“İlham Əliyev insan kapitalı  haqqında  çox  danışır, biz az  çalışırıq.  Elmə ayrılan  0,2 %  maliyyə,  bilik iqtisadiyyatı qurmağa kifayət deyil…”
 




“Hər uca rütbədən biliniz, fəqət,  alimin rütbəsi ucadır, əlbət!..”- Nizami Gəncəvi   
 
“Elm adamlarının qiymətinin bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər”- Volter
 
“Əgər intellektual potensial həqiqətən ölkənin əsas sərvətidirsə, niyə bu sərvətin yaradıcıları olan alimlər ölkə üzrə orta əməkhaqqından 1,5–2  dəfə az maaş alırlar? Necə ola bilər ki, nazirlər, professorlardan 10-15 dəfə çox maaş alır?..”
 
“İsrail ÜDM-in 5 faizindən çoxunu elmi tədqiqatlara yönəldir…”
 
“ETN-ə  qrant müsabiqələrinə  innovativ  təhsil   layihələri çox təklif etmişik. Amma ETN ənənəsi üzrə qrantları  dostlarının arxaik layihələrinə paylayıb…”
 
“Əgər ölkədə innovasiya yaranmırsa,  startap yaranmırsa, qlobal innovasiya, startap reytinqlərində son pillələrdəyiksə, onda  “İnnovasiya şəhərciyi”  tikməyin nə mənası?..”
 
“XXI əsrdə dövlətlərin sərvəti neft quyularında deyil, alimlərin beyinlərində formalaşır. Bu həqiqəti nə qədər tez  qəbul etsək, gələcəyimiz   bir o qədər  uğurlu olar...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “İlham Əhmədov  İnsan kapitalı  haqqında  çox  danışır, biz az  çalışırıq.  Elmə ayrılan  0,2 %  maliyyə,  bilik iqtisadiyyatı qurmağa kifayət deyil…” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Azərbaycan iqtisadiyyatı son illərdə mühüm bir mərhələyə qədəm qoymuşdur. Neft gəlirlərinin əvvəlki dövrlərlə müqayisədə iqtisadi artıma təsir imkanları xeyli  azalıb.  Ölkənin yeni inkişaf modelinə keçməsini zəruridir.  Əsas məsələ  iqtisadiyyatın necə böyüməsi deyil,  onun  hansı resurslar hesabına böyüməsidir. Bu baxımdan Milli Məclisin deputatı Əli Məsimlinin  parlament iclasında  elm, innovasiya və insan kapitalı ilə bağlı səsləndirdiyi fikirlər təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır.   
Deputatın qeyd etdiyi kimi, Azərbaycanda iqtisadi artım tempinin aşağı düşməsi struktur islahatların sürətləndirilməsini,  investisiyaların artırılmasını tələb edir.  Bəs  investisiyalar hansı istiqamətlərə yönəldilməlidir?  XXI əsrin reallıqları göstərir ki, ən yüksək gəlir gətirən investisiya növü daha neft yataqları, tikinti sektoru, infrastruktur layihələri yox, elm, texnologiyay və insan kapitalına qoyulan investisiyalardır…
 
İnsan kapitalından danışırıq, amma onu maliyyələşdirmirik…
 
Azərbaycanın rəsmi strateji sənədlərində uzun illərdir “neft kapitalının insan kapitalına çevrilməsi” ideyası əsas inkişaf prioritetlərindən biri kimi təqdim edilir. Bu tezis məntiqli və düzgündür. Çünki təbii sərvətlər tükənir, lakin bilik və innovasiya tükənməyən inkişaf mənbəyidir.  
 
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Təbii sərvətlər tükənən sərvətlərdir, tükənməz sərvət isə intellektual potensialdır.”
 
Lakin burada  bir  ziddiyyət ortaya çıxır. Əgər intellektual potensial həqiqətən ölkənin əsas sərvətidirsə, niyə bu sərvətin yaradıcıları olan alimlər ölkə üzrə orta əməkhaqqından 1,5–2  dəfə az maaş alırlar? Necə ola bilər ki, nazirlər, professorlardan 10-15 dəfə çox maaş alır? Belə təzadlı maaş sistemi hansı ölkədə var?.. 
 
