7 iyun 2026-cı ilin siyasi təqvimdə tutduğu yer lokal hadisə olmaqdan çıxarılaraq, daha böyük miqyas qazandı. Ermənistanda keçirilən seçkilərə verilən beynəlxalq qiymət, onun Qafqazın və regionun taleyində həlledici referendum adlandırılması belə, bir həqiqəti danılmaz edir – İrəvan uğrunda aparılan mübarizə Azərbaycanın tarixi hərbi Qələbəsi və siyasi nüfuzunun kölgəsində, onunla sinxron dalğada keçdi. 
 




Ölkəmizin adı, milli dövlət kimliyi, 2020-ci ildəki 44 günlük müharibə, Xankəndi Zəfəri, gələcək sülh müqaviləsi və regional strategiyalar bütün əsas rəqabət mərhələlərində siyasi savaşın mərkəzinə çıxdı. Prosesə realist və dəqiq bir çərçivədən qiymət vermək son dərəcə zəruridir.
 
Çünki verilən beynəlxalq dəyərləndirmələrin bir qismi prosesi son dərəcə şişirdilmiş perspektivdən təqdim edir. Bəzi şərhçilər seçkiləri Qafqazın taleyini və onun yol ayrıcını müəyyənləşdirən tarixi bir proses kimi dəyərləndirirlər. Digərləri onu antirusiya hərəkatının simvolu adlandırırlar. Başqaları isə sülh müqaviləsinin gələcəyinin antirusiyaçıların uğurundan və ya iflasından asılı olduğunu iddia edirlər. Proqnozlar seçkilərin həqiqi boyunu və çəkisini aşan mühakimələrdir.
 
Daha realist bir mövqedən dəyərləndirildikdə İrəvan 7 iyundan çox-çox əvvəl geopolitik savaşın bir həlqəsinə çevrilmişdi. Son iki ayda açıq müstəviyə çıxan Kremlin emisarları Samvel Karapetyanın timsalında Moskvanın Cənubi Qafqazdan əlini çəkmək istəmədiyi açıq nümayiş olundu. Revanşistlərin məğlubiyyəti Rusiyadan gələn on minlərlə muzdlunun səsi fonunda belə İrəvanın ikinci Qarabağ müharibəsindən sonra aldığı ən böyük  tarixi dərsdir. Yəni, imperial ssenari tarixdə ikinci dəfə artıq işləmir və Kriyenkonun planı iflasa uğrayır.
 
Robert Koçaryanın bir vaxtlar Qarabağ hərəkatı və işğal dalğasında hakimiyyətə gəlməsi, ardınca uzun illər status-kvonun qorunması üçün əldə etdiyi güclü himayənin indi müharibənin nəticələrini təftiş etməyə və prosesləri geriyə çevirməyə qadir olmadığı üzə çıxdı.
 
Zəifləyən və itirilən mövqelər təkcə sabiq səhra komandirlərinin nüfuz itkisi deyil, həm də xalqın ənənəvi siyasətdən və bölgəni əsarətdə saxlayan qüvvələrdən qopduğunu göstərir. Keçmiş rəhbərlərin - xüsusilə, Sərj Sarkisyanın, Levon Ter-Petrosyanın və digər sabiq dövlət başçılarının - xalq kütlələri arasındakı nüfuzunun ya tam sıfırlanması, ya da son dərəcə aşağı düşməsi Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətinin və nüfuzunun bilavasitə nəticəsidir.
 
Ötən on illər ərzində Azərbaycan həm də liderlərarası savaşdan milli Qələbəyə doğru inamla addımladı. Seçkilər 8 Noyabrın kölgəsi oldu.
 
Rusiya kənd təsərrüfatı məhsullarını qəbul etməmək yolu ilə erməni xalqını, xüsusilə sahibkar və biznes elitasını, əhalinin həssas təbəqələrini narazı salaraq, hakimiyyət əleyhinə kütləvi müqavimət yaratmağa çalışsa da, Azərbaycan planları pozaraq, mahiyyətcə Ermənistanın üzərində xarici iqtisadi təsirini gücləndirdi. Dəmiryolları vasitəsilə daşımalar, o cümlədən neft məhsullarının İrəvana çatdırılması iqtisadi-sosial böhranın qarşısını aldı. Azərbaycanın hansı məntiqlə hərəkət etdiyi isə özlüyündə aydındır.
 
İndiki mərhələdə, Qafqazda sabitlik və sülhün gələcəyi prezident İlham Əliyevin regional strategiyası və qlobal missiyasının tərkib hissəsidir. Qələbəmiz İrəvan uğrunda gedən siyasi mübarizədə mühüm faktora çevrildi.
 
