"Bəs  xeyli zəifləmiş Azərbaycan  təhsilinin yenidən dirçəlməsi,  bərpası  mümkündürmü?  Bəli, mümkündür.  Amma..."  
 




“2 ay öncə ölkənin baş nazirinin universitetlərimizin diplomlarının xaricdə, hətta qardaş Türkiyədə belə,  tanınmaması barədə fikirləri  ciddi narahatlığın əlamətidir. Qəribədir ki...”
 
“Təhsilin əsas problemi islahatların olmaması deyil, bu islahatların əsaslanacağı elmi prinsiplərin olmamasıdır...”  
 
“Elm və idarəetmə tarixində uğurlu sistemlərin ortaq xüsusiyyətləri çox  araşdırılmışdır. Bu yanaşmalardan biri də "Şvartsman aksiomları" kimi tanınan uğur prinsipləridir...”  
 
“Təhsildə ən təhlükəli yanaşma dəyişikliklərdən qorxmaqdır.  Dünya süni intellekt, rəqəmsal təhsil və fərdi  öyrənmə mərhələsinə keçdiyi halda, Azərbaycanın bir çox məktəblərində hələ də yüz il əvvəlki tədris modelləri üstünlük təşkil edir...”
 
“Bu gün birinci sinfə gedən şagirdin hazırlıq səviyyəsi ölkənin 2040-cı ildəki insan kapitalını müəyyənləşdirəcək.  Amma...”
 
“Səhvlərdən nəticə çıxarmaq, uğurun əsasıdır” (E.  Əmrullayev).  Nazir tez-tez gəlişi gözəl sözlər belə,  desə də, heç vaxt onları öz işində tətbiq etmir...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsildə  təsadüflər yox, düzgün qurulmuş sistemlər uğur qazandırır. Təhsilin uğur aksiomları,  yeni  paradiqmaları ...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Azərbaycan  təhsilinin  yenidən bərpası  mümkündürmü?  
 
Azərbaycan təhsili son 30 ildə tənəzzülə uğradı. Bu gün təhsilimiz özünün son 50  ildə  ən zəif nöqtəsindədir. Orta məktəblər  iflic haldadır. Universitetlər də heç yaxşı durumda deyillər. Təhsildəki uğursuzluq  son 25 ildə keyfiyyətli  insan kapitalının formalaşmasına imkan vermədi.  Təhsilin əsas problemi islahatların olmaması deyil, bu islahatların əsaslanacağı elmi prinsiplərin olmamasıdır.  
 
Son 30 ildə Azərbaycan təhsil sistemində çoxsaylı islahatlar aparılsa da, bunun real nəticəsi olmadı.  Bu müddətdə  kurikulumlar dəyişdi, idarəetmə strukturları yeniləndi, müxtəlif proqramlar qəbul edildi,  müəllimlərin işə qəbulu və sertifikasiya mexanizmləri tətbiq edildi,  amma bununl belə, real  inkişaf  hiss edilmədi.  Bu gün  cəmiyyətin böyük hissəsi təhsilin keyfiyyəti ilə bağlı narahatlıq  keçirir. Artıq ölkənin yüksək səviyyəli məmurları da təhsilə dair öz narahatlıqlarını açıq bildirirlər.  2 ay öncə ölkənin baş nazirinin universitetlərimizin diplomlarının xaricdə, hətta qardaş Türkiyədə belə,  tanınmaması barədə fikirləri  ciddi narahatlığın əlamətidir. Qəribədir ki, ETN özünün tabe olduğu qurumun bu narazılığına qarşı, heç bir reaksiya vermir, konkret proqramlar təklif etmir... 
 
Bu gün  məktəblərin vəziyyətini obyektiv qiymətləndirsək, onun  sistem böhranı yaşadığını etiraf etməliyik. Universitetlər də böhranlı haldadır.  Ali təhsil müəssisələrinin əksəriyyəti elmi-tədqiqat və innovasiya  mərkəzi yox, diplom verən təşkilatlar kimi fəaliyyət göstərir. İnsan kapitalının inkişafı sahəsində gözlənilən nəticələr əldə olunmayıb.
 
