"Yəni Prezidentin “ təhsil prioritetdir”  fikrini  səmərəli reallaşdırması üçün, onun əvvəllər  dediyi “ictimai nəzarəti artırmalıyıq” fikri  rəhbər tutulmalı,  xüsusən də təhsilə dair KİV və sosial şəbəkələrdə (hətta parlamentdə də)  səslənən və yazılan ciddi problemlər təhsil menecerləri tərəfindən vaxtında və səmərəli həll edilməlidir..."
 




"Nazirlər Kabineti 8 il əvvəl  Tədqiqat Universiteti(TU) üçün meyarlar təyin etsə də, hələ də ölkədə bir dənə də olsun TU yaranmayıb..."
 
“Təhsil bir nömrəli prioritetdir” tezisini praktik idarəetmə proqramına çevirmək üçün növbəti 10 ildə  ETN  bu 10 strateji  məsələni həll etməlidir..."
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsil prioritetdir: Milli təhsilin gələcəyinə konseptual baxış...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

(Əvvəli burada: )
 
OXU-ANLAMA VƏ RİYAZİ  DÜŞÜNMƏ  MİLLİ  PRIORİTETƏ ÇEVRİLMƏLİDİR...
 
Ümumtəhsildə iki baza  səriştəsi  xüsusi diqqət tələb edir: oxu-anlama və riyazi düşünmə.  Çünki bu iki səriştə  digər fənlərin öyrənilməsi üçün də mühüm  platformadır.  Oxuya bilməyən şagird  digər fənnləri  mənimsəməkdə  də çətinlik çəkir.  Riyazi düşünmə zəifdirsə, şagird yalnız riyaziyyatda deyil, statistika, informatika, iqtisadiyyat və gündəlik qərarvermədə də çətinliklərlə üzləşə bilər.  Buna görə Elm və Təhsil Nazirliyi üçün Milli Oxu-Anlama Proqramı və Milli Riyazi Düşünmə Proqramı (Milli riyazi təhsil konsepsiyası)  kimi uzunmüddətli təşəbbüslər  əhəmiyyətlidir.  Sİ dövründə bu proqramlar daha vacibdir. Çünki, Sİ təhsilin məzmununda, təşkilində, idarəesində çox şeyi dəyişdirəcəkdir... 
 
ALİ  TƏHSİL  “DİPLOM  VERƏN”  SİSTEMDƏN  “İNSAN  KAPİTALI YARADAN”  SİSTEMƏ  KEÇMƏLİDİR...
 
“Təhsil bir nömrəli prioritetdir” tezisi ali təhsil üçün də yeni yanaşma tələb edir. Universitetin uğuru yalnız tələbə və diplom sayına görə ölçülməməlidir. Daha vacib göstəricilər  məzunların işə düzəlməsi, əməkhaqqı dinamikası, işəgötürən məmnunluğu, tədqiqat nəticələri, patentlər, startaplar, beynəlxalq layihələr, sənaye əməkdaşlığı, tələbə innovasiyaları ola bilər.  Universitetin nəticəsi “neçə məzun oldu”  yox,  “neçə vahid yüksək keyfiyyətli insan kapitalı  yarandı?”   olmalıdır.
 
 TƏDQİQAT  UNIVERSİTETLƏRİNƏ  KEÇİD  SÜRƏTLƏNDİRİLMƏLİDİR...
 
Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsində universitetlər yalnız kadr hazırlayan müəssisə olmamalıdır.  Onlar  elm + texnologiya + innovasiya + sahibkarlıq + sənaye ekosisteminə çevrilməlidir.   Bunun üçün ETN  tədqiqat universitetləri (TU)  üçün ayrıca maliyyələşmə modeli, rəqabətli tədqiqat qrantları,  doktorantura islahatı, postdoktor proqramları, sənaye ilə birgə laboratoriyalar, texnoloji transfer ofisləri, universitet startap fondları yaratmaq istiqamətində  sistemli mexanizmlər qura bilər. Bu sahədə problemlərimiz   çoxdur. Nazirlər Kabineti 8 il əvvəl  TU üçün meyarlar təyin etsə də, hələ də ölkədə bir dənə də olsun TU yaranmayıb. Bunun bir səbəbi də ETN-nin hələ də universitetlərə qrantlar verməəsidir. Ümumiyyətlə  “təhsil prioritetdir”  siyasəti tələb edir ki,  təhsil sistemi  maliyyələşmə sarıdan  problemlər yaşamasınlar.  Universitetlərimizin, PHŞ edilməsi onların  ağır maliyyə durumunu daha da  ağırlaşdırdı... 
 