Amerika Birləşmiş Ştatları ilə qurulan yüksək səviyyəli münasibətlər Azərbaycana fərqli regional status qazandırır. Marko Rubionun seçki ərəfəsində Ermənistana ziyarəti təsadüfi deyildi - bu, Naxçıvanı Azərbaycanın əsas ərazisinə quru yolla birləşdirəcək dəhliz layihəsinin beynəlxalq infrastrukturunu formalaşdırmaq istiqamətində atılan konkret bir addım idi. Müvafiq beynəlxalq şirkətin yaradılması isə seçki kampaniyasında Paşinyana göstərilən siyasi dəstəkdən çox daha dərin və strateji bir mesaj daşıyırdı. 
 
İndi hədəf birdir: qalib geostrategiya arxitekturasını inşa etmək. 90-cı illərdə formalaşan qüvvələr nisbətini 44 günə dəyişdirən və maraqların işğalçılıq üzərində formalaşan balansını pozan bir dövlət tarixində ilk dəfə taleyini özü həll edir.
 
Azərbaycanın dominant gücü bütün regional proseslərdə aktiv hiss olunur. Ona görə də Ermənistanda keçirilən seçkilər Prezident İlham Əliyevin ssenarisi üzrə getdi. Prosesin hər bir mərhələsində Azərbaycan amili müəyyənedici təsirə malik idi. Təsadüfi deyil ki, debatlar zamanı seçki prosesini müstəqil şəkildə izləyən neytral ekspertlər vurğulayırdılar ki, 2 saatlıq müzakirələrdə Azərbaycanın, İlham Əliyevin və İkinci Qarabağ müharibəsinin adı 100 dəfədən çox təkrarlanır. Göründüyü kimi, hansı diskurslar müasir erməni siyasətini öz nüfuzu altına alıb. Dövlətimiz heç bir hibrid kampaniya aparmadığı halda, vaxtilə Azadlıq meydanını “Miatsum” şüarları ilə dolduran qüvvələr ikinci dəfə Bakıya saatlarını və özlərini çevirməli olmuşdular. 
 
Obyektivlik  naminə, Paşinyanın qələbəsi Azərbaycan amili ilə yanaşı, onun seçici bazasını təşkil edən şəhər gəncliyi, təhsilli orta sinif və iqtisadi islahat gözləyən vətəndaşlar öz daxili motivasiyaları ilə səs verirdilər. Bakının iradəsi seçkilərin nəticələrini müəyyənləşdirən, lakin yeganə olmayan səbəbi idi.
 
Emosiyaların və xüsusi yaradılan fobiyanın erməni siyasi düşüncəsinin hansı psixoloji yükün altında olduğunu sübut edir. 300 min azərbaycanlının geri dönməsi məsələsi hər bir seçki mərhələsində "Vətəndaş müqaviləsi" partiyası əleyhinə, Paşinyana qarşı bir silah kimi istifadə edilirdi. Müxalif qüvvələr ictimai qorxu üzərində tərəfdar qazanırdılar, əsrlər boyu dəyişməyən antitürk, antiazərbaycan mirasından yararlanırdılar. Əvəzində 90-cı illərlə müqayisədə ölkəmizdə ictimai həyatın bütün sferalarında – hakimiyyət mübarizələrindən ideoloji platformaların və partiyaların qurulması səbəblərinə qədər, hamısı erməni faktoru, işğal gerçəkliyi və Qarabağa indekslənmənin tarixə qovuşması ən böyük uğurlarımızdan biridir.
 
İndi milli gündəliyimiz kökündən dəyişib. Tarixi bir mənzərədir. Son 300 ildə heç vaxt Bakı İrəvan üzərində belə nüfuz və təsir gücü qazanmayıb. Keçmişə, itkilərə, qaçqınlıq və köçkünlüyə deyil, məhz qalib gələcəyə istiqamətlənən bir gerçəklik yaranıb: quruculuq strategiyaları, Qayıdış proqramları, vətəndaşların və bütövlükdə xalqın ümdə məsələlərinin həlli fürsəti yaranıb. Qarabağ ilk dəfədir ki, Azərbaycanda xariic müdaxilə, işğal və köçkünlük kimi diskursun çərçivəsindən çıxır. Yaxın aylarda, İrəvan seçkilərindəki uğur Azərbaycanın Qafqazlarda gələcək strategiyasının həyata keçirilməsinə təkan verəcək.
 