Bu vəziyyətin səbəbini yalnız maliyyə çatışmazlığı, müəllim problemi və ya proqramların zəifliyi ilə izah etmək  mümkün deyil.  Əsas problem daha dərindir: təhsil sisteminin inkişafı elmi tədqiqatlara, ciddi elmi  paradiqmalara (elmi aksiomlara)  və uğur prinsiplərinə deyil,  situativ və təsadüfi qərarlara əsaslanmışdır.  Elm göstərir ki, istənilən mürəkkəb sistemin uğuru elmə,  müəyyən qanunauyğunluqlara söykənir. Təhsil də istisna deyil. Amma  təəssüf ki, ETN bütün bu  elmi həqiqətləri yaxına buraxmır... 
 
Bəs  xeyli zəifləmiş Azərbaycan  təhsilinin yenidən dirçəlməsi,  bərpası  mümkündürmü?  Bəli, mümkündür.  Amma  bunun üçün  indiyə qədər edilməyənlər edilməlidir,  elmi bazaya, təhsil paradiqmalarına yeni yanaşmalar olmalıdır...  
 
Təhsildə uğur təsadüfi deyil, planlı olmalıdır... 
 
Hər bir sahənin  səmərəli   fəaliyyəti üçün müəyyən paradiqmalar mövcuddur.  Paradiqma konkret bir sahədə qəbul edilmiş model, çərçivə, yanaşma tərzidir.  Təhsilin də öz paradiqmaları var. Məsələn,  təhsildə yeni paradiqma şagird mərkəzli təlimdir. 
 
Təhsil paradiqması  təhsilin məqsədləri, metodları, qiymətləndirmə sistemi haqqında dominant baxış, yanaşmadır. Məsələn, ənənəvi paradiqma  müəllim mərkəzli, müasir paradiqma  şagird mərkəzli, səriştə əsaslıdır.  Təhsil islahatlarının da paradiqmaları var.  Təhsil islahatları  bu paradiqmalara əsaslanmalıdır:  nəticəyə əsaslanan təhsil, şagird mərkəzli təlim, ömürboyu öyrənmə, texnologiya əsaslı təhsil.   
 
Elm və idarəetmə tarixində uğurlu sistemlərin ortaq xüsusiyyətləri çox  araşdırılmışdır. Bu yanaşmalardan biri də "Şvartsman aksiomları" kimi tanınan uğur prinsipləridir.  Bu aksiomlar  əsasında təhsilin uğur aksiomlarını, yeni təhsil paradiqmalarını formalaşdıra bilərik. Stiven  Şvartsmanın şəxsiyyəti barədə bunu qeyd edim ki, o, dünyanın ən böyük investisiya şirkətinin həmtəsisçisidir. “Blackstone Group” investisiya şirkətinin həmtəsisçisi və “CEO”-sudur.   Dünyanın ən varlı adamları siyahısında 45-ci yerdədir (“Forbes”-ə görə onun sərvəti 27 milyard dollardan çoxdur). Onun müəyyən etdiyi  "Şvartsman  aksiomları"  əsasən  8  prinsipdən ibarətdir (onun yazdığı kitabda əslində 25 prinsip var, lakin  təhsil sitemi üçün bu 8 prinsip daha faydalıdır).  Bu aksiomlar biznesdə, dövlət idarəçiliyində, texnologiya sektorunda və innovasiya sistemlərində öz səmərəsini  çoxdan sübut etmişdir.  Yəni  "Şvartsman aksiomları"   bir çox sahələrin, o cümlədən təhsil sisteminin də idarəedilməsi üçün  fundamental  əhəmiyyət daşıyır. Diqqətlə baxıldıqda,  bu 8  prinsipin hər biri uğurlu təhsil sistemlərinin fəaliyyətində aydın  şəkildə müşahidə olunur.  Finlandiya, Sinqapur, Cənubi Koreya, Estoniya v.s.  ölkələrin uğurlu təhsil modelləri məhz bu prinsiplərə əsaslanır.   
 
