“Teatr Xadimləri İttifaqında aktyor labaratoriyasının rəhbəriyəm. Gənc aktyorlarla birgə tamaşa hazırlayıram. Sözün düzü məcburiyyətdən orada işləyirəm. Çünki başqa yerlərə məni işə götürmürlər. 5-6 il bundan əvvəl bütün teatrlara müraciət etdim. Bundan əlavə Mədəniyyət və İncəsənət Universitetinə də müraciət etmişdim. Yeganə rejissor-aktyor sənəti ixtisaslı, əlimdə diplomum olan müəlliməm. Məni universitetə də dəvət etmədilər. Universitetdə dərs deyənlərin əksəriyyəti aktyorlardır. Orta məktəbdə dərs deyən müəllimlər Pedaqoji Universiteti bitirən məzunlardır. Amma universiteti bitirən riyaziyyatçı gəlib orta məktəbdə dərs deyə bilməz ki.. Onu ancaq pedaqoq deməlidir də. Pedaqoq-riyaziyaytçı, pedaqoq ədəbiyyat müəllimi və s. Bizdə özlərinə uyğun adamları-aktyorları işə götürürlər, mən isə ixtisaslı, əlimdə diplom olan müəllim kimi kənarda qalmışam. Mən istedadı göstərmirəm, vermirəm, tələbənin istedadını üzə çıxarıram. Onun məndə metodu var. Məndən ya qorxurlar, ya da bilmirəm başqa səbəbə işə götürmürlər”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor, “Babək” filminin Buğdayı Məhəmməd Verdizadə deyib.
O daha sonra əlavə edib:
“Mədəniyyət və İncəsənət Universitetində 1981-1991-ci illərdə dərs demişəm. Mənim tələbələrimin əksəriyyəti Xalq və Əməkdar artistlərdir. Universitetə nədənsə mənim orada işləməyim sərf etmir. Bu yaş həddi ilə də bağlı deyildi. 2016-cı ildə ora müraciət edəndə 56-57 yaşım var idi. Hər il müraciət edirdim. Sonda Azərpaşa Nemətov bildi ki, mən kimin kursunu bitirmişəm, ittifaqda işə götürdü. Azərpaşa Nemətov məni teatra rejissor götürəcəkdi.. 2 həftə mənə vaxt verdi ki, tamaşanı qurum. Pyesi hazırladım, əcəl imkan vermədi, rəhmətə getdi və bu məsələ də olduğu kimi qaldı” deyə o bildirib.
Məhəmməd Verdizadə bildirib ki, sənətkarlardan zamanında istifadə etmək lazımdır:
“Rasim Balayev də sağlığında lazımınca filmlərdə çəkilmədi. Rasim rejissor aktyoru idi. Rejissor olmasaydı Rasim çəkilə bilmirdi. Rasim fitri istedadlı idi. Ona gərək elə bir çətin tapşırıq verəydin ki, onu yerinə yetirsin. Bizdə də o tapşırığı verən rejissor yox idi. Çünki sənəti bilən yoxdur. Ona görə Rasim çəkilmirdi, qalırdı belə” deyə o bildirib.