Bununla belə, prosesin özündə müəyyən narahatedici elementlər də müşahidə edildi. Revanşist qüvvələr tərəfindən seçicilərin maddi yolla ələ alınması erməni əhalisinin qeyri-sabit və təhlükəli ssenarilərə yuvarlanması potensialını bir daha üzə çıxardı. Üçbaşlı müharibə partiyasına verilən 460 mindən artıq səsin sosioloji dərin tədqiqata ehtiyacı var.
 
Seçkilərə kütləvi müdaxilələr və hüquq-mühafizə orqanlarının aktiv rolu demokratiyanın təməllərinin necə kövrək olduğunu bir daha təsdiqləyir. Halbuki sərt siyasətdə suçlandırılan Azərbaycanda xarici qüvvələrin daxili hadisələrə müdaxilə imkanları son dərəcə məhdudlaşıb. Ona görə də Avropa Birliyinin güclü institusional dəstəyi və maliyyə yardımı altında belə İrəvanın demokratik idealları çox zəif və dayanıqsız görünürdü.
 
Ölkəmiz qazandığı hərbi Qələbəni həm də müstəqil iqtisadi və siyasi kursunu möhkəmləndirməyə, qalib geopolitika qurmağa yönəldib. İndiki reallıqda "üçbaşlı müharibə partiyası"nın seçkiləri qazanması halında da nə sülh prosesi zədələnər, nə Azərbaycanla münasibətlər pisləşər, nə Qarabağ ermənilərinin qayıdışı həyata keçər, nə də digər anti-Bakı ssenarilərinə rəvac verilərdi. Robert Koçaryan, Qaqik Sarukyan və Samvel Karapetyan ətrafında birləşən müxalif blok müharibə dövrünün ideologiyasını, iqtisadi maraqlarnı və hərbi nostalgiyasını təmsil edirdi. Lakin onların nəticələrini adekvatdır:  xalq avantürüst planlara artıq qurban getmək istəmir, Ermənistanın ciddi hərbi potensialının 3 ilin, 5 ilin, hətta 10 ilin içərisində formalaşması strateji baxımdan mümkün deyil.
 
Azərbaycanın birinci Qarabağ müharibəsinin nəticələrini aradan qaldırması üçün 25 ildən çox zaman gərək oldu. 1994-cü ilin “ Əsrin neft müqaviləsi” humanitar fəlakətə son qoymağa, iqtisadi müstəqilliyi təmin etməyə və güclü ordu formalaşdırmağa imkan verdi. 
 
Ermənistan isə xarici yardımla yaxın 20 ildə Azərbaycanla savaşacaq ordu yarada bilməz, digər yandan nə dənizi, nə nefti, nə də strateji coğrafi resursu mövcuddur. Belə bir şəraitdə onların silahlı qüvvələrini elə bir gücə çatdırması mümkün deyil ki, 2023-cü ildən bütün strateji nöqtələrə, dislokasiyalara nəzarət edən Azərbaycana meydan oxusunlar. Prezidentin təbirincə deyilsə, İrəvandakı ən adi nəqliyyat vasitələrinin hərəkəti də nəzarət altındadır.
 
Azərbaycanın hərbi potensialını inkişaf etdirməyə qonşu dövlətlərin mane yaratmaq imkanları çox aşağıdır. Qeyri-Paşinyan liderlərinin uğur qazanması belə qüvvələr nisbətini dəyişməyəcəkdi. Seçkilərin sonunda millətçi və şovinist platformada dayananların mötədil və barışçıl bir dildə danışması deyilənləri təsdiqləyir - 44 günlük müqəddəs savaşın nəticələrini geri çevirmək qeyri-mümkündür.
 
Azərbaycan qarşıdakı dövr üçün öz əsas strateji kursunu müəyyən edib: Qafqazda sülh, əmin-amanlıq və sabitliyin möhkəmləndirilməsi, regionun beynəlxalq əlaqələr sisteminə daha dərindən inteqrasiyası, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyəti, tranzit layihələrinin həyata keçirilməsi və İran, Rusiya, Türkiyə, digər qonşu dövlətlər fonunda bölgədə sabitləşdirici bir strategiyanın beynəlxalq miqyasda qəbul edilməsidir.
 
Dövlətimiz öz milli tarixinin heç bir mərhələsində indiki qədər öz taleyinin sahibi olmayıb. Təsdiqə artıq ehtiyacı olmayan həqiqətdir. Qafqazdakı proseslərdə ölkəmizin həlledici təsiri güclənib. Nəticələr şübhəsiz ki, Vətən müharibəsindəki tarixi qələbə ilə əldə olunub. İrəvan tarixdə heç vaxt indiki qədər Bakıdan asılı olmayıb.
 