Azərbaycan təhsilinin əsas problemlərindən biri  də budur ki,  islahatlar aparılsa da, bu və ya digər  fundamental prinsiplər  sistemli şəkildə tətbiq edilməyib.  "Şvartsman aksiomları"   və onların təhsildə tətbiq imkanlarına diqqət edək.
 
I aksiom: Riskləri qiymətləndir və onlardan istifadə et..
 
İnkişafın ən böyük düşməni risk deyil, riskləri görməməkdir.  Azərbaycan təhsilində uzun illər ərzində   islahatların elmi təminatı, texnoloji transformasiya, distant təhsilin  perspektivləri,  təhsilin inkişafı, onun rəqəmsallaşması  proseslərinin  strateji əsaslarla aparılmaması,  təhsil layihələrinin  normal maliyyələşməsi, layihələrin icrasını çox vaxt  təsadüfi adamlara həvalə edilməsi, müəllim korpusunun yaşlanması,  müəllimlərin fasiləsiz təhsili,  repetitorluğun geniş yayılması, kölgə təhsilinin inkişafı, universitet diplomlarının dəyərsizləşməsi v.s. bu kimi risklər vaxtında düzgün  qiymətləndirilmədi...
 
Müasir idarəetmədə risklərin  idarəedilməsi xüsusi sahə hesab olunur. Təhsil  sistemində  ən böyük risk  son 6-7  ildə  qeyri-peşəkarların kütləvi şəkildə bu sistemdə önəmli vəzifələrə gətirilməsi,  innovativ təşəbbüslərə dəstək verilməməsi,  artan təhsil büdcəsinin  səmərəsiz xərclənməsi v.s.  idi.  Təhsil sistemində  risklərin  düzgün qiymətləndirilməsi, risklərin idarə edilməsi kimi məsələlərin həll  mexanizmlər faktiki olaraq hələ də formalaşmayıb.  Çünki menecerlər  öz fəaliyyətlərinə görə məsuliyyət hissi daşımırlar. Halbuki uğurlu ölkələrdə gələcəkdə yarana biləcək problemlər illər öncədən proqnozlaşdırılır və qabaqlayıcı tədbirlər görülür…
 
II aksiom: Güclü komandalar qur…  
 
Heç bir islahat bir nəfərin və ya bir qurumun səyi ilə həyata keçirilə bilməz.  O cümlədən təhsil  kimi əhatəli və ətalətli sistemdə də. Təhsil sistemində ən böyük problemlərdən biri qərarların məhdud, qeyri peşəkar məmur  çevrəsində hazırlanması, ictimaiyyətin, xüsusən də alimlərin  təklif və rəylərinin nəzərə alınmamasıdır.  Müasir təhsil idarəçiliyi kollektiv intellektə əsaslanmalıdır.  Uğurlu sistemlərdə alimlər, müəllimlər, məktəb direktorları, valideynlər, biznes nümayəndələri, texnologiya mütəxəssisləri  vahid komanda kimi fəaliyyət göstərirlər.  Azərbaycan təhsilində isə çox vaxt təşəbbüs və təkliflər aşağıdan yuxarı deyil, yuxarıdan aşağı istiqamətində yönləndirilir, bir  çox hallarda  isə qeyri-peşəkar və səhv…
 
III aksiom: İnnovasiyalara açıq ol...  
 
Təhsildə ən təhlükəli yanaşma dəyişikliklərdən qorxmaqdır.  Dünya süni intellekt, rəqəmsal təhsil və fərdi  öyrənmə mərhələsinə keçdiyi halda, bir çox məktəblərdə hələ də yüz il əvvəlki tədris modelləri üstünlük təşkil edir. Azərbaycan bəlkə də yeganə ölkədir ki, distant təhsil sistemi kimi mütərəqqi, perspektivli   təhsil texnologiyasının  tətbiqinə  25 ildir ki, məmurlar tərəfindən embarqo qoyulub...   
 
