“İlk növbədə bu sualların cavabları vacibdir: Kim digər dövlətin ərazisinə qanunsuz hərbi müdaxilə edib? Kim mülki əhalinin və mülki obyektlərin qorunması prinsipini daha ağır şəkildə pozub?..”
 




“Vicdanlı insanın borcu mütləq “bir tərəfin əsgəri” olmaq deyil; əvvəlcə insan həyatını qorumaq və zülmə şərik olmamaqdır. Əgər xalqının, dövlətinin müdafiəsi üçün mübarizə aparırsa, bunu da mülki insanlara qarşı zorakılıq etmədən və insanlıq sərhədini keçmədən etməlidir...”
 
"Bir dövlətin liderinin və ya generalının öz ölkəsində repressiv siyasət aparması, başqa dövlətin onu düşmən hesab etməsi və ya həmin şəxsin əvvəlki hərbi əməliyyatlarda iştirak etməsi onun avtomatik olaraq öldürülə bilən hədəfə çevrilməsi demək deyil..." 
 
-FİKİR SAVAŞI...-
 
(Əvvəli burada:)
 
Vicdanlı insan hazırda planetdə gedən müharibələrdə kimlərin tərəfində olmalıdır?..
 
...Tarixən bütün savaşlarda da hədəfə öncə vicdanlı, qeyrətli insanlar gəlir. Çünki Haqqın, xalqın, Vətənin, dövlətin müdafiəsinə harın, rüşvətxor, korrupsioner məxluqlar yox, namuslu-qeyrətli və əsasən yoxsul təbəqədən olan kişilər, qadınlar atılır və təbii ki, ən çox qurban gedən, şəhid olan da belə insanlar olur... 
 
Bu gün bəşəriyyət, az qala, III Cahan savaşı həddində bir neçə böyük savaşa meydan olub.  Bəs vicdanlı insan hazırda planetdə gedən müharibələrdə kimlərin tərəfində olmalıdır?..
 
Hansısa savaşa münasibətdə bu suala cavab verərkən əvvəlcə iki məsələni ayırmaq lazımdır: müharibəni kim başlayıb və müharibə necə aparılır? Burada söhbət hansı dövlətin demokratik, hansının avtoritar olmasından getmir. Əsas meyar beynəlxalq hüquq və insan həyatıdır...
 
İlk sual budur: kim digər dövlətin ərazisinə qanunsuz hərbi müdaxilə edib? İkinci sual isə: kim mülki əhalinin və mülki obyektlərin qorunması prinsipini daha ağır şəkildə pozub?..
 
Rusiya–Ukrayna savaşı...
 
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə etdi. BMT Baş Assambleyası həmin hərəkəti “Ukraynaya qarşı təcavüz” kimi qiymətləndirərək Rusiyanın qoşunlarını çıxarmasını tələb etdi. Qətnamə 141 səslə qəbul edilmişdi.
 
Mülki əhali məsələsində də konkret faktlar var. BMT-nin İnsan Hüquqları Monitorinq Missiyası 2023-cü ilin noyabrında artıq Rusiya ordusu tərəfindən 10 mindən çox ukraynalı mülki şəxsin öldürüldüyünü, 18 500-dən çox insanın yaralandığını təsdiqləmişdi. BMT vurğulayırdı ki, real rəqəm daha yüksək ola bilər...
 
2025-ci ildə də Rusiya zərbələri nəticəsində Ukraynada ən azı 2 514 mülki şəxs öldürülüb, 12 142 nəfər yaralanıb. BMT xüsusilə yaşayış məntəqələrinə uzaqmənzilli raket və dron hücumlarını qeyd edir...
 
Bu, Ukraynanın bütün hərbi əməliyyatlarının avtomatik qanuni olması demək deyil. Son iki ildə bu ölkə ordusunun Rusiya daxilindəki mülki obyektlərə müxtəlif vasitələrlə zərbələri olub və az sayda olsa da insan ölüb və ya yaralanıb... Lakin müharibənin başlanması və mülki əhalinin məruz qaldığı itkilərin miqyası baxımından əsas məsuliyyət məsələsi aydındır. Və burada vucdanlı insan Rusiyanı, Putin rejimini ittiham etməkdə tamamilə haqlıdır...
 
İsrail–Fələstin münaqişəsi... 
 