Seçkilərdə "Böyük Ermənistan", "dənizdən dənizə Ermənistan", "Mifoloji Ermənistan", "Qafqaz Ermənistanı", "Türk Ermənistanı" kimi 4-5 müxtəlif imperiya tərəfindən əsrlər boyu uydurulmuş ideologiyalara deyil, real və praktik bir Ermənistan kursuna üstünlük verilməsi Azərbaycanın qələbəsidir.
 
Seçicilərin 50%-ə yaxınının son 6 ildəki reallıqdan çıxış etməsi növbəti dəfə 8 Noyabrın nəticələrinin təsdiqidir. Erməni xalqının mühüm bir kütləsi 2021-ci ildəki dönüşü dəstəkləyir. Əlbəttə, seçicilərin eyni siyasi qüvvəni təmsil edib-etmədiyini dəqiq müəyyənləşdirmək çətindir. Bununla birlikdə, həmin qüvvələrin əvvəl müxalifətə səs verib sonradan nəticələri qəbul etməsi - nəticələrin müxalif tərəfdən tanınmaması ilə birlikdə - son dərəcə önəmli siyasi bir göstəricidir. Referendumun gələcəyi ilə bağlı hesablamalar aparmaq istəyənlər bir şeyi unutmamalıdır: Azərbaycanın iradəsi qarşıdakı aylarda qat-qat güclənəcək.
 
Bakının əsas hədəfi bir il əvvəl avqustun 8-də Ağ Evdə imzalanan Vaşinqton sənədlərinin gerçəkləşdirilməsi, Azərbaycan, Türkiyə və Türk dünyasındakı əlaqələrin daha da gücləndirilməsi, ölkəmizin yeni regional statusunun möhkəmləndirilməsi və əhalimizin rifah səviyyəsinin yüksəldilməsidir.
 
Xalqımızın son iki yüz illik tarixində İlham Əliyev qədər nüfuzlu və qlobal təsir gücü qazanan lideri olmayıb. Amerikanın 1787-ci ildən sonra və Azərbaycanın dünya siyasi xəritəsinə çıxmasından bəri heç bir rəhbərimiz haqqında Birləşmiş Ştatlar prezidentləri açıq etimad və heyranlıq nümayiş etdirməyiblər. İlk dəfədir ki, Donald Trampın rəhbərliyi dövründə biz birbaşa açıqlamalar, ictimai paylaşımlar, hörmət ifadələri və yüksək etimad görürük. Deməli, dövlətin gücü beynəlxalq miqyasda qəbul edilir, prezidentin qazandığı qələbənin legitimliyi tanınır, tarixi zəfərimizin coğrafiyası genişlənir.
 
Belə olan şəraitdə qarşıdakı dövrdə tam əminliklə demək mümkündür: Azərbaycanın müstəqilliyi daha da möhkəmlənəcəkdir. Artıq taleyimizi yad əllər, fərqli dövlətlər həll etmir — millətin iradəsi özündədir. Biz 20 sentyabr suverenliiyndən sonra milli azadlığımızın yeni bir mərhələsindəyik.
 
Qazanılmış geopolitik üstünlüyü davamlı və dayanıqlı etmək üçün dövlətlə cəmiyyət arasındakı daxili əlaqəni daha da gücləndirmək bir nömrəli vəzifədir.
 
Azərbaycan dövləti əvvəlki yüzilliklərdə milli həyatı təhdid edən bütün tarixi təhlükələrdən tam xilas olmuşdur. İmperiyaların əli heç vaxt indiki qədər Azərbaycandan uzaqlaşdırılmamışdır. İndi millətimizin firavanlığı və gələcəyi üçün daha çox çalışmaq gərəkdir. Çünki qalib dövləti yalnız güclü xalq qoruyur və irəliyə aparır.
 
Son 300 illik tarixi kontekstdə - Rusiya, Omsanlı və Pers  imperiyasının Cənubi Qafqaza yürüşlərindən, Gülüstan və Türkmənçay müqavilələrindən sonra - Azərbaycan torpaqları və siyasi iradəsi daima böyük güclər arasındakı sövdləşmə obyekti olmuşdur; 2026-ci ildə isə  Bakı İrəvan üzərində Moskva, Tehran və bütün Qərb paytaxtlarındana daha böyük təsir gücü qazanıb.
 
Zahid Oruc, millət vəkili