Mənzil bazarında qiymətlər düşəcək? - Yeni qaydalarla bağlı GÖZLƏNİLMƏZ PROQNOZ
22 Oct 2026, 13:55 2 baxış 5 dəq oxuma
Satmaq öhdəliyi ilə kirayə mənzil əldə etmək mexanizminə edilən dəyişikliklər vətəndaşların mənzil sahibi olmaq imkanlarına təsir göstərəcək. Yeni qaydalar bir tərəfdən kredit öhdəliklərinin tənzimlənməsinə, bazarda vasitəçilərin fəaliyyətinin məhdudlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət etsə də, digər tərəfdən ilkin ödəniş üçün kifayət qədər vəsaiti olmayan aztəminatlı ailələr üçün əlavə çətinliklər yarada bilər.
Bəs dəyişikliklər mənzil bazarında hansı nəticələrə səbəb olacaq və vətəndaşlar üçün hansı imkanları məhdudlaşdıracaq?
Mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, yeni qaydalara əsasən, satmaq öhdəliyi ilə kirayə mənzil əldə edən şəxslər müqavilə bağlandıqdan sonra 36 ay tamam olmadan öhdəliklərini başqa şəxsə ötürə bilməyəcəklər.
“Əvvəlki qaydalarda bu müddət məhdudiyyəti mövcud deyildi. Bundan başqa, öhdəliyini başqa şəxsə ötürən vətəndaş həmin tarixdən etibarən 60 ay ərzində yeni kirayə müqaviləsi bağlamaq üçün müraciət edə bilməyəcək.
Dəyişikliklərdən biri də digər bank kreditləri olan şəxslərin müraciətlərinin qiymətləndirilməsi ilə bağlıdır. Əvvəllər başqa bankda krediti olan vətəndaşların satmaq öhdəliyi ilə kirayə mənzil əldə etməsi daha çətin idisə, yeni yanaşmada bu amil onların müraciət imkanlarını avtomatik məhdudlaşdırmır”.
R.Abbasbəyli kredit tarixçəsi ilə bağlı tələblərin də dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, müraciət edən şəxsin kredit tarixçəsi müsbət və ya qənaətbəxş qiymətləndirilməlidir. Kredit tarixçəsi olmayan vətəndaşlar da müvafiq qiymətləndirmə nəticəsində qənaətbəxş kateqoriyaya daxil edilərsə, müraciət edə bilərlər.
İqtisadçı hesab edir ki, yeni qaydaların əsas məqsədlərindən biri mənzil əldə etmək hüququndan bazarda vasitəçilik və yenidən satış məqsədilə istifadə hallarını məhdudlaşdırmaqdır.
“Öhdəliyin başqa şəxsə ötürülməsi üçün müddətin artırılması və öhdəliyini ötürən şəxsin 60 ay ərzində yenidən müraciət edə bilməməsi bazarda rieltorların və digər vasitəçilərin iştirakını məhdudlaşdıra bilər. Belə şəxslər satmaq öhdəliyi ilə kirayə mənzil əldə etdikdən sonra onu daha yüksək qiymətə bazara çıxarırdılar. Yeni məhdudiyyətlər bu cür halların qarşısını almağa, şəffaflığı artırmağa və daha çox vətəndaşın mənzil əldə etmək imkanlarını qorumağa xidmət edəcək”, – deyə o, bildirib.
R.Abbasbəylinin fikrincə, bu dəyişikliklər mənzil bazarında süni qiymət artımının qarşısının alınmasına da müsbət təsir göstərəcək. Bununla belə, yeni mexanizmin müəyyən sosial çətinliklər yaradacağını da nəzərə almaq lazımdır.
İqtisadçı xüsusilə müqavilə bağlanarkən 12 aylıq ödənişin əvvəlcədən verilməsi tələbini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu şərt böyük məbləği birdəfəlik ödəmək imkanı olmayan aztəminatlı ailələr üçün ciddi maneəyə çevriləcək.
O, əlavə edib ki, gəlirləri sabit olmayan vətəndaşlar da ödəniş şərtlərini yerinə yetirməkdə çətinlik çəkə bilərlər. Nəticədə, mənzil əldə etmək mexanizmi inzibati baxımdan daha şəffaf və nəzarət edilə bilən hala gəlsə də, onun aztəminatlı təbəqə üçün əlçatanlığı azala bilər.
Beləliklə, Razi Abbasbəylinin qənaətinə görə, yeni qaydalar daha çox sabit gəliri, qənaətbəxş kredit tarixçəsi və ilkin ödəniş üçün kifayət qədər vəsaiti olan şəxslərin maraqlarına uyğun olacaq. Dəyişikliklər vasitəçilik hallarının məhdudlaşdırılmasına və bazarda şəffaflığın artırılmasına kömək edə bilsə də, mənzilə ehtiyacı olan aztəminatlı ailələrin imkanlarının qorunması da diqqətdə saxlanılmalıdır.