ELM VƏ TƏHSİL VƏHDƏTDƏ  İDARƏ OLUNMALIDIR...
 
Nazirliyin adında “elm və təhsil” sözlərinin birlikdə olması təsadüfi deyil.  Lakin təşkilati  baxımdan elm və təhsilin bir-birini daha harmonik tamamlaması üçün yeni mexanizmlər lazımdır.  Məsələn,  universitet → tədqiqat → məktəb → innovativ pedaqogika → nəticə → yeni tədqiqat  dövrü formalaşdırılmalıdır.
 
Pedaqoji universitetlər yalnız müəllim diplomu verən müəssisələr olmamalıdır. Onlar təhsil elmləri + müəllim hazırlığı + məktəb laboratoriyası + Sİ pedaqogikası + təhsil analitikası  mərkəzlərinə çevrilə bilərlər.
 
TƏHSİL SİYASƏTİNDƏ  “PİLOT LAYİHƏ”  MƏDƏNİYYƏTİ ... 
 
Böyük sistem dəyişikliklərini birbaşa bütün ölkəyə tətbiq etmək  səhvdir.  Əvvəlcə pilot,  daha  sonra ölçmə, müqayisə, sonda isə  genişləndirmə olmalıdır.  Məsələn, yeni qiymətləndirmə sistemi əvvəlcə 50 məktəbdə sınaqdan keçirilə bilər, Sİ müəllim köməkçisi 100 məktəbdə pilot edilə bilər, yeni kurikulum müəyyən regionlarda tətbiq edilə bilər. Sonra nəticələr müqayisə olunmalı, nəticə yaxşıdırsa, miqyaslanmalıdır.  Bu, sübutəsaslı təhsil siyasəti modelidir...
 
ETN  ÖZÜ  DƏ  “ÖYRƏNƏN  TƏŞKİLAT”A   ÇEVRİLMƏLİDİR...
 
Ən mühüm  təşkilati   dəyişikliklərdən biri də məhz  budur.  Nazirlik yalnız məktəblərə və universitetlərə “nə etmək lazımdır” deyən qurum olmamalıdır (əgər bunu deyə  bilirlərsə), o, həm də daim öyrənən, məlumat toplayan, eksperiment aparan və səhvlərdən nəticə çıxaran təşkilata çevrilməlidir. Nəzərə alsaq  ki, ETN-də təhsil sahəsində ixtisas  təhsili və təcrübəsi olan menecerlər azdır, əksəriyyət təhsil ictimaiyyətinə tanış olmayan, bu sahədə nailiyyətləri ilə fərqlənməyən kadrlardır, onda bu məsələnin vacibliyi daha da artır.  
 
Bunun üçün ETN daxilində  “Təhsil  Siyasəti və Analitika Mərkəzi”,   “Təhsil  Beyin  Mərkəzi”  v.s.  tipli güclü analitik strukturların, elmi-tədqiqat qurumlarının  yaradılması xüsusi əhəmiyyət daşıyır. Hələlik isə bu rolu oynamalı olan  ARTİ  bu proseslərdə zəif iştirak edir.  
 
“Təhsil  Siyasəti və Analitika Mərkəzi”   beynəlxalq müqayisələr, təhsil statistikası, PISA və digər qiymətləndirmələr, əmək bazarı, müəllim siyasəti, maliyyə səmərəliliyi, Sİ və rəqəmsal transformasiya, ali təhsil, elm siyasəti  üzrə müstəqil analitik hesabatlar və təkliflər hazırlamalıdır.
 
İCTİMAİ  HESABATLILIQ  GÜCLƏNDİRİLMƏLİDİR...
 
“Təhsil bir nömrəli prioritetdir” deyiriksə, cəmiyyətin də  təhsil üzərində  ictimai nəzarəti artırılmalıdır.  Yəni Prezidentin “ təhsil prioritetdir”  fikrini  səmərəli reallaşdırması üçün, onun əvvəllər  dediyi “ictimai nəzarəti artırmalıyıq” fikri  rəhbər tutulmalı,  xüsusən də təhsilə dair KİV və sosial şəbəkələrdə (hətta parlamentdə də)  səslənən və yazılan ciddi problemlər təhsil menecerləri tərəfindən vaxtında və səmərəli həll edilməlidir. Bu sırada, nəhayət ki,  gec də  olsa “ETN- peşəkar təhsil ekspertləri”  dialoq və müzakirələrinin  qurulması məqsədəuyğundur. Bu dialoqda ETN daha  maraqlı olmalıdır,  əgər ETN həqiqətən  də inkişafda maraqlıdırsa... 
 
