“Naxçıvandakı məşhur mixi yazılarının indiyədək üzə çıxarılmamasının səbəbi tarixşünaslarımızın ağrımayan başlarına duz bağlamaq istəməməsi olub...”
 




“Bu abidəni 1988-ci ildə bir erməni alimi tapıb öz xalqına aid tarixi əsər kimi təqdim etməyə çalışıb. Üzərindən hardasa 40 il keçənə qədər bizim arxeoloqlar elmə bəlli olan bu salnaməni görməzdən gəliblər. Onu gizlətməyə səy göstəriblər...”
 
“Urartunun ermənilərə aid mədəniyyət olmadığı artıq bütün elm ictimaiyyəti tərəfindən təsdiqlənib. Bu barədə araşdırma aparan əksər tarixçilər, o cümlədən xarici tədqiqatçılar erməni iddialarını inkar ediblər...”
 
“Əslində İlanlıdağda yeni tapılmış mixi salnamənin özü belə, erməni iddialarını yalanlayan tarixi vəsiqələrdən biridir. Çünki bu mətndə göstərilir ki, Urartu kralı və oğlu salnamənin yazıldığı dağın yaxınlığındakı bir qalanı fəth edib...”
 
Son illər siyasi şərhçi kimi də populyarlaşan tanınmış jurnalist, şair-publisist Heydər Oğuz bu günlərdə doğma yurdu Naxçıvana növbəti səfərinin əsas məqsədlərindən biri də AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun bir qrup əməkdaşının İlandağ ərazisində qaya üzərində aşkar etdikləri Urartu mixi yazılı mətnini öz gözləri ilə görmək olub.

Moderator.az əməkdaşı ilə söhbəti zamanı Heydər Oğuz sözügedən tarixi abidə barədə iliginc faktlardan söz açıb. 
 
-Heydər bəy, deyəsən, doğma Naxçıvana bu dəfəki səfərinizdən bambaşqa təəssüratlarla qayıtmısınız?
 
-Naxçıvana səfərimin bir neçə məqsədi vardı. Əvvəla, yaxın dostum xalq artisti Həsən Ağasoy bir müddət əvvəl xəstələnmişdi. Mən də onu ziyarət etmək istəyirdim. Qayınanam da bu arada xəstəxanada yatırdı və onun ziyarətinə getməli idi. Mən də Naxçıvana son səfərimdə hər iki dəyərli şəxsi ziyarət edib hal-əhval tutdum. 
 
Səfərimin ikinci səbəbi Naxçıvandakı yaxın dostlarımdan birinin – “dağlar kralı” adlandırdığım Hüseyn Cəfərovun İlanlı dağda tapdığı qədim mixi yazıları ilə bağlı idi. Mən də həmin tarixi abidəni öz gözlərimlə görmək və yerli alimlərlə söhbətləşmək istəyirdi. Səfərim sırasında digər tarixi abidələrlə, xüsusilə Xaraba Gilanla da tanış oldum. Daha sonra isə Hüseyn Cəfərov və dağçı dostları ilə bərabər İlanlıdağa qalxdıq…
 
-Urartulara aid edilən mixi yazı sizin üçün niyə bu qədər əhəmiyyətli idi? Axı urartuların ermənilərə məxsus olduğu bildirilir. Sizcə, bu tarixi yazının ortaya çıxarılması ermənilərin Naxçıvana iddialarına zəmin hazırlamırmı?
 
-Zənnimcə, xeyr. Urartunun ermənilərə aid mədəniyyət olmadığı artıq bütün elm ictimaiyyəti tərəfindən təsdiqlənib. Bu barədə araşdırma aparan əksər tarixçilər, o cümlədən xarici tədqiqatçılar erməni iddialarını inkar ediblər. Onlar öz fikirlərini Urartu dili ilə erməni dili arasındakı dil quruluşu fərqi ilə izah ediblər. Bu isə iki dil arasında fundamental fərqlilik deməkdir. Tədqiqatlar sübut edib ki, erməni dili quruluş etibarilə Hind-Avropa ailəsinə aiddir. Urartu dili isə hazırda bir neçə Qafqaz xalqlarını ehtiva edən Hürri dil ailəsi ilə eyni qrupda yer alır. Bu dil ailəsinə Qafqaz xalqları arasında çeçenlərin dili daha yaxındır. Üstəlik, vaxtilə hansısa torpaqlarda kimlərin yaşaması həmin ərazilərin keçmişdəki sahiblərinə qaytarmaq üçün əsas sayıla bilməz. Ona qalsa, gərək amerikalılar öz ərazilərini qırmızı dərililərə verələr... 

