Bir çox insan yorğunluq hiss etdikdə qəhvəyə üz tutur. Lakin kofein bədənə əlavə enerji vermir — onun əsas təsiri beyində yorğunluq siqnallarını müvəqqəti olaraq bloklamaqdır.
Moderator.az “Scienceblog.com” nəşrinə istinadla xəbər verir ki, kofein beyində yorğunluq hissinin yaranmasında mühüm rol oynayan adenozinin təsirini zəiflədir. İnsan oyaq qaldıqca adenozinin səviyyəsi artır və beyinə istirahətə ehtiyac olduğu barədə siqnal göndərir. Kofein isə həmin reseptorlara bağlanaraq bu siqnalın qəbulunu müvəqqəti əngəlləyir.
Nəticədə insan daha ayıq və enerjili hiss edir, amma əslində yığılan yorğunluq aradan qalxmır. Kofeinin təsiri bitdikdən sonra yorğunluq daha güclü hiss oluna bilər.
2010-cu ildə 379 nəfərin iştirakı ilə aparılan araşdırmada kofeinin təsirinin müntəzəm istehlakdan asılı olduğu müəyyənləşdirilib. Daim kofein qəbul edən insanlarda onun əsas təsiri əlavə enerji yaratmaqdan daha çox, kofein qəbul edilmədikdə yaranan yuxululuq və baş ağrısı kimi əlamətləri aradan qaldırmaq olub.
Uzun müddət yüksək miqdarda kofein qəbul etdikdə isə beyin buna uyğunlaşa bilər. Məsələn, adenozin reseptorlarının sayı arta bilər. Bu səbəbdən kofeinin təsiri keçdikdən sonra yorğunluq daha qabarıq hiss edilə bilər.
Günortadan sonra qəhvə niyə yuxunu poza bilər?
Kofein orqanizmdən tez xaric olunmur. Onun orta yarımparçalanma müddəti təxminən 5 saatdır. Yəni qəhvə içdikdən beş saat sonra belə qəbul edilən kofeinin təxminən yarısı orqanizmdə qala bilər.
Araşdırmalardan birində 12 sağlam insan üzərində aparılan sınaq zamanı 400 mq kofeinin yatmazdan 6, 3 saat əvvəl və hətta yuxuya getməzdən dərhal əvvəl qəbulunun yuxunu əhəmiyyətli dərəcədə pozduğu müəyyən edilib.
Bu səbəbdən qəhvə qısa müddətə ayıqlıq hissi yaratsa da, xüsusilə günün ikinci yarısında qəbul edildikdə gecə yuxusunun keyfiyyətinə mənfi təsir göstərə bilər.