İnnovasiya yalnız texnologiya deyil. İnnovasiya yeni tədris metodları, yeni qiymətləndirmə sistemləri, yeni idarəetmə modelləri, yeni əməkdaşlıq mexanizmləri, inkişafın katalizatorudur.  Təhsil sistemi, məktəblər innovativ  eksperimentlər üçün açıq sistemə çevrilməlidir.
 
IV  aksiom: Etika, etimad və şəffaflıq vacibdir...  
 
Etimad olmadan təhsil sistemi qurmaq mümkün deyil. Valideyn, müəllim və cəmiyyət qəbul edilən qərarların hansı əsaslarla verildiyini bilməlidir. Şəffaflıq  qərarların əsaslandırılması, nəticələrin açıqlanması, səhvlərin etiraf olunması, ictimai hesabatlılıq deməkdir.   Təhsildə etimad kapitalı maliyyə kapitalından daha vacibdir...
 
V aksiom: Uzunmüddətli düşün...  
 
Nazir Emin Əmrullayevin hər dəfə qeyd etdiyi kimi, təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir.  Bu fikir təhsil nəzəriyyəsinin əsas qanunlarındandır.  Amma o bu fikri  elmi olduğu  üçün yox (o elmi sevmir, ARTİ-nin çökdürülməsi buna  sübutdur), özünü və komandasını sığortalamaq üçün deyir. Halbuki təhsildə inkişafı ilk 100 gündən, 1 ildən, 5 ildən sonra da görmək mümkündür (təbii ki, əgər təhsildə inkişaf varsa), daha 20 il çökən təhsili müşahidə etməyə ehtiyac yoxdur... 
 
Bu gün birinci sinfə gedən şagirdin hazırlıq səviyyəsi ölkənin 2040-cı ildəki insan kapitalını müəyyənləşdirəcək.  Amma onun ibtidai təhsili zəifdirsə, dərslikləri bərbaddırsa, yeni yaranacaq bu insan kapitalının nəticəsini  daha  20 il gözləməyin nə mənası?..  
 
Təəssüf ki, bir çox hallarda bizdə ya təhsil strategiyası olmur, ya da bu strategiya uzunmüddətli yox, qısamüddətli nəticələrə hesablanır (təbii ki, bu artıq strategiya deyil, heç taktika da deyil). Halbuki təhsil idarəçiliyinin əsas prinsipi  "Bu qərarın nəticəsi 15 il sonra nə olacaq?"  kimi olmalıdır. 
 
VI aksiom: Nəticələri ölç...  
 
İdarəetmənin qızıl qaydasında yazılır: “Ölçülməyən proses idarə oluna bilməz”.  Azərbaycan təhsilində çoxsaylı göstəricilər mövcuddur.  Bəs bu göstəricilər həqiqətən təhsilin keyfiyyətini əks etdirirmi?  Obyektivdirmi? Manipulyasiyalar varmı? Təcrübə göstərir ki, milli təhsilimizin formalaşdırdığı “data” saxtadır. Reallığa uyğun deyil. Məktəbin uğuru yalnız imtahan nəticələri ilə ölçülə bilməz.  Ölçülməli  vacib xüsusiyyətlər kimi tənqidi düşünmə, yaradıcılıq, əmək bazarına hazırlıq, sosial bacarıqlar, vətəndaşlıq məsuliyyəti v.s. qeyri akademik səriştələr də mühümdür...  
 
VII aksiom: Davamlı öyrən...  
 
