“Xocalıda gözəl günlərimi yaşayıram, haqqım yox idi ki, bura gəlməyim...” - 9 yaşlı Ləfxanımın həyatının xoşbəxt sonluğu - ÖZƏL+FOTO
28 Sep 2026, 08:15 32 baxış 3 dəq oxuma
“34 ildən sonra Xocalıya qayıtmaq mənim üçün ən sevincli günlərimdən biri idi. Bizə Xocalının Təzəbinə kəndinə ev verilib. Buna görə ölkə başçısına öz təşəkkürümü bildirirəm. 1992-ci ildə Xocalıda çox ağır işgəncələrlə üzləşmişik. O vaxt 9 yaşım var idi, onların hamısı mənim yaddaşıma həkk olunub. Hələ də o günləri unuda bilmirəm”.
Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini Ləfxanım Mahmudova deyib.
O daha sonra bildirib:
“Bizim ailədə 5 nəfər donvurmadan ağır xəsarətlər alaraq ikinci qrup əlil oldu. 1992-ci ildə Xocalıdan ağlaya-ağlaya çıxanda inanmırdım ki, illər sonra vətənimə gülə-gülə qayıdacam. O zaman 9 yaşım var idi, bu gün 44 yaşım var. Artıq övladlarım, nəvələrim doğulub. Mən bu gün Xocalıda ən gözəl günlərimi yaşayıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bu gün haqqımız yoxdur ki, biz o torpaqlara gəlməyək. Çünki burada bizim şəhidlərimizin qanı axıb. Biz bu torpaqlarda yaşamalıyıq ki, onların ruhu şad olsun”.
Ləfxanım Mahmudova şəraitindən və işindən də danışıb:
“Xocalıda 1 nömrəli bağçada işləyirəm. Sağ olsunlar məni işlə də təmin ediblər. Hər cür şərait yaradıblar. Evimizi də çox gözəl təmir ediblər. Qaz, işıq, su daimidir. Xocalını ermənilər tanınmaz hala qoymuşdular. Torpaqlar alınandan sonra da jurnalistlərin dəstəyi ilə bura gəlmişdim. Hər tərəf viran idi. Daş-daş üstə deyildi. Allaha şükürlər olsun ki, Xocalı bu gün günü-gündən daha da gözəlləşir, çiçəklənir. Xocalı indi daha gözəldir. İnşallah ki, balalarımla burada xoşbəxt günlər yaşayaram”.
Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib. Ləfxanım Milli Qəhrəman Çingiz Mustafayevlə baş tutan məşhur dialoqu ilə də tanınır.