Bir hərbçi xanımının xatirələri....
 




“Hərbçi ailəsi ətrafda yaşayanlara, qonum-qonşuya, məhəlləyə, ümumiyyətlə, ictimaiyyətə nümunə olmalıdır. Bunu  övladlara da başa salmaq ilk növbədə ananın borcudur…”
 
Milli Ordu quruculuğunda, həmçinin  I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında danılmaz xidmətləri olan müdafiə nazirinin sabiq müavini, rəhmətlik polkovnik Mehman Səlimovun ömür-gün yoldaşı Nərminə xanım Səlimovanın öz əli ilə qələmə aldığı hərbçi ailəsinin rastlaşdığı kəşməkeşləri təsvir edən ibrətamiz həyat hekayətlərinin ən maraqlı məqamlarını dəyərli Moderator.az oxucularının diqqətinə çatdırmaqda davam edirik:
...Mehmanın ordu xidmətinin Gəncədən Bakıya dəyişilmək məsələsi olduğuna görə böyük qızımızı Şəkidə bacımın yanında məktəbə qoyduq ki, 1-ci sinfi bütövlükdə bir məktəbdə oxusun. Rus dilini yaxşı bilirdi, azərbaycancası zəif idi, buna baxmayaraq Azərbaycan sektoruna qoyduq...

(Əvvəli burada:)
 
...1990-cı ilin payızında Bakıya köçdük. Bir müddət Sədaqət bacımgildə qaldıq, sonra “Ximqorodok”(Kimya şəhərciyi) adlanan ərazidə(indiki Həsən Əliyev küçəsi–8 Noyabr metrosu tərəfi) bizə ev verdilər. Təmirsiz, beton bina mənzili idi. Külək otaqların içində vıyıldayırdı... 
 
Təbii ki, evin bütün işləri mənim boynuma düşürdü: səhər tezdən əlləşirdik ki, axşama hər şey yerli-yerində olsun..... Axşam yoldaşım evə gələndə səliqəli süfrə, ev yeməyi görürdü...
 
Bir dəfə divarın betonu bərk olduğuna görə uşaqların otağında pərdə asmaq üçün asılqanın mismarını yerinə çala bilmədim, çəkici 3 dəfə əlimə vurub barmaqlarımı əzdim... Aşağı çökərək ağladım: həm ağrıdan, həm də acizliyimdən...
 
Bir müddət sonra  “Salyanski kazarma” deyilən indiki Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, ünvanındakı “Qızıl Şərq” hərbi şəhərciyində bizə 3 otaqlı ev verdilər - ora köçdük… 
 
Fərhad 1 yaş 8 aylıq idi, uşaq bağçasına verdik. Müəlliməni ağlamaq tutdu: "Uşaqlar 2 yaşlıdır, mən ona çəngəllə yeməyi necə öyrədəcəyəm?" Amma az sonra dedi ki, çəngəl və bıçağı o uşaqlardan daha yaxşı işlədir… 
 
Uşaq bağçası 1-ci mərtəbədə idi. Fərhad 2 yaşında artıq əsgər marşlarını, himni əzbər bilirdi. Bağçaya gedəndə əlini arxasına qoyub marş oxuya-oxuya gedirdi...
 
…Bu minvalla Bakı həyatımız davam edirdi . Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evinə işə düzəldim. Doğum evinin baş həkimi Tahirə xanım Əliyarzadə məni çox hörmətlə işə qəbul etdi. O, yaddaşımda çox mədəni, savadlı, ziyalı bir həkim olaraq qalıb…
 
Uşaqların elə vaxtları idi ki, onlarla məşğul olmaq, mədəni yerlərə, muzeylərə, gəzməyə aparmaq lazım idi. Çətinliklərə rəğmən hamısına vaxt və imkan tapırdım. Uşaqlar da mənə kömək edirdilər, - baxmayaraq balaca idilər, -"gəzməyə gedirik" deyəndə tez evi yığışdırmaqda bacardıqları dəstəyi verirdilər… 
 
Hərbçi ailəsi ətrafda yaşayanlara, qonum-qonşuya, məhəlləyə, ümumiyyətlə, ictimaiyyətə nümunə olmalıdır. Bunu  övladlara da başa salmaq ilk növbədə ananın borcudur… 
 
Hərbçi xanımı həm maddi, həm mənəvi cəhətdən ən çətin durumlarda belə,  özünü idarə etməyi bacarmalıdır. Vətənin, dövlətin keşiyində duran zabitin həyat yoldaşı ona sadiq olmalıdır, onda Vətən basılmaz…
 
…Mehman müəllim o vaxt Bakıda elə yaşadığımız “Salyanski”də yerləşən sovet diviziyasında ictimai-siyasi işlər üzrə müavin kimi işləyirdi... 
 
1990-cı il sentyabr-oktyabr ayında olan Azərbaycan SSR Ali Sovetinin 12-ci çağırış seçkilərində namizədliyini irəli sürmüşdü. Səhv eləmirəmsə, “qalib” namizəddən cəmi 35 səsin az olması səbəbi ilə seçilmədi. Onu namizədliyini geri götürməyə məcbur etmək istəyənlər elə də xəbərdarlıq etmişdilər ki, namizədliyini geri götür, götürməsən, bizim adamımız səndən vur-tut 35 səs  çox toplayıb deputat “seçiləcək”… Elə də oldu...
 