Ən təhlükəli təşkilat (şəxs) özünü artıq hər şeyi bilən hesab edəndir.  Bu prinsip  xüsusən  də təhsil sisteminə  aiddir. Uğurlu təhsil sistemləri daim öyrənən sistemlərdir.  Onlar  beynəlxalq təcrübəni araşdırır, pilot layihələr keçirir, nəticələri müqayisə edir, öz səhvlərini təhlil edirlər. Təəssüf ki, menecerlərin  özlərinin  öyrənməyə meylli olmadıqları bir yana, məllimlərin də fasiləsiz öyrənmə və təkmilləşdirmə sistemini məhv ediblər,  təbii ki, yaxşı niyyətlərlə yox.  Bir sözlə ETN  özü də, təhsil ictimaiyyəti də  öyrənən təşkilata çevrilməlidir, nəzərə alsaq ki, menecerlərin bu sahədə təcrübəsi və təhsili yoxdur, onda  menecerlər gündə 24  saat öyrənməlidirlər.  Rəqəmsal transformasiya və süni intellekt epoxasında bu daha aktualdır. 
 
VIII aksiom: Səhvlərdən dərs al...  
 
Təhsildə ən böyük səhv səhvləri görməməkdir  (buna elm lazımdır), daha böyük səhv isə səhvləri gizlətməkdir (bu isə məsuliyyətsizlikdir).  Uğurlu təhsil sistemlərində də uğursuzluq ola bilər, amma onlar uğursuz layihələri  ayrıca təhlil  edirlər...
“Səhvlərdən nəticə çıxarmaq, uğurun əsasıdır” (E.  Əmrullayev).  Nazir tez-tez gəlişi gözəl sözlər belə,  desə də, heç vaxt onları öz işində tətbiq etmir. Biz ETN-nin çoxsaylı səhvlərini 20 ildir ki, məqalələrimizdə işıqlandırırıq, son  illər isə  bunu gündəlik  edirik,  çünki, səhvlər silsilə ilə artır.  Amma bu çoxsaylı  səhvlərin ETN tərəfindən etiraf edildiyini, nə də səhvlərin  düzəldiyini bu 20 ildə heç  görmədik.  Məqsəd günahkar tapmaq deyil, sistemin öyrənməsini, təcrübə toplamasını, inkişafını təmin etmək olmalıdır. Əgər son otuz ildə həyata keçirilən islahatların obyektiv təhlili aparılmasa, eyni səhvlər yenidən təkrarlanacaq. Belə də olur... 
 
Hansı aksiomdan başlamaq lazımdır?..
 
Əgər bu 8 aksiom arasında prioritet  olanları müəyyənləşdirilməli olsaq, ilk növbədə iki aksiom tətbiq edilməlidir:  Birincisi, "nəticələri ölç".  Çünki problemi dəqiq ölçmədən onu həll etmək mümkün deyil. İkincisi isə "güclü komandalar qur". Çünki  zəif komanda ilə yalnız “tərsinə qurulan təhsil sistemi”  qurmaq olar. Təhsil yalnız nazirliyin işi deyil, bu bütövlükdə cəmiyyətin layihəsidir. Bu iki aksiom digər altı aksiomun  tətbiqi üçün baza yarada bilər...
 
Göründüyü kimi,  Azərbaycan təhsilinin əsas problemi islahatların sayının az olması deyil, təhsilin elmi paradiqmalar, elmi aksiomlar üzərində qurulmamasıdır.  Təhsil sisteminin bərpası yeni sənədlərdən, yeni şüarlardan və yeni  “PR” kampaniyalarından daha çox yeni idarəetmə fəlsəfəsinə ehtiyac duyur.  
 
Riskləri görən, nəticələri ölçən, komandalar quran, innovasiyalara açıq, etik, etimadlı  və uzunmüddətli düşünən təhsil menecerləri  və təhsil sistemi formalaşdırılmadan ciddi dönüş yaratmaq çətindir. Əgər bu prinsiplər ardıcıl şəkildə tətbiq edilərsə, ilk nəticələr artıq 5 il ərzində görünə bilər. Əsas nəticələr isə bir nəsil sonra – 10–15 il ərzində ortaya çıxacaq. Çünki təhsilin ən mühüm qanununda yazılıb ki,  təhsildə möcüzələr olmur... 
Təhsildə yalnız düzgün qurulmuş sistemlər uğur qazanır...”
 
Müəllif: dosent İlham Əhmədov