Əhalinin sosial müdafiəsi və tibbi təminatı sahəsində yeniliklər gözlənilir. Gələn ildən vətəndaşlar üçün daha bir sıra imkanların yaradılması planlaşdırılır.
Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlik arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsini planlaşdırır.
Bununla yanaşı, koxlear implantasiya əməliyyatı keçirmiş şəxslər üçün nitq prosessorunun yenilənməsi, əvəzlənməsi və tənzimlənməsi üzrə üç yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib. Əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilməyən sığortaolunanların da bu xidmətlərdən yararlanması üçün imkan yaradılıb.
İcbari tibbi sığortanın tətbiqinə başlanarkən Xidmətlər Zərfinə 1829 tibbi xidmət daxil edildiyi halda, hazırda onların sayı 3318-ə çatıb. Xidmətlərin əhatəsi ixtisaslaşdırılmış ambulator, laborator, invaziv radioloji və stasionar xidmətlər hesabına genişləndirilib.
Həmçinin koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə illik sığorta limiti ləğv edilib. Sümük iliyi transplantasiyası üzrə illik limit isə 2,5 dəfə artırılaraq 20-dən 50-yə çatdırılıb.
Bundan əlavə, Xidmətlər Zərfində təxminən 1500 tibbi xidmətin tarifi aktual bazar qiymətlərinə uyğunlaşdırılıb.