Unutmayaq ki, təhsil sistemi cəmiyyətdə ictimai  məmnunluğun yaradılması və  dialoqların aparılmasında   mühüm rol oynayır. Cəmiyyət hər dərs  ilinin sonunda ETN-dən soruşmalıdr:  Bu il nə dəyişdi? ETN isə bu sualı ətraflı cavablandırmalı, lazım olduqda diskussiyalar təçkil etməlidir.  
 
Bu məqsədlə “Azərbaycan  təhsilinin illik milli hesabatı” hazırlana bilər. Hesabatda yalnız görülən işlər yox, alınan nəticələr göstərilməlidir:
Sahə                       Göstərici
Oxu                     Şagirdlərin oxu nəticələri
Riyaziyyat           Riyazi savadlılıq
Təbiət elmləri     Elmi savadlılıq
Müəllim               Peşəkar inkişaf
Məktəb               Məktəblərarası nəticə fərqi
Ali təhsil             Məzunların əmək bazarına keçidi
Elm                     Elmi məhsuldarlıq
Rəqəmsallaşma  Sİ və rəqəmsal kompetensiyalar
Maliyyə               Bir şagirdə düşən xərclər və nəticə
Bərabərlik           Regionlararası fərqlər
 
Hesabatda mühüm olan  nə qədər pul xərcləndiyi  yox,   onun  təhsildə nəyi  dəyişdirdiyi əks edilməlidir. 
 
VALİDEYNLƏR  VƏ  CƏMİYYƏT  TƏHSİLİN  İSTEHLAKÇISI  YOX, TƏRƏFDAŞI  OLMALIDIR...
 
Təhsilin “bir nömrəli prioritet” olması yalnız dövlət strukturlarının işi kimi qəbul edilərsə, məqsədə çatmaq çətin olar.  Valideynin də rolu dəyişməlidir. Valideyn yalnız “uşaq neçə aldı” deyə yox, uşaq  nə öyrəndi,  nə bacarır,  nəyi özü həll edə bilir, kitab oxuyurmu,  Sİ-dən necə istifadə edir,  müstəqil düşünə bilirmi v.s. sualları da verməlidir.  Beləliklə, təhsil mədəniyyəti cəmiyyətin özündə  də dəyişməlidir...
 
10 STRATEJİ  VƏZİFƏ... 
 
“Təhsil bir nömrəli prioritetdir” tezisini praktik idarəetmə proqramına çevirmək üçün növbəti 10 ildə  ETN  bu 10 strateji  məsələni həll etməlidir:
• Milli öyrənmə nəticələri sistemi  yaratmaq
• Müəllim peşəsini yeni səriştə modeli əsasında yenidən qurmaq
• Məktəb rəhbərliyini peşəkar təhsil liderliyinə çevirmək
• Təhsilin  data və analitika sistemini yaratmaq
• Regionlararası keyfiyyət fərqini azaltmaq
• Sİ  və rəqəmsal transformasiya üzrə milli strategiya həyata keçirmək
• Oxu-anlama və riyazi düşünməni milli prioritetə çevirmək
• Ali təhsili insan kapitalı və innovasiya mərkəzinə çevirmək
• Elm–universitet–biznes əlaqələrini gücləndirmək
• Nəticəəsaslı, şəffaf və ictimai  hesabatlı təhsil idarəetmə sistemi qurmaq
 
 
YENİ  VƏZİFƏLƏRƏ  YENİ  “KPI”   SİSTEMİ LAZIMDIR
 
ETN-nin fəaliyyətini icra edilən tədbirlərlə yox, yeni nəticə göstəriciləri sistemi yaratmaq və bu əsasda ölçmək lazımdır. Məsələn:  2030-cu ilə  qədər hansı bacarıq və nəticələrə nail olmaq, 2035-ci ilə  qədər hansı bacarıq və nəticələrə nail olmaq v.s.  Xüsusən də  2035-ci ilə qədər  Azərbaycanın təhsil sisteminin əsas nəticələri  öyrənmə → kompetensiya → məşğulluq → innovasiya → məhsuldarlıq → sosial rifah  zəncirində ölçülə bilməlidir.
 