Burada da tarix faktlarla ifadə edilməlidir. İsrail 1948-ci ildə yaradılıb; Qərb Sahili və Şərqi Qüdsün işğalı isə 1967-ci il müharibəsindən sonra başlayıb. Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü ildə İsrailin işğal olunmuş Fələstin ərazilərindəki siyasət və məskunlaşma fəaliyyətlərinin beynəlxalq hüququ pozduğunu bildirdi. Lakin bu fakt HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu və mülki şəxsləri öldürüb girov götürməsini legitimləşdirmir. Eyni prinsip İsrailə də tətbiq olunmalıdır. Qəzzada müharibə nəticəsində ölənlərin sayı on minlərlədir. BMT-nin “OCHA” məlumatına görə, 2025-ci ilin dekabrında Qəzzanın Səhiyyə Nazirliyi 70 min 369 fələstinlinin öldüyünü bildirirdi. Bu rəqəmə 20 mindən çox uşaq və 10 mindən çox qadın daxil idi; “OCHA” rəqəmlərin nazirliyə aid olduğunu və BMT tərəfindən tam müstəqil şəkildə təsdiqlənmədiyini qeyd edir...
 
Deməli, HƏMAS-ın mülki insanlara hücumunu pisləməklə yanaşı, Qəzzada on minlərlə mülki şəxsin ölümünə gətirib çıxaran İsrail hərbi əməliyyatlarını da eyni hüquqi və mənəvi meyarla qiymətləndirmək lazımdır...
 
Lakin kimin təcavüzkar olduğunu, digər xalqın ərazisini işğal etdiyini, on minlərlə dinc insanını qətlə yetirdiyini, yaşayış məntəqələrini xaraba qoyduğunu nəzərə alıb geniş düşünəndə vicdanlı insanın öncə İsraili, onun hazırkı Netanyahu rejimini kəskin ittiham etməsi təbiidir...
 
ABŞ+İsrail - İran savaşları...
 
ABŞ+İsrail-İran ziddiyyətlərinin tarixi 1979-cu ildə İran İslam İnqilabının baş verdiyi tarixdən başlanaraq bu günədək davam edir... Artıq açıq silahlı savaşa keçmiş son qarşıdurmanın əsası isə son bir neçə il ərzində qoyuldu. 2020-ci ilin yanvarında İraqda İran generalı Qasım Sülüymaninin Trampın əmri ilə  ABŞ raketi ilə qətlə yetirməsi rəsmi Tehranın qəzəbini son həddə çatdırdı. 2024-cü il apelin 1-də İsrailin Dəməşqdə İranın diplomatik obyektinə zərbəsi endirməsindən və bir general, 7 zabitin ölməsindən 12 gün sonra isə İra İsrailə böyük raket və dron hücumu etdi.. Hücum 170-dən çox PUA, 30-dan çox qanadlı raket və 120-dən çox ballistik raketdən ibarət olub. İran bunu BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə və 1 aprel tarixli Dəməşq hücumuna cavab kimi əsaslandırdı...
 
2025-ci il iyunun 13-də isə İsrail İrana genişmiqyaslı hava zərbələri endirdi. BMT Təhlükəsizlik Şurasının iclasında bildirildi ki, zərbələr İranın hərbi və nüvə obyektləri ilə yanaşı yaşayış məhəllələrinə, evlərə, xəstəxanalara, hava limanlarına və digər obyektlərə də ziyan vurub və mülki itkilərə səbəb olub.
 
İyunun 22-də ABŞ da İranın nüvə obyektlərinə zərbələr endirdi. ABŞ bu əməliyyatı BMT Təhlükəsizlik Şurasının mandatı ilə deyil, BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ ilə əsaslandırdı. Bu isə BMT mandatı ilə eyni şey deyil...
 
Burada daha bir prinsipial məsələ var: ABŞ və İsrailin İranın nüvə silahı istehsal etməyə yönəlmiş aktiv və strukturlaşdırılmış proqramına dair ictimaiyyətə təqdim etdiyi qəti sübut yox idi. MAQATE-nin baş direktoru Rafael Qrossi 2026-cı ilin martında İranda nüvə silahı istehsalına yönəlmiş strukturlaşdırılmış proqram görmədiklərini bildirmişdi. Buna görə “İran bomba hazırlamaq üzrə idi və hücum qaçılmaz idi” tezisini təsdiqlənmiş fakt kimi təqdim etmək düzgün deyil...
 
2026-cı il fevralın 28-də isə ABŞ və İsrail İrana qarşı daha genişmiqyaslı birgə hərbi əməliyyat həyata keçirdilər. Hücum zamanı İranın ali dini lideri Əli Xamenei, İnqilab Keşikçiləri Korpusunun rəhbəri və digər yüksək vəzifəli hərbi və dövlət şəxsləri öldürüldü. ABŞ bunu İranın nüvə proqramının yenidən qurulmasının qarşısını almaq zərurəti ilə əsaslandırdı...
 
