27 Sentyabr Anım Günü münasibəti ilə şəhid Kərimbəyli Elçin Əlioğlunun xatirəsi yad edilib.
Moderator.az xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri qəhrəman şəhidimiz Kərimbəyli Elçin Əlioğlunun məzarını ziyarət edərək onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Mərasimdə şəhidin yaxınları onun keçdiyi şərəfli həyat yolundan danışıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub.
O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən İltifaq Haciyev adina "Tərəqqi" Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil alıb.
1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirmiş, hər zaman əsgər yoldaşları arasında fərqlənmişdir. Xidmətində fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilib.
20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın xatirəsi daim qəlbimizdə yaşayacaq, onun göstərdiyi şücaət və fədakarlıq heç vaxt unudulmayacaq. Bütün şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!