Erməni iddialarını alt-üst edən digər amil Urartu ilə Naxçıvan ərazisində yaşayan insanların fərqli mədəni mühitə sahib olmalarıdır. Urartu dövlətinin tarixi əsərlərini incələyən ən nüfuzlu elm ocaqlarından biri Kembric universitetidir. Mən onların dərc etdiyi bir neçə tədqiqatla tanış olmuşam. Mədəniyyət nümunələrini araşdıran bu alimlərdən biri Lauren Ristvet Naxçıvan ərazində tapılan əsərlərlə Urartulara aid əsərləri müqayisə edərək iki fərqli dövlətdən bəhs edərək yazır: “Sənətkarlıq istehsalı və ticarət bu iki dövlət arasında ünsiyyətin vacib sahələri idi”. Göründüyü kimi, Ristvet də iki fərqli mədəniyyətdən danışır. Araşdırmalarda Naxçıvan ərazisində tapılan əsərlərdə bəzi bənzər işarələrin olduğu bildirilir, amma bu işarələrin Urartu hərflərinin təhrif edilmiş forması olduğu da qeyd olunur. Tədqiqatçıların fikrincə, Oğlanqala deyilən ərazidə tapılmış bəzi saxsı qablarda görünən bu işarələr əslində Urartu hərfləri deyil, sadəcə ona bənzətmələrdir. Məqsəd Naxçıvanda istehsal olunmuş bu qabların Urartuda satılmasını təmin etmək idi. Məhz bu səbəbdən də bəzi ornamentlərlə müştəri rəğbəti qazanmaq olub... 
 
Qeyd olunur ki, bu günə gəlib çatan Urartu sözlərinin sayı 250-300 arasındadır. Yəni olduqca kasıb olan Urartu dili yalnız bəzi hərbi yürüşlərin təsviri üçün kifayət edib. 
 
Əslində İlanlıdağda yeni tapılmış mixi salnamənin özü belə, erməni iddialarını yalanlayan tarixi vəsiqələrdən biridir. Çünki bu mətndə göstərilir ki, Urartu kralı və oğlu salnamənin yazıldığı dağın yaxınlığındakı bir qalanı fəth edib. Elə bu faktın özü də sübut edir ki, Naxçıvan əraziləri Urartuya aid olmayıb. Zira hansısa yeri işğal etmək hələ o yerin işğalçıya aid olması anlamına gəlmir. Əksinə, işğal faktı yabançılığı göstərir. Bir sözlə, ermənilərin saxta salnaməçiliyinin nəticələrindən çəkinib əsil tarixi araşdırmalardan yayınmaq doğru deyil. Məncə, Azərbaycan tarixi obyektiv şəkildə araşdırılıb əsil həqiqətlər ortaya qoyulmalıdır...
 
-Bəs Naxçıvanda bəzi elm xadimlərinin bu salnamənin araşdırılmasına kəskin qarşı çıxmasını nə ilə izah edərdiniz?
 
-Mən onların da əndişələrini anlayıram. İstər fransız, istərsə də rus imperialistləri Azərbaycan və Türkiyə ərazilərini ələ keçirmək üçün erməni kartından istifadə ediblər. Yalançı tarixi salnamələr uydurub türk dövlətlərinə qarşı ərazi iddiaları irəli sürüblər. Əsas arqumentləri isə Urartu dövlətinin ermənilərə məxsus olması ilə bağlı olub. Halbuki bayaq da qeyd etdiyim kimi, Urartuların ermənilərə zərrə qədər də aidiyyəti yoxdur. Bunun ən bariz təsdiqi özünü sözügedən iki dilin quruluş fərqində göstərir... 

Fikrimcə, bu əndişələrin bir digər səbəbi Azərbaycan tarixşünaslarının ağrımayan başlarına duz bağlamaq istəməməsidir. İsa Həbibbəylinin dirijorluğu altında Naxçıvanda Nuh dabanı(yaxud Nuhdaban), 5 min illik şəhər mədəniyyəti axtaran tarixçilərimiz əsil tarix nümunələrimizi gözardı etməyə çalışıblar. Təsəvvür edin, sıravi bir tarix müəlliminin, dağçının tapdığı tarixi əsər əslində elmə yeni məlum olan abidə deyil. Bu abidəni 1988-ci ildə bir erməni alimi tapıb öz xalqına aid tarixi əsər kimi təqdim etməyə çalışıb. Üzərindən hardasa 40 il keçənə qədər bizim arxeoloqlar elmə bəlli olan bu salnaməni görməzdən gəliblər. Onu gizlətməyə səy göstəriblər. Halbuki bu əsər obyektiv tədqiq olunmalı və erməni yalanları çürüdülməli idi. Bizimkilər isə “ac qulağım, dinc qulağım” prinsipi ilə susmaq xətti tutublar. Halbuki bu prinsip Azərbaycanın maraqlarına xidmət etməyib. Fikrimcə, Azərbaycan arxeoloqları bu abidəni dərindən incələməli və əsl həqiqətləri dünyanın diqqətinə çatdırmalıdırlar. Digər tərəfdən, Azərbaycan tarixçiləri Naxçıvanda mövcud olan digər tarixi əsərləri də ciddi tədqiq etməli və onları mədəniyyət turizminə qazandırmalıdırlar. Naxçıvanda və digər bölgələrimizdə mövcud olan bu əsərlər ölkəmizə maddi cəhətdən də böyük dividentlər qazandıra bilər...

Sultan Laçın