“Rasim Balayevin dünyadan köçməsi bizim üçün ağır itkidir. Hərçənd bilirik ki, bu dünyada müəyyən bir zaman kəsiyi ayrılıb və müəyyən yaşdan sonra dünyanı dəyişirsən. Bu normal bir haldır. Yaşamın, həyatın əbədi, əzəli qanunudur. Buna baxmayaraq hər dəfə sənə doğma, əziz olan biri bu dünyanı tərk edəndə canından can ayrılır. Sən heç cür onun yoxluğu ilə barışa bilmirsən. Daha doğrusu yaran yeni olanda, qaysaqlanmayanda sənin üçün çox ağır olur. Sonradan illər, vaxt keçdikcə başa düşürsən ki, o vaxt onun itkisini anlamırdın. Sonradan o itkini daha çox anlamağa başlayırsan, o itkinin yeri daha çox görünür. Bu insanlar ki, atamın yaxın dostları, silahdaşları olublar. Onların dünyadan köçməsi həqiqətən də mənim üçün ikqat, beşqat, onqat ağırdır. Onlar dünyalarını dəyişəndə elə bil hər dəfə atamı təkrar itirirəm. Onlar sanki atamın bu dünyadakı nişanəsi idi. Ola bilsin aylarla, illərlə görüşməyək, çox nadir hallarda ünsiyyətdə olaq, amma onların varlığı elə mənim üçün bəs idi. Mənə güc verirdi. Təəssüf ki, onlar bir-bir bu dünyadan gedirlər. Bu mənə çox ağır gəlir. Həqiqətən səmimi deyirəm, onlar mənə doğma əmilərimdən də çox əziz idilər. Elə Rasim Balayev də, Telman Adıgözəlov da, Yaşar Nuri də, Əliabbas Qədirov da.. Mən onlara “əmi” deyirdim. Bu adamlar o qədər doğma idilər ki, onların itkisinə alışa bilmirəm”.
 




Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Səməndər Rzayevin qızı Rübabə Səməndər deyib.

O daha sonra bir neçə gün əvvəl dünyasını dəyişən Rasim Balayevlə bağlı xatirələrini bizimlə bölüşüb:
 
“Mən bilirdim ki, Rasim Balayev xəstədir, özünü yaxşı hiss etmir, amma ümid edirdim ki, hər şey çox yaxşı olacaq, o sağ-salamat qayıdıb gələcək. Çünki o zaman-zaman xəstələnib, müalicə alıb və normala həyata qayıtmışdı. Bu dəfə təəssüf ki, alınmadı. Atamın dostlarına özəl münasibəti var idi. Ümumiyyətlə sənəti, peşəsini, insanları çox sevirdi. Dostlarını isə həddindən artıq çox sevirdi. Onların acısına ürəkdən acıyıb, sevincinə ürəkdən sevinirdi. Onlara tam başqa bir münasibəti var idi. Rasim əmiyə münasibəti isə tam fərqli idi. Onu o qədər çox istəyirdi ki.. Mən bunun şahidi olmuşam. Cəmi 3 yaş aralarında fərq olsa da, Rasim əmiyə münasibəti  ata-övlad münasibəti idi. Atam ona doğma balası kimi baxırdı. Bizdə məktublar var idi. Mən uşaqlıqdan zaman-zaman o məktubları götürüb oxuyurdum. Atamın Rasim əmiyə yazdığı, Rasim əminin atama yazdığı məktublar.. Bizim üçün o məktublar nə qədər əziz idisə, Rasim əmi üçün də o qədər əziz idi. O məktublar həmişə Rasim əmimin əlində idi. Verilişlərə gedəndə, atamla bağlı xatirə günlərində mütləq o məktubları götürüb gətirərdi və oxuyardı. Həqiqətən də Rasim əmi atamın doğma insanlarından biri idi. Biz ailəvi dost olmuşuq. Atamın ölümündən sonra da anam ərklə hansısa məsələlərdə Rasim əmiyə müraciət edirdi. Hətta bizim evdə bir kaset var. O vaxt maqnitofon hər adamın evində olmurdu. Atam bizim üçün almışdı. Rasim əmi də, babam da bizdə idi. Onların hamısının səsi bizim evdəki kasetdə var. Babam çox gözəl avazla muğam oxuyurdu, Rasim əminin qardaşımı əzizlədiyi səslər orada yazılıb. Ümumiyyətlə atamla Rasim əmi bir araya gələndə çox şirin və maraqlı ləhcədə danışırdılar. Onlar “ü” hərfini elə gözəl uzadırdılar ki.. O qədər xoşuma gəlirdi ki.. Gözəl səslənirdi.. Rasim əmigil bizimlə yaxın olurdular.. Piyada gedib-gələ bilirdik. Uşağlığımdan gözümü açıb Rasim əmini evimizdə görmüşəm. Necə ki, Rasim əmi dünyasını dəyişənə qədər atamın xatirəsini, ruhunu əziz tutdu, ona sadiq qaldı, mən də nə qədər ki, sağam onun adını hörmətlə anacam, onun ruhuna, xatirəsinə ehtiramla yanaşacam”, - deyə Səməndər Rzayevin qızı deyib.
 
Rübabə Səməndər sosial şəbəkədə Rasim Balayevlə bağlı xoşagəlməz status paylaşan bəzi şəxslərdən danışaraq, onları sərt tənqid edib: