“Təhsil siyasəti sahəsində aparılan beynəlxalq araşdırmalar göstərir ki, uğursuz islahatların əsas səbəbi maliyyə çatışmazlığından daha çox, elmi əsaslandırmanın zəifliyi və idarəetmə problemləridir...”  
 




“Müasir dünyada təhsil islahatları tədqiqatla  başlayır...”
 
“Sertifikasiyanın  məqsədi müəllim  fəaliyyətinin   keyfiyyətini yüksəltmək olmalıdır.  Beynəlxalq təcrübə göstərir ki, test imtahanları müəllimin peşəkar fəaliyyətinin kiçik bir hissəsini ölçə bilir...”  
 
“Finlandiya, Sinqapur, Cənubi Koreya və Kanada  kimi ölkələrdə təhsil siyasəti universitetlər, tədqiqat mərkəzləri və hökumət arasında əməkdaşlıq əsasında qurulur...”
 
“Bu gün uğurlu təhsil sistemləri məlumatlara əsaslanan qərarvermə modelinə keçir. Azərbaycan təhsilində isə hələ də məlumatların sistemli analizi və qərarvermə arasında ciddi boşluq müşahidə olunur...”
 
“Təhsil sistemində real dönüş yalnız o zaman baş verə bilər ki, islahatların mərkəzində inzibati göstərişlər deyil, elm, tədqiqat və obyektiv məlumatlar dayansın...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsil  islahatlarındakı  uğursuzluğun   elmi  səbəbləri” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Son 25  ildə Azərbaycanın təhsil sistemində davamlı islahatlar gedir. Kurikulum dəyişiklikləri, yeni qiymətləndirmə sistemləri, müəllimlərin sertifikasiyası, məktəb idarəetməsinin yenilənməsi, rəqəmsallaşma layihələri, yeni dərslik konsepsiyaları və müxtəlif  beynəlxalq  proqramlarının  tətbiqi  islahatların  əsas istiqamətləri olmuşdur. Amma   bütün bu dəyişikliklərə baxmayaraq, cəmiyyətin böyük hissəsi təhsilin  real durumundan  çox narazıdır… 
 
Son vaxtlar  yazdığımız   “Təhsil islahatı necə olmalıdır”,  “Təhsil islahatı necə olmamalıdır?”  və s.  məqalələrdə islahatların aparılmasına dair fikirlərimizi bildirmiş, tövsiyələrimizi yazmışıq. Bu mövzuda bir neçə il  illər əvvəl  də  seriya məqalələrimiz olmuşdur.  Maraqlıdır ki, bu aktual mövzuda bizdə tədqiqatlar, məqalələr çox azdır. Hamı düşünür ki, bu problem nazirlikdir, biz buna qarışa bilmərik. Bəs nazirlikdə oturanlar bu sahənin mütəxəssisləri deyilsə, ən sadə məsələlərdən belə xəbərsizdirlərssə,  onda nəyə və kimə ümid edirik biz? Yoxsa,  təhsil islahatları  kimi strateji sahədə uğursuzluqları  susqunluqla qarşılamalıyıq?.. 
 
Əgər təhsil  islahatları  düzgün layihələnməyibsə,  düzgün  istiqamətdə getmirsə, onda təhsil sistemi, nəinki onun qarşısında qoyulan mühüm  vəzifələri icra edə bilməyəcək, üstəlik uzunmüddətli  dövrdə ölkədə  təhsilin çökməsinin qarşısını almaq da mümkünsüz olacaqdır. Bu gün bizdə olduğu kimi.  
 
Nə üçün uzun illər davam edən təhsil islahatları  nəticə  vermir?..
 
Təhsil siyasəti sahəsində aparılan beynəlxalq araşdırmalar göstərir ki, uğursuz islahatların əsas səbəbi maliyyə çatışmazlığından daha çox, elmi əsaslandırmanın zəifliyi və idarəetmə problemləridir.  Azərbaycan təhsilində  durum  daha  ağırdır. Problem ayrı-ayrı layihələrin uğursuzluğunda  deyil,  problem  təhsilin  idarəetmə modelinin  elmi əsaslar üzərində qurulmamasındadır…  
 
Təhsil  islahatlarının  əsas problemi elmi bazanın yoxluğudur…  
 
Müasir dünyada təhsil islahatları tədqiqatla  başlayır. İnkişaf etmiş ölkələrdə hər hansı dəyişiklikdən əvvəl problemin diaqnostikası, eksperimental pilot layihələr, monitorinq və qiymətləndirmə,  nəticələrin elmi təhlili, genişmiqyaslı tətbiq kimi  mərhələlərlə həyata keçirilir.    Azərbaycan təhsilində isə əksər hallarda bu proses tərsinə işləyir (“Təhsilimiz sanki tərsinə qurulub” (E. Əmrullayev). Bizdə  əvvəl qərar qəbul edilir, sonra onun əsaslandırılması yolları axtarılır.  Nəticədə təhsil siyasəti sübutlara deyil, fərdi yanaşmalara və inzibati qərarlara söykənir.  Bu beynəlxalq ədəbiyyatda  sübutlara əsaslanan siyasət əvəzinə   siyasəti  əsaslandırmaq üçün sübut axtarışı adlanır.  Azərbaycan təhsilinin son  25  ili məhz ikinci modelə  uyğundur.  
 
