaşıb...


Qeyd edək ki, son rəy sorğuları müxalifət blokunun reytinqlərdə öndə olduğunu göstərsə də, hökumət qurmaq üçün tələb olunan 61 yerlik çoxluğu qazanmaq uğrunda mübarizənin olduqca gərgin keçəcəyini proqnozlaşdırır.


S.Laçın