Lakin burada mühüm hüquqi-mənəvi prinsip var: bir dövlətin liderinin və ya generalının öz ölkəsində repressiv siyasət aparması, başqa dövlətin onu düşmən hesab etməsi və ya həmin şəxsin əvvəlki hərbi əməliyyatlarda iştirak etməsi onun avtomatik olaraq öldürülə bilən hədəfə çevrilməsi demək deyil. Hər bir konkret hücum beynəlxalq humanitar hüququn zərurilik, fərqləndirmə və proporsionallıq prinsipləri baxımından ayrıca qiymətləndirilməlidir...
 
Eyni meyar İranın İsrailə cavab zərbələrinə də tətbiq olunmalıdır. İranın İsrailə raket və dron hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və ya mülki obyektlərin vurulması da “cavab zərbəsi” adı ilə avtomatik qanuniləşmir...
 
2026-cı il müharibəsində isə ABŞ-ın İrandakı hərbi əməliyyatları nəticəsində mülki obyektlərin vurulması ilə bağlı daha ağır faktlar ortaya çıxıb. BMT-nin İrana dair müstəqil faktaraşdırıcı missiyası Minabdakı “Şajareh Tayyebeh” ibtidai qızlar məktəbinə ABŞ qüvvələrinin zərbəsi ilə bağlı müharibə cinayəti üçün əsasların olduğunu bildirib. Reuters-in məlumatına görə, zərbə nəticəsində 150-dən çox insan, o cümlədən təxminən 120 uşaq öldürülüb...
 
Daha sonra, sentyabrın 1-də İranın Kuhestak şəhərində toy mərasiminə zərbə endirildi. Silah ekspertlərinin təhlili zərbənin ABŞ istehsalı bomba ilə birbaşa həyata keçirilməsinin ehtimalını göstərib. Hadisədə 4 nəfər, o cümlədən 4 yaşlı uşaq ölüb, ən azı 68 nəfər yaralanıb. ABŞ rəsmiləri hadisəni araşdırdıqlarını bildiriblər.
 
Beləliklə, burada da vicdanlı mövqe “ABŞ haqlıdır” və ya “İran haqlıdır” demək deyil. Sual budur: kim müharibəni başladı, hansı hüquqi əsasla başladı, hansı hədəfləri vurdu və bu hücumlarda mülki əhali nə qədər zərər gördü?..
 
Bu meyar Rusiyaya, İsrailə, ABŞ-a, İrana və HƏMAS-a eyni qaydada tətbiq edilməlidir. Əgər prinsip yalnız rəqib dövlətə qarşı tətbiq edilirsə, bu artıq vicdan deyil, siyasi tərəfkeşlikdir...
 
Bəs vicdanlı insan kimin tərəfində olmalıdır?..
 
Sırf mənəvi-hüquqi baxımdan yanaşdıqda vicdanlı insan hazırda aralarında savaşlar aparan Rusiyanın, İsrailin, ABŞ-ın, İranın və ya HƏMAS-ın avtomatik tərəfində olmamalıdır. O, konkret hadisədə təcavüzə, işğala, mülki əhalinin qəsdən və ya ayrı-seçkisiz öldürülməsinə, girov götürülməsinə və kollektiv cəzalandırmaya qarşı olmalıdır.
 
Bu mövqe heç bir ziddiyyət yaratmır: Ukraynanın Rusiya tərəfindən işğalına qarşı çıxmaq, eyni zamanda Ukrayna tərəfindən törədilən mümkün pozuntuları pisləməyə mane olmur. HƏMAS-ın İsrail mülki əhalisinə hücumunu pisləməklə Qəzzadakı uşaqların ölümünə etiraz etmək də ziddiyyət deyil. İranın İsrailə raket hücumunu pisləməklə ABŞ-ın İrandakı mülki obyektə zərbəsini də pisləmək eyni prinsipin nəticəsidir...
 
Əsl vicdanlı mövqe dövlətin deyil, insanın tərəfində olmaqdır. Meyar isə sadədir: kim təcavüz edir, kim mülki əhalini hədəfə alır və kim beynəlxalq hüququ pozursa, həmin hərəkətə qarşı çıxmaq...
 
Lakin sözügedən savaşlara  geniş mənada yanaşdıqda, hansı tərəfin təcavüz etdiyini, kimin ərazisinin işğal olunduğunu, vətəndaşlarının didərgin düşdüyünü, hansı tərəfin dəfələrlə çox yaşayış binası, mülki obyekt bombaladığını və dinc insan qətlə yetirdiyini nəzərə aldıqda, əlbəttə ki, insanın vicdanı daha çox Rusiyanı, İsrail və ABŞ-ı ittiham etməyə yönəlir...
 
Təcavüzə, qətliama, soyqırımına məruz qalan ölkədəki insanların vicdanlı mövqeyi necə olmalıdır?..
 
