100 yaşlı Natali Qreqer uzunömürlülüyünün konkret sirrini bilmədiyini desə də, onilliklərdir qoruduğu qidalanma və həyat tərzi vərdişlərini bölüşüb.


Moderator.az "American Today" nəşrinə istinadla xəbər verir ki, Nyu-Yorkda anadan olan Qreqer tezliklə 101 yaşını qeyd edəcək.






Onun gündəlik menyusunda qaragilə, yumurta, bekon, avokado, alma və tünd şokolad kimi məhsullar yer alır. Qreqer xüsusilə qaragiləni çox sevdiyini və demək olar ki, hər gün yediyini bildirib.


100 yaşlı qadın ciddi pəhriz saxlamadığını və əsasən istədiyi qidaları qəbul etdiyini deyir. Səhər yeməyində isə çox vaxt iki qızardılmış yumurta, bekon(duzlanmış və ya hisə verilmiş, nazik ət və piy təbəqələri olan donuz əti) və ingilis maffini yeyir.


Mütəxəssislər bildirirlər ki, qaragilə antioksidantlarla zəngindir və ürək-damar sistemi, beyin fəaliyyəti və maddələr mübadiləsi üçün faydalı ola bilər. Alma və avokado da ürək sağlamlığının qorunmasına kömək edən qidalar sırasında göstərilir. Tünd şokolad isə yüksək kakao tərkibinə görə faydalı birləşmələr ehtiva edə bilər.


Bununla belə, Qreqerin sevdiyi bekon kimi emal olunmuş ət məhsullarının tez-tez istehlakı həkimlər tərəfindən tövsiyə edilmir.


Qreqer uzun illər rəqslə məşğul olub və həyat yoldaşı ilə mütəmadi rəqs etdiyini bildirib. Hazırda isə yaşı ilə əlaqədar olaraq daha çox oturaq vəziyyətdə musiqi ilə hərəkət edir.


O, həmçinin uzun illər toxuculuqla məşğul olub, hazırda isə iPad-də oyun oynayır və dostları ilə kart oyunlarına üstünlük verir.


Qreqer uzunömürlülükdə psixoloji vəziyyətin də mühüm rol oynadığına inanır. O, problemlərə həddindən artıq köklənmədiyini, gülməyi və zarafat etməyi sevdiyini bildirib.


“Mən optimistəm. Düşünürəm ki, hər şey yaxşı olacaq”, – deyə 100 yaşlı qadın qeyd edib.


Alimlərin araşdırmalarında da nikbinlik, fiziki aktivlik, sosial əlaqələr və stressin düzgün idarə olunması daha uzun ömürlə əlaqələndirilir. Bununla yanaşı, mütəxəssislər uzunömürlülüyün təkcə qidalanmadan deyil, genetika, həyat tərzi və ümumi sağlamlıq vəziyyətindən də asılı olduğunu vurğulayırlar.