“Öncə təhsilimizi imana gətirək, sonra hicabdan danışmaq olar...”- Tural Turan
29 Sep 2026, 16:26 27 baxış 3 dəq oxuma
“Hələ əvvəlcə təhsilimizin cinsini müəyyən etmək lazımdır, sünnət edəcəyimizə və ya başına çarşab (hicab) bağlayacağımıza sonra da qərar verə bilərik...”
Moderator.az aktullığını nəzərə alaraq tanınmış şair-publislist və jurnalist Tural Turanın “Başımız hicaba qədər işləyir...” başlıqlı tənqidi publisistik yazısını dəyərli oxucuların diqqətinə çatdırır:
Başımız hicaba qədər işləyir...
Bismilləhirrəhmanirrəhim!
İndi yazacağam ki, başımız hicaba qədər işləyir, məni topa qoyub atmaq istəyəcəksiniz. A kişi, hicab məsələsinə qədər danışılması vacib, müzakirəsi fərz olan o qədər köklü problemlər və onların qol-budaqlı nüansları var ki...
Niyə demirsiniz, Azərbaycan təhsili ağlar günə qalıb, təhsilimizdəki ayaq tutub yeriyən rüşvətdən niyə danışmırsınız?..
Bəlkə də dünyada yeganə millətik ki, oxumamaq üçün pul veririk, qiymət yazdırırıq. Öncə bu məsələləri həll etmək lazımdır.
Rüşvətin at oynatdığı təhsilə, yeniyetmə oğlanların belində bıçaq gəldiyi siniflərə sizin qızlarınız (sizin övladınız mənim övladım) hicabla getsə, fövqəladə nə baş verəcək, onu başa düşməkdə çətinlik çəkirəm...
Ayağı yorğanından uzun "hütdülüm" təhsil sistemini düzəltmək üçün yol hicabdan yox, öncə vicdandan keçir. Bir sözlə, ilk olaraq təhsilimizi imana gətirməliyik, neqativ halların başını bağladıqdan sonra hicabdan, yaşmaqdan danışmaq olar. .
Təhsil sistemindəki "islahatlar" sizi aldatmasın. Bu vaxta qədər görülən işlərin boyasını, ənlik-kirşanını silsək, yerdə bədheybət "islahahat" görüntüsü qalacaq. Yəni, bu vaxta qədər görülən işlər görüntüdən başqa bir şey deyil…
Uşaqların çalışma kitabına baxanda, dərslikdə verilmiş məsələ və misallar mini-ətəkli qız təsiri bağışlayır, bunlardan danışıb, çalışmaların "ətəyini uzadıb" abıra salmaqdan bəhs etmək lazımdır - deyə düşünürəm.
Əzizlərim, təhsilimizə kirvəlik edib onun lazımsız yerlərini sünnət etmək haqqında danışmaq, müzakirə aparmaq indiki zaman kəsiyində ən xeyirlisidir.
Yeri gəlmişkən, hələ bir öncə təhsilimizin cinsini müəyyən etmək lazımdır, sünnət edəcəyimizə və ya başına çarşab (hicab) bağlayacağımıza sonra da qərar verə bilərik.
Təhiyyəkən lə kum, və rəhmətullahi bərəkatuh!
P.S: Əgər mənim bu məsələ ilə bağlı mövqeyimi soruşmaq ağlınıza gələrsə; deməyə də utanıram, mənimki fin təhsil modelidir…