Milyardlarla vəsait və ölçülməyən nəticələr…
 
Son illərdə təhsil büdcəsi əhəmiyyətli şəkildə artmışdır. Bəs  artan maliyyə təhsilin keyfiyyətinə necə təsir  göstərmişdir?   İnkişaf etmiş ölkələrdə təhsilə ayrılan vəsaitin səmərələliliyi   şagird nailiyyətləri, funksional savadlılıq,  müəllim peşəkarlığı, ali təhsilə keçid göstəriciləri, əmək bazarında məzunların uğuru, beynəlxalq qiymətləndirmələrdə nəticələr kimi  indikatorlarla qiymətləndirilir.   Azərbaycanda isə çox zaman layihələrin maliyyə həcmi açıqlanmır,  onların sosial və pedaqoji təsiri barədə ictimaiyyətə sistemli hesabat verilmir.  Bu idarəetmə probleminin göstəricisidir. Müasir idarəetmədə əsas prinsip belədir  ki,  ölçülməyən nəticə idarə oluna bilməz…
 
Təhsil siyasətində monitorinq böhranı…
 
Təhsil sisteminin ən zəif tərəflərindən biri davamlı monitorinq və analitik qiymətləndirmə mexanizmlərinin olmamasıdır.  Monitorinq dedikdə təkcə imtahan nəticələrinin təhlili nəzərdə tutulmur.  Müasir təhsil  monitorinq şagird nə öyrənib, müəllim hansı problemlərlə qarşılaşır,  dərsliklər hansı səviyyədədir,  kurikulumun  məqsədləri reallaşırmı, məktəb idarəetməsi  səmərəlidirmi,  təhsil investisiyalarının geri dönüşü necədir  kimi suallara cavab verməlidir.  Təəssüf ki, bu sahədə açıq məlumat bazaları və uzunmüddətli tədqiqatlar  yoxdur.  Nəticədə  təhsil siyasəti analitik tədqiqatlarla deyil, statistik hesabatlarla idarə olunur. Bu isə yolverilməzdir…  
 
Sertifikasiya islahatlarının məqsəd  və nəticəsi  arasında fərqlər…
 
Son illərin ən çox müzakirə olunan  təhsil problemlərindən biri də müəllim sertifikasiyasıdır. Sertifikasiyanın  məqsədi müəllim  fəaliyyətinin   keyfiyyətini yüksəltmək olmalıdır.  Lakin beynəlxalq təcrübə göstərir ki, test imtahanları müəllimin peşəkar fəaliyyətinin kiçik bir hissəsini ölçə bilir.  Müəllimin fəaliyyəti fənn biliyi, metodik hazırlıq, pedaqoji ünsiyyət, sinif idarəetməsi, yaradıcılıq, motivasiya yaratmaq bacarığı  kimi komponentlərdən ibarətdir. Bu keyfiyyətlərin böyük hissəsini testlə ölçmək mümkün deyil.  Buna görə də dünyanın qabaqcıl təhsil sistemlərində müəllim qiymətləndirilməsi çoxkomponentli model əsasında həyata keçirilir.  Azərbaycan təcrübəsində isə bəzən test nəticələri müəllimin peşəkar portretini müəyyən edən əsas göstəriciyə çevrilir. Bu pedaqoji fəaliyyətin həddindən artıq sadələşdirilməsidir…    
 
Universitetlər və elmi təşkilatlar niyə prosesdən kənardadır?..
 
Təhsil siyasətinin formalaşdırılmasında universitetlərin xüsusi  rolu var. Finlandiya, Sinqapur, Cənubi Koreya və Kanada  kimi ölkələrdə təhsil siyasəti universitetlər, tədqiqat mərkəzləri və hökumət arasında əməkdaşlıq əsasında qurulur. Azərbaycanda isə universitetlər çox zaman islahatların iştirakçısı deyil, müşahidəçisi rolunda  olurlar.  Təhsil islahatlarında pedaqoji profilli ali məktəblərin iştirakı daha vacibdir.  Bu universitetlərin pedaqogika fakültələri, təhsil tədqiqat mərkəzləri, metodika kafedraları ölkənin təhsil problemlərinin həlli üçün əsas intellektual baza olmalıdır.  Təhsil siyasətinin akademik sektordan uzaqlaşması onun elmi əsaslarını zəiflədir...
 
