“Ətiqə xanımın səhhəti son dərəcə pisdir. Hər gün halbahal olur. Yataq xəstəsidir. Psixoloji vəziyyəti də pisdir. Nevrpotoloq çağırmışıq, həkim gəlib evdə ona baxacaq. Deyərdim ki, Ətiqə xanım son günlərini yaşayır”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar Ətiqə Ələkbərovanın köməkçisi bildirib.
O daha sonra əlavə edib:
“Ətiqə xanım tək deyil. Allah ona Könül xanım adlı bir qız verib. Könül xanım ona oğulluq edir. Bütün xəstəlik xərclərini ödəyir və necə lazımdırsa anasına diqqət və qayğı göstərir. Düzdü, Könül xanım xarici ölkədə yaşayır, amma hər gün demək olar ki, zəng edir, həftədə bir dəfə pul göndərir. Qızı anasının jurnalistlərlə danışmağına da qadağa qoyub. Çünki onlar zəng edib sənətdən sual verirlər, Ətiqə xanım da səhhətinə görə sənətlə məşğul ola bilmir. Başlayır qışqırmağa, özünü döyməyə. Ağrıları imkan vermir. Ətiqə xanımın Könül xanımdan başqa iki qızı da var. Amma onların anası ilə heç bir münasibəti yoxdur. O gün istədi ki, qızlarına yığsın, onlarla danışıb vidalaşsın, amma anaları ilə bir kəlmə belə danışmadılar” deyə o bildirib.
Köməkçisi bildirib ki, vaxtilə onun mahnıları ilə məşhurlaşan müğənnilər də Ətiqə xanımı bu gün yada salmırlar:
“Keçən dəfə Ruhəngiz Musəvinin nömrəsini axtarıb yığdıq, amma götürmədi. Mətanət İsgəndərli, Flora Kərimova, Nazpəri Dostəliyeva ilə danışıb vidalaşmaq istəyirdi. Onların da nömrələri bizdə yoxdur. Yəqin ki, bu yazını özləri oxuyacaq. Çox xahiş edirəm, zəng edib Ətiqə xanımın səsini eşitsinlər. Heç kim onu yada salmır. Ətiqə xanım şair kimi də, bəstəkar kimi də fəaliyyət göstərib. Amma unudulub. Düz deyirlər ki, gözdən uzaq olan könüldə də uzaq olar. Şöhrətin də bir zirvəsi var” deyə o bildirib.