Bəzi ifadələr ilk baxışda tamamilə zərərsiz görünür. Lakin psixoloqların fikrincə, bu sözlər problemləri müvəqqəti gizlətsə də, zaman keçdikcə tərəfdaşlar arasında etimadı zəiflədə və münasibətləri zədələyə bilər.
Moderator.az xəbər verir ki, bu barədə “Psychology Today” jurnalına psixoloq Ceffri Bernşteyn danışıb.
Mütəxəssisin fikrincə, xüsusilə aşağıdakı ifadələr münasibətlər üçün təhlükəli ola bilər:
“Yaxşıyam.”
İnsan özünü narahat hiss etdiyi halda partnyorunu yükləməmək üçün “Yaxşıyam” deyə bilər. Lakin həqiqi hissləri davamlı olaraq gizlətmək tərəfdaşlar arasında emosional məsafənin yaranmasına səbəb olur. Vaxt keçdikcə yığılan və ifadə olunmayan hisslər daha böyük problemlərə çevrilə bilər.
“Bu, problem deyil.”
Sizi narahat edən məsələni “problem deyil” deyərək ört-basdır etmək də sağlam münasibətlər üçün faydalı deyil. İstər diqqətsizlik, istər məişət problemi, istərsə də partnyorun davranışı sizi narahat etsin, hisslərinizi ifadə etmək vacibdir. Əks halda insan öz duyğularının əhəmiyyətsiz olduğunu düşünməyə başlaya bilər.
“Sənin dəyişməyinə kömək edəcəyəm.”
Partnyoru dəyişdirməyə çalışmaq münasibətlərdə ən çox rast gəlinən səhvlərdən biridir. İnsan yalnız özü istədiyi halda dəyişə bilər. Qarşı tərəfi “düzəltmək” cəhdləri isə zamanla məyusluq, narazılıq və mübahisələrə gətirib çıxara bilər.
Bernşteynin fikrincə, partnyorun əsas xarakter xüsusiyyətlərindən narazısınızsa, onu dəyişdirməyə çalışmaq əvəzinə, həmin insanı olduğu kimi qəbul edib-etməyəcəyiniz barədə dürüst düşünmək daha doğrudur.
“Bu barədə danışmamalıyıq.”
Çətin mövzulardan qaçmaq ilk anda mübahisənin qarşısını ala bilər. Lakin problemləri müzakirə etməmək onları aradan qaldırmır. Əksinə, tərəfdaşlar arasında emosional məsafəni artırır, etimadı zəiflədir və münasibətlərin getdikcə səthiləşməsinə səbəb ola bilər.
Psixoloqların fikrincə, sağlam münasibətin əsasını dürüstlük, açıqlıq və qarşılıqlı etibar təşkil edir. Hissləri gizlətmək və problemlərdən qaçmaq əvəzinə, narahatlıqları sakit və hörmətli şəkildə müzakirə etmək tərəfdaşların bir-birini daha yaxşı anlamasına və münasibətlərini qorumasına kömək edə bilər.