“Onu 1990-cı illərdə tanıyırdım və dostluq edirdik... Əvəz o illərdə də fərqli idi. Fikirləri inqilabi, özü olduqca alovlu idi...”




 
“Onun arzuları onunla ölmədi. Çünki insan bəzən özündən sonra yalnız yazdığı yazıları, söylədiyi sözləri və gördüyü işləri deyil, inandığı dəyərləri də başqalarına miras olaraq qoyub gedir...”
 
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı professor Əli Əskərli tanınmış jurnalist Əvəz Zeynallının uzun sürən ağır xəstəlikdən sonra Haqq dünyasına qovuşmasına həsr etdiyi xatirə-yazısını Moderator.az-a təqdim edib. Yazını olduğu kimi, dəyərli oxucuların diqqətinə çatdırırıq:
 
“Dünən Əvəz Zeynallı vəfat etdi. Onunla birlikdə azad sözün də bir parçası vəfat etdi. Ədalətin bir parçası, cəsarətin bir parçası, azad mətbuatın və azad fikrin bir parçası, hətta azad dünyanın bir parçası dünən bu dünyadan getdi...
 
Əvəzi 1990-cı illərdə tanıyırdım və dostluq edirdik. O zamanlar ikimiz də gənc idik, tələbəlik illərimizi yaşayırdıq. Qarşımızda uzun bir yol vardı və gələcəyə böyük ümidlərlə baxırdıq. Əvəz o illərdə də fərqli idi. Fikirləri inqilabi, özü olduqca alovlu idi. İçində bitib-tükənməyən bir enerji vardı. Öz amalı uğrunda yorulmadan çalışırdı. Tələbəliyi boyunca üç tələbə təşkilatı qurdu, professional bir jurnal çıxardı, demək olar ki, dövrün bütün əsas siyasi liderlərilə görüşüb fikir mübadiləsi apardı və bütün bunlarla yanaşı, hüquq fakültəsində uğurla təhsil aldı...
 
Əvəz fikir və söz insanı idi. İnandığı məsələlər haqqında saatlarla danışa bilərdi. Ən inadkar insanları da inandırmaq gücü var idi. Onun üçün söz sadəcə söz deyildi; söz bir mövqe idi, bir mübarizə vasitəsi idi, insanın öz vicdanına və cəmiyyətə qarşı məsuliyyəti idi...
 
Əvəz Azərbaycanın hər sahədə və hər təbəqədə problemlərinə vaqif idi. Onun hər problemə dair bir planı var idi. Əvəzin arzuları böyük idi. O, hər kəs üçün yaxşı bir həyat arzulayırdı. Onun xəyalında yer üzünün ən firavan, ən azad, ən abad və ən xoşbəxt ölkələrindən biri olan Azərbaycanı qurmaq vardı. O, azadlığın, ədalətin və ləyaqətin hakim olduğu bir Azərbaycan görmək istəyirdi və bir gün belə bir Azərbaycan görəcəyinə ürəkdən inanırdı. Bəlkə də məhz buna görə onun duruşu hər zaman dik, ovqatı nikbin olurdu. Onun fikirləri bəzən çox sərt, emosional və kəskin görünə bilərdi. Amma onun sözlərinin arxasında həmişə bir inam vardı...
 
Əvəz ədalət və həqiqət adamı idi. O, həqiqəti deməkdən heç zaman çəkinmədi, ədalət hissini isə əsla itirmədi. O, mübariz bir inqilabçı idi – hər zaman müsbət yöndə dəyişiklik istəyirdi. Əvəzi Əvəz edən əsas xüsusiyyətlərdən biri də məhz bu idi...
 
İllər və yollar bizi 1990-cı illərin sonlarında ayırdı. Həyat bizi müxtəlif istiqamətlərə apardı. Mən akademik fəaliyyətlə məşğul olmaq üçün uzaqlara getdim, Əvəz isə öz yurdunda, öz yolunda, öz mübarizəsində davam etdi. Amma 1990-cı illərdə tanıdığım o alovlu, enerjili, inandığı məsələlər uğrunda geri çəkilməyən Əvəz həmişə elə o cür qaldı. O hətta türmədə belə, dəyişmədi – çünki inandığı ideallardan dönmədi, inandığı dəyərlərə əsla xəyanət etmədi...
 
Onunla bağlı 13 il əvvəl yazdığım açıq məktubu bu gün yenidən oxudum. O məktubu yazarkən düşünməmişdim ki, bir gün Əvəzin ölümündən sonra onun haqqında yenidən yazacağam. İnsan gənclik illərində ölümü uzaq və yad bir hadisə kimi qəbul edir. Dostlarımızın, həmyaşıdlarımızın, birlikdə böyüdüyümüz insanların bir gün aramızdan gedəcəyini təsəvvür etmək çətin olur. İndi isə bu reallıqla barışan qırıq bir ürək sahibiyik...
 
Əvəz dünən aramızdan getdi. Ən ağır olan isə budur ki, o, xəyal etdiyi Azərbaycanı görmədən getdi. Arzuladığı qədər azad, ədalətli, firavan və xoşbəxt Azərbaycanı görə bilmədi. Amma onun arzuları onunla ölmədi. Çünki insan bəzən özündən sonra yalnız yazdığı yazıları, söylədiyi sözləri və gördüyü işləri deyil, inandığı dəyərləri də başqalarına miras olaraq qoyub gedir...
 
Əvəz bütün həyatı boyu inandığı dəyərlər uğrunda yaşadı və mübarizə apardı. Onun üçün azad söz sadəcə danışmaq və yazmaq azadlığı deyildi; insan ləyaqətini qorumağın, ədaləti müdafiə etməyin, həqiqəti söyləməyin bir yolu və məsuliyyəti idi. Əvəz ölümünə qədər bu dəyərlərə sadiq qaldı. Dünən onunla birlikdə azad sözün cəsarətli bir səsi susdu. Onun səsi susdu, amma söylədiyi həqiqətlər və müdafiə etdiyi dəyərlər yaşamaqda davam edir...
 
Əvəz Zeynallı Azərbaycanın şərəfli və şanlı oğullarından biri idi. Məkanı cənnət, ruhu şad olsun!..
 
Əli Əskərli, ABŞ, Şimali Karolina, Qrinsboro.