Belə haqsızlıqlara rəğmən Mehman Səlimov 1991-ci il 8 dekabrda rəsmən rus ordusunda xidmətdə olmasına baxmayaraq, ilk kövrək addımlarını atan Milli Ordumuzunun ideoloji bünövrəsini qoymaq məqsədilə məzuniyyət götürüb artıq müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Ali Sovetində digər iki mütəxəssisə məsləhətlər verərək  Azərbaycan əsgərinin ilk hərbi andı və hərbi idarəçiliyin, intizamın və şəxsi heyətlə işin təşkili üçün hüquqi-metodik nizamnamə sənədlərinin hazırlanmasında bilavasitə iştirak etmiş və özü şəxsən parlamentin iclasında çıxış edərək ilk Hərbi Andı və Silahlı Qüvvələrin Nizamnaməsini təsdiqlətmişdir… 

Bunları təşkil edib Rusiya ordusundakı müvəqqəti işinə qayıdanda komandanlıq onu hərbi tribunala verməyə cəhd göstərmişi. Ali Sovetin rəhmətlik sədri Elmira Qafarova və referenti Cahangir Nəcəfov diviziyaya gəlib komandirlə görüşərək Mehman Səlimovu həmin haqsız cəzadan xilas etmişlər…  
 
Az sonra yoldaşım Rusiya ordusundan istefa verdi və Azərbaycan Ordusunda xidmətə başladı. 
 
Mehman bir zabit kimi Qarabağ döyüşlərində fəal iştirak edərək müxtəlif istiqamətlərdə torpaqlarımızın müdafiəsi və azad olunması üçün əlindən gələni etdi… 
 
Hər hadisə olanda, elə bil, İlahi Qüvvə mənə xəbərdarlıq edirdi… 
 
Bir dəfə Mehman qar uçqununa düşüb, ancaq xoşbəxtlikdən təsadüf nəticəsində xilas olmuşdu… 2 gün sonra evə gələndə soruşdum ki, hadisə, yəqin,  axşam saat 6-7 arası olub. Başı ilə  təsdiqlədi. Bunu eşidən uşaqlardan hansısa dedi ki: "Ana, yadında həmin vaxt evdən hansısa dilənçiyə nəzir verdik…" 
Danışırdı ki, qar uçquna altından böyük çətinliklə qurtulduqdan sonra bu dəfə düşmən çıxdığım yerə  güllə yağdırmağa başladı… Belə hadisələr çox olmuş, dəfələrlə ölümdən qurtarmışdı…
 
Bircə onu bilirəm ki, o, dövlətə, millətə sədaqətli və şərəfli bir döyüş yolu keçdi… 
 
1993-cü ildə Prezident Heydər Əliyevin xeyir-dua verib cəbhəyə - Füzuli-Kəlbəcər istiqamətinə yola saldığı 172-ci briqadada komandirin ictimai-siyasi məsələlər üzrə müavini kimi döyüşmüşdü… 
 
Sonra ən çətin vaxtlarda keçmiş Xanlar (indi Göygöl) rayonunun hərbi komendantı oldu. Mehman  komendant olanda biz hər şeydən ehtiyat edirdik…
 
…172-ci briqadanın 1 illiyini hərc-mərclik vaxtı olmasına baxmayaraq Gəncədə keçirməyi qərara almışdı. Biz də xahiş elədik ki, iştirak edək. Əvvəl istəmədi, sonra dedi: "Sürücü Vahid dayı ilə gəlin." Gecə yatmadıq, səhərə kimi uşaqlara "Hoydu dəlilərim, hoydu" şeirini əzbərlətdim. Mehmana dedim ki, uşaqlar şeir demək istəyir, dedi: "Olmaz." Risk elədim, Abdulla Qurbaniyə dedim, o da uşaqların çıxışına bir araya salacağında söz verdi… 
 
Qızlar məktəbli formasında səhnəyə çıxanda (Fərhad məktəbə getmirdi, 5 yaşı vardı) gördüm Mehman narahatdır. Əsgərlər arasında xoş bir canlanma oldu. Vətənin kiçik övladlarının onlara arxalandığını, onları sevdiyini, onlarla fəxr etdiklərinin nümayişi gurultulu alqışlarla qarşılandı. Hiss etdim ki, əvvəlcə etiraz etməsinə baxmayaraq Mehmanın özünə də xoş oldu ki, balaları da onunla bir həyəcan keçirir, qalib ordunun övladları olmaq istəyirlər… 

Soyuq səngərdə, Murovun şaxtasında əsgərlər, zabitlər üçün bundan gözəl hədiyyə ola bilməzdi. Bəli, onlar hiss etməlidirlər ki, zabitlərin ailəsi onlarla fəxr edir, onlarla nəfəs alır…
 
Bu günlərdə şəhidlərinin Anım Gününü qeyd etdiyimiz 44 günlük savaş da sübut etdi ki, biz, yəni analar, övladlar, bacılar, qızlar- arxa cəbhə,  bütövlükdə xalq ordunun yanında olduqda əsgərlərimiz, zabitlərimiz özlərini məğlubedilməz hiss edirlər…
 
(Davamı var)
 
Müəllif: Nərminə Səlimova
 
Təqdim etdi:
Sultan Laçın