"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə tapşırıqları yerinə yetiriblər.
 




Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, plana əsasən, hərbi texnikanın və şəxsi heyətin sürətlə keçməsini təmin etmək məqsədilə yarğanlar və xəndəklər üzərindən panton körpülərin qurulması, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, həmçinin digər mühəndis tapşırıqları icra edilib.
 
Qarşıya qoyulan tapşırıqların icrası zamanı təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.
 

Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
 
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.