Kurikulum islahatlarının paradoksu...
 
2008-ci ildən tətbiq edilən kurikulum islahatları Azərbaycan təhsil tarixinin ən böyük layihələrindən biri hesab olunur. Lakin 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də kurikulumun effektivliyi necə ölçülüb, hansı komponentlər uğurlu olub,  hansı hissələr uğursuz olub,  nəticələr əvvəlki sistemlə müqayisədə necədir  kimi suallar cavabsıızıdr.  Əgər hər hansı islahatın nəticələri ölçülmürsə, onun uğurlu və ya uğursuz olduğunu müəyyən etmək  mümkün deyil.  Bu isə təhsil siyasətində ciddi metodoloji boşluğun göstəricisidir.
 
Süni intellekt dövründə köhnə idarəetmə modeli...
 
2025–2026-cı illərdə dünya təhsili yeni mərhələyə daxil olmuşdur.  Generativ süni intellekt sistemləri artıq fərdi tədris, avtomatik qiymətləndirmə, tədris analitikası, rəqəmsal mentorluq kimi sahələrdə geniş tətbiq olunur.  Lakin süni intellekt sadəcə texnologiya deyil.  Süni intellekt  təhsil idarəetməsinin fəlsəfəsini dəyişir. Bu gün uğurlu təhsil sistemləri məlumatlara əsaslanan qərarvermə modelinə keçir. Azərbaycan təhsilində isə hələ də məlumatların sistemli analizi və qərarvermə arasında ciddi boşluq müşahidə olunur.  Nəticədə XXI əsrin texnologiyalarını tətbiq etməyə çalışan sistem XX əsrin idarəetmə məntiqi ilə fəaliyyət göstərir…
 
Problemin kökü idarəetmə fəlsəfəsinin yoxluğundadır... 
 
Problem ayrı-ayrı layihələrdə deyil, problem təhsil idarəetməsinin fəlsəfəsindədir. Daha doğrusu bu fəlsəfənin yoxluğundadır.   Müasir təhsil sistemlərində əsas prinsip  "əvvəl tədqiqat, sonra qərar"  olduğu halda,  bizdə  "əvvəl qərar, sonra əsaslandırma" kimidir.  Bu fərq  nəticələrin keyfiyyətini müəyyən edən əsas amildir. Göründüyü kimi,  Azərbaycan təhsilinin əsas problemi maliyyənin azlığı deyil, problem elmi əsaslandırılmış idarəetmə modelinin formalaşmamasıdır.  Mövcud vəziyyətdən çıxış üçün aşağıdakı addımlar vacibdir:
 
1. Təhsil üzrə müstəqil milli monitorinq sisteminin yaradılması;
 
2. Təhsil büdcəsinin müəyyən hissəsinin tətbiqi tədqiqatlara yönəldilməsi;
 
3. Universitetlərin və elmi institutların islahatlara sistemli cəlb olunması;
 
4. Bütün iri layihələr üzrə ictimai hesabatlılığın təmin edilməsi;
 
5. Süni intellekt və böyük verilənlər əsasında təhsil analitikası sistemlərinin qurulması;
 
6. Təhsil siyasətinin sübutlara əsaslanan idarəetmə modelinə keçirilməsi.
 
Bizim təhsil islahatlarının uğursuzluğu təsadüf deyil. Bu, uzun illər ərzində formalaşmış idarəetmə yanaşmasının məntiqi nəticəsidir. Təhsil sistemində real dönüş yalnız o zaman baş verə bilər ki, islahatların mərkəzində inzibati göstərişlər deyil, elm, tədqiqat və obyektiv məlumatlar dayansın.  Real dönüşün olmaması təhsil sistemində yanlış kadr  siyasətinin nəticəsidir. Bu sahədə təcrübəsi, peşəkar bilgiləri olmayan, beynəlxalq təcrübəni və təhsil elmlərini bilməyən menecerlərin apardığı təhsil islahatı ancaq belə ola bilərdi. Süni intellekt dövründə  ota səviyyədə ingilis dilini  bilmək  və  kalkulyatorda əməlliyyatlat icra etməklə təhsil fəlsəfi, təhsil siyasəti yaratmaq, islahatlar aparmaq mümkün deyil…  
 
XXI əsrdə təhsil sisteminin gələcəyini bürokratik qərarlar deyil, elmi əsaslandırılmış siyasət müəyyən edəcək…”