Kəlbəcərin dağlıq ərazisində naməlum heyvan sürüsünün maraqlı görüntüləri lentə alınıb. 


Moderator.az xəbər verir ki, yayılan kadrlarda iri və kiçik heyvanların yol kənarında və dağ yamaclarında sərbəst şəkildə otladığı görünür. Bəzi izləyicilər bunların yak, digərləri isə bizon olduğunu bildiriblər. Bu naməlum heyvanların  müharibə dövründən qalan inək olduğunu və baxımsızlıqdan bu vəziyyətə düşdüyünü iddia edənlər də olub.






Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov Moderator.az-a açıqlamasında bildirib ki, bu heyvanın adı yakdır və xarici ölkədən gətirilib:


“Bunlar yakdırlar, ev heyvanıdır. Laçın-Kəlbəcər sərhədində təsərrüfat kimi saxlanılır. Yerli dağ şəraitinə uğurla adaptasiya olunublar. Orada çobanları var. Bu da inəyin bir növüdür. Qışda ot tədarükü görməyə ehtiyac yoxdur. Özləri qışda qarın altından ot tapıb bəslənir. Əsasən ətlik qaramal cinsidir, südü də yağlıdır. Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün damazlıq məqsədilə Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilmişdi. Sonra da davamı gəldi” deyə o bildirib.


Məlumat üçün bildirək ki, Kəlbəcər və Laçında yerləşən yak təsərrüfatında son illər böyük artım var.