ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın "kifayət qədər böyük" nüvə potensialına malik olduğunu etiraf etsə də, hər şeyin yaxşı olacağına söz verib.
 




Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu haqda Cənubi Koreyanın "Yonhap News Agency" agentliyi məlumat yayıb.
 
Ağ Ev rəhbəri  Şimali Koreya diktatoru ilə yaxşı münasibətlərindən danışıb və KXDR-in nüvə silahına sahib olduğu halda, İranın buna niyə haqqı olmadığını izah edib.
 
Süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlər Trampa konkret sual ünvanlayıblar: "Niyə Şimali Koreya nüvə silahına sahib ola bilər, amma sizin sözlərinizə görə, İran buna sahib ola bilməz?"
 
ABŞ prezidenti məsələyə belə aydınlıq gətirib: "Mən burada (Ağ Evdə) olduğum müddətdə onunla hər şey qaydasında olacaq. Bilirsiniz niyə? O, mənə hörmət edir və məndən xoşu gəlir..."
 
Donald Tramp növbəti dəfə Kim Çen Inı özünün "dostu" adlandırıb. Ağ Ev rəhbərinin fikrincə, Şimali Koreya liderinin dünyadakı digər siyasətçilər arasında "çox az adamdan xoşu gəlir" və Tramp onun həqiqətən rəğbət bəslədiyi nadir şəxslərdən biridir. ABŞ lideri bu barədə hər dəfə danışarkən tənqid olunduğunu və insanların onun bu sözlərini "dəhşətli" adlandırdığını da əlavə edib.
 
Özündən əvvəlki ABŞ prezidentlərinə də toxunan Tramp bildirib ki, keçmiş rəhbərlər onun bacardığını edə bilməyiblər. O, əminliklə vurğulayıb ki, ABŞ-ın dövlət başçısı postunu tutduğu müddətdə Şimali Koreyanın nüvə silahı məsələsində "hər şey yaxşı olacaq"...
 
S.Laçın