Bəs təcavüz edilən, qətliama, soyqırımına məruz qalan tərəfdə, yəni ölkədə yaşayan vicdanlı insan nə etməlidir? Həyatını qorumaq üçün qatil vicdansızların tərəfinə keçib öz xalqına, dövlətinə qarşı vuruşmalıdır? Yoxsa sadəcə mümkün qədər ailəsini, özünü, yaxınlarını təhlükələrdən qorumağa çalışmalıdır? Gerisi Allahın təqdiri?..
 
Təcavüzə və kütləvi zorakılığa məruz qalan insan üçün məsələni “ya öz dövlətinin hər bir hərəkətini dəstəklə, ya da düşmənin tərəfinə keç” kimi qoymaq düzgün deyil. Əlbəttə, gənc, hərbi xidmət keçmiş, xüsusən də kişi cinsindən olan insanların konstitusyin borcu müdafiə ordusuna daxil olaraq əlinə silah alıb Vətənini, dövlətini müdafiə etməkdir. 
 
Ancaq buna yaşı, cəhhəti, cinsiyyəti və s. imkan verməyən vicdanlı insanın üçüncü və çox vaxt ən əsas yolu var: özünü, ailəsini və ətrafındakı insanları qorumaq, mümkün olduqda müharibədən uzaq durmaq və heç bir halda günahsız insanların öldürülməsinə şərik olmamaq...
 
Burada bir neçə prinsip bir-birindən ayrılmalıdır:
 
Özünü və ailəni qorumaq insanın ən təbii haqqıdır. Təhlükə zamanı təhlükəsiz əraziyə çəkilmək, yaxınlarını qorumaq, tibbi və humanitar yardım göstərmək, uşaqları və yaşlıları təhlükədən çıxarmaq qorxaqlıq deyil...
 
Öz xalqının müdafiəsində iştirak etmək də vicdansızlıq deyil. İnsan özünü, ailəsini və mülki əhalini müdafiə etmək üçün silahlı müqavimətə qoşula bilər. Beynəlxalq humanitar hüquq da işğal və münaqişə şəraitində mülki əhali ilə döyüşçülərin fərqləndirilməsini tələb edir.
 
Amma öz dövlətinin etdiyi hər şeyi müdafiə etmək məcburiyyəti yoxdur. Təcavüzə məruz qalan dövlətin əsgərinin belə, düşmən əsirinə işgəncə vermək, mülki şəxsi qəsdən öldürmək və ya ayrı-seçkisiz hücum etmək haqqı yoxdur...
 
Eyni şəkildə, işğalçı tərəfin sıralarına qoşulmaq sadəcə “həyatımı qoruyuram” arqumenti ilə mənəvi cəhətdən avtomatik bəraət qazanmır. Xüsusilə həmin qüvvələrin mülki əhaliyə qarşı cinayətlərində iştirak etmək ayrıca və çox ağır hüquqi və vicdani məsuliyyət yaradır...
 
İnsan öz hökumətinin siyasəti ilə öz ölkəsinin və xalqının müdafiəsini də eyniləşdirməməlidir. Dövləti tənqid etmək, amma öz xalqının təhlükəsizliyini istəmək tamamilə mümkündür...
 
Ən ağır vəziyyətlərdə isə insanın hər zaman qəhrəmanlıq etmək, silaha sarılmaq və ya öz həyatını qurban vermək kimi mənəvi borcu olduğunu söyləmək də doğru olmaz. Bir insanın “Mən ailəmi qoruyacağam, uşaqlarımı təhlükədən çıxaracağam, imkanım çatdığı qədər başqalarına kömək edəcəyəm və heç kimin günahsız qanının tökülməsində iştirak etməyəcəyəm” deməsi tamamilə vicdanlı mövqedir...
 
“Gerisi Allahın təqdiri” ifadəsi də burada müəyyən mənada insanın öz nəzarətindən kənarda qalan nəticələri qəbul etməsi kimi başa düşülə bilər. Amma təvəkkül insanın edə biləcəyi tədbirləri görməsini istisna etmir: təhlükədən uzaqlaşmaq, ailəni qorumaq, yaralıya yardım etmək, uşağı xilas etmək, zorakılığa şərik olmamaq — insanın öz məsuliyyətində olan hissədir...
 
Bəlkə də ən sadə meyar budur: vicdanlı insanın borcu mütləq “bir tərəfin əsgəri” olmaq deyil; əvvəlcə insan həyatını qorumaq və zülmə şərik olmamaqdır. Əgər xalqının, dövlətinin müdafiəsi üçün mübarizə aparırsa, bunu da mülki insanlara qarşı zorakılıq etmədən və insanlıq sərhədini keçmədən etməlidir...
 
(Davamı var)
 
Sultan Laçın