BİR  NÖMRƏLİ  PRİORİTETDƏN  BİR NÖMRƏLİ  NƏTİCƏYƏ...  
 
“Təhsil bir nömrəli prioritetdir” ifadəsi Azərbaycan təhsil siyasəti üçün mühüm bir strateji çərçivə yaradır.  Prioritetin əsl dəyəri onun  necə həyata keçirilməsindədir.  Əgər təhsil bir nömrəli prioritetdirsə, onun   maliyyələşməsi, müəllim siyasəti, təhsil elmləri, məktəb liderliyi, uşaqların oxu və riyazi düşünmə bacarıqları,  universitetlərin tədqiqat potensialı,  süni intellekt və rəqəmsal transformasiya,  təhsil məlumatları və analitika da prioritet olmalıdır.  Amma bütün bunlardan daha vacib bir məsələ də  var:  nəticə prioritet olmalıdır...  
 
Təhsildə əsas olan  ölkə məktəblərin sayı yox, savadlı və düşünən insanların sayı, universitetlərin sayı  yox,  yüksək səviyyəli insan kapitalı,  diplomların sayı yox, səriştəli məzunların sayı,  elmi məqalələrin sayı yox, elmi və texnoloji dəyər,  rəqəmsal cihazların sayı  yox, rəqəmsal təhsilin keyfiyyəti, Sİ istifadəçilərinin sayı  yox, Sİ ilə daha yaxşı düşünə bilən insanların sayıdır.  
 
Bu gün ETN-nin qarşısında çox böyük  təşkilati vəzifələr  dayanır.  ETN sadəcə islahatların icraçısı deyil, milli insan kapitalı sisteminin strateji memarı olmalıdır.   Bu  isə idarəetmə fəlsəfəsində dəyişikliklər tələb edir:  tədbirdən nəticəyə, hesabatdan analitikaya,  inzibati nəzarətdən peşəkar liderliyə, bərabər resurs bölgüsündən ehtiyaca əsaslanan resurs bölgüsünə,  ənənəvi təhsildən rəqəmsal və Sİ əsaslı təhsilə, məlumat ötürməkdən səriştə  yaratmağa, diplomdan insan kapitalına keçid tələb edir.  
 
“Təhsil bir nömrəli prioritetdir” tezisinin ən ciddi sınağı bundan  sonra  başlayır. Çünki bu ifadəni siyasət sənədinə yazmaq, büdcə ayırmaq, yeni məktəb tikmək,  yeni proqram qəbul etmək  mümkündür.   Bütün bunlar  10 il sonra daha yaxşı düşünən, savadlı, yaradıcı, peşəkar və  innovativ nəsil, keyfiyyətli insane kapitalı yetişdirməlidir.  
 
Azərbaycan  təhsili növbəti  mərhələdə  “fəaliyyətimiz nəticəsində şagirdin, tələbənin, müəllimin,  tədqiqatçıın real imkanları necə  dəyişdi”  olmalıdır.  Bu sual təhsil idarəsinin mərkəzinə  keçəndə  təhsil artıq ölçülə bilən milli inkişaf strategiyasına çevriləcək.
 
Bu gün təhsil siyasətinin ən mühüm “KPI”-sı belə ifadə edilə bilər: Azərbaycanın hər bir  gənci və müəllimi  növbəti 10 ildə daha çox öyrənə, düşünə, yarada və real həyatda dəyər yarada biləcəkmi?
 
Ölkənin və ETN-nin  qarşısında duran əsas məsələ daha çox təhsil tədbiri icra etmək  yox, daha yaxşı nəticə yaradan təhsil sistemi qurmaqdır.  Bu sistemin qurulmasında ETN-nin  missiyası  Azərbaycanın hər bir vətəndaşının potensialını keyfiyyətli insan kapitalına, insan kapitalını isə ölkənin elmi, texnoloji, iqtisadi və sosial inkişafına çevirmək  olmalıdır.  Əks halda, “neftimiz tükənəndən sonra ağır durum yarana bilər” (İlham Əliyev, Azərbaycan Prezidenti)
 
Müəllif: 
Dosent İlham Əhmədov