Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 2-də YAP-ın VIII Qurutayındakı çıxışında müasir ideoloji işlərin aparılmasının vacbliyinə toxunub. Dövlət başçısı qeyd edib ki, bu məsələdə əsas məsuliyyət təhsil sektorunun üzərinə düşür.


Maraqlıdır, Prezidentin məlum çıxışı təhsil müəssisələri qarşısında hansı öhdəliklər qoyur? Yaxın gələcəkdə təhsil ocaqlarında ideoloji işlə bağlı daha fundamental addımlara şahid ola biləcəyikmi?






Moderator.az-a açıqlama verən sabiq millət vəkili, təhsil eksperti Sona Əliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:


“Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər önəmli sahə kimi təqdim olundu. Bu, təhsil sistemi üçün yeni mərhələnin siqnalı olmalıdır. Çünki dövlət başçısı ideoloji təxribatlardan qorunmanın ilk vasitəsi kimi məhz təhsili göstərdi. Məncə, bu çıxış təhsil müəssisələri qarşısında bir neçə konkret öhdəlik qoyur.


Birincisi, şagirdlərdə tənqidi düşüncə formalaşdırılmalıdır. Prezident vurğuladı ki, ideoloji risklər sərhəd tanımır, xüsusilə internet, kiberhücumlar və süni intellekt dünyasında. Yəni, bu gün uşağı yalnız bilik ilə deyil, yalanı həqiqətdən ayırmaq bacarığı ilə silahlandırmaq lazımdır. Media savadlılığı isə artıq əlavə mövzu deyil, zərurətdir.


İkincisi, vətənpərvərlik tərbiyəsi şüarlardan real tarixə keçməlidir. Prezident çıxışında 1990-cı illərin acı həqiqətlərini xatırladaraq bildirdi ki, bu tarixi gənc nəsil də bilməlidir. Bu o deməkdir ki, şagird Zəfərin qiymətini anlamaq üçün ona gedən yolun bütün mərhələlərini bilməlidir.


Üçüncüsü, formal tədbirlərə son qoyulmalıdır. Dövlət başçısı açıq şəkildə dedi ki, şablonlardan və formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Deməli, məktəblərdə hesabat xatirinə keçirilən tədbirlər deyil, uşağın düşüncəsinə toxunan canlı müzakirələr, layihələr, görüşlər təşkil olunmalıdır.


Dördüncüsü, gənclərin informasiya mühiti diqqət mərkəzində olmalıdır. Prezident xaricdə yaradılan bəzi azərbaycandilli resursların məqsədinin gənclərin beyinlərini zəhərləmək olduğunu bildirdi. Yəni, məktəb bu boşluğu doldurmalı, şagirdə keyfiyyətli, maraqlı, Azərbaycan dilində alternativ məzmun təqdim etməlidir.


Düşünürəm ki,  Prezidentin "həm fiziki, həm ideoloji risklərlə bağlı ciddi tədbirlər görülür və görüləcək" fikri bunu deməyə əsas verir. Güman edirəm ki, tədris proqramlarında media savadlılığı, tarix və vətəndaşlıq təhsili istiqamətində yeniliklər olacaq. Amma burada əsas risk var. Əgər bu addımlar yenə də formal tədbirlər şəklində həyata keçirilərsə, Prezidentin özünün tənqid etdiyi şablon yanaşma təkrarlanacaq. Bu baxımdan, uğurun açarı müəllimdir. Müəllim bu prosesin icraçısı yox, canlı daşıyıcısı olmalıdır. Deməli, ideoloji işin müasirləşməsi ilk növbədə müəllimin hazırlığından başlamalıdır”.


Seymur ƏLİYEV