İqtisadiyyatın ən vacib qaydalarından biri budur ki,  cəmiyyət hansı sahəyə daha çox dəyər verirsə, həmin sahəni daha yaxşı maliyyələşdirir. Maaş yalnız gəlir deyil, həm də prioritetlərin göstəricisidir. Əgər alimlərin əməkhaqqı orta maaşdan  2 dəfə aşağıdırsa, bu, insan kapitalına verilən real qiymətin göstəricisi kimi qəbul edilə bilər…
 
0,2 % elmə münasibətin statistik ifadəsidir…
 
Əli Məsimlinin səsləndirdiyi ən vacib rəqəmlərdən biri elmə ayrılan vəsaitlə bağlıdır. Hazırda Azərbaycanda elmə ayrılan vəsait ÜDM-in təxminən 0,2 %-nə bərabərdir. Bu rəqəm  adi  statistik göstərici deyil, o, ölkənin gələcəyə baxışının göstəricisidir… 
 
AMEA-nın keçmiş prezidenti,  rəhmətlik  akademik  Mahmud Kərimov elmin maaliyyələşməsi barədə danışanda deyirdi ki, Azərbaycanda elm haqqında çox gözəl sözlər deyilir, amma elmin maliyyələşməsinə çatanda, sanki o gözəl sözlər Azərbaycan elmi haqqında yox, başqa ölkələrin elmi haqqında deyilirmiş… 
 
Bəs başqa ölkələrdə  elmin maliyyələşməsi necədir?..
 
-İsrail ÜDM-in 5 faizindən çoxunu elmi tədqiqatlara yönəldir;
 
-Cənubi Koreyada bu göstərici 4 faizdən artıqdır;
 
-ABŞ, Almaniya və Yaponiyada 3 faiz ətrafındadır;
 
-“OECD”(İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində orta göstərici 2,5 faizə yaxındır.
 
Azərbaycanın 0,2 %  göstəricisi isə inkişaf etmiş innovasiya iqtisadiyyatları ilə müqayisədə yox  səviyyəsindədir.  Belə şəraitdə ölkənin süni intellekt, biotexnologiya, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat sahəsində regional liderə çevriləcəyini gözləmək çətindir.
 
Qeyri-neft sektorunu kim quracaq?..
 
Deputatın qaldırdığı digər mühüm məsələ qeyri-neft sektorunun inkişafıdır.  Son statistik göstəricilər qeyri-neft sektorunda artımın cəmi 0,4 faiz olduğunu göstərir. Bu isə ciddi siqnaldır. Qeyri-neft iqtisadiyyatını kim quracaq?  Yeni iqtisadiyyatın əsas sahələri süni intellekt, proqram təminatı, rəqəmsal xidmətlər, robototexnika, biotexnologiya, yüksək texnologiyalar üzərində formalaşır.  Bu sahələrin əsas resursu  torpaq, neft və qaz yox, alimlər, mühəndislər, tədqiqatçılar və innovatorlardır.  Əgər həmin insanlar kifayət qədər dövlət tərəfindən  dəstəklənmirsə, innovasiya iqtisadiyyatının qurulması  mümkünsüz olur… 
 
Banklar lazımdır, amma təkcə banklar hələ kifayət deyil…
 
Əli Məsimli Aqrar-Sənaye Bankının və İnnovasiya İnkişaf Bankının yaradılması ideyasını da irəli sürmüşdür. Bu təklif maraqlı və aktualdır.  Azərbaycanda innovasiyaların maliyyələşməsi üçün ayrıca bankın yaradılması, innovasiya layihələrinə 0%  biznes kreditlərin verilməsi, vençur kapitalının  inkişafı, bu sahədə çoxsaylı qrant müsabiqələrinin keçirilməsi innovativ inkişafın zəruri şərtləridir, həm də 20 il geçikmiş addımlardır.  
 
İnnovasiya iqtisadiyyatının əsas problemi tək  maliyyə resurslarının çatışmazlığı deyil.  İnnovasiya  siyasətinin, innovasiya ekosisteminin, innovasiya infrastrukturunun  yaradılması zəruridir. Ölkənin heç bir universitetində  innovativ  infrastruktur, innovativ  ekosistem  hələ də yoxdur.  2 il əvvəl universitetlərin birinə layihə təklif etmişdik: universitetin innovativ infrastrukturunun yaradılması  barədə.  Universitetdən bildirdilər ki, çox lazımlı layihədir, bunun əhəmiyyətini anlayırıq, amma bu layihəyə  pul ayırmağa  maliyyə imkanımız  azdır. Lakin 3 aydan sonra həmən universitet bu layihənin dəyərinin 120 misli qədər məbləğdə təmir tikinti tenderi keçirdi… 
 
ETN-ə  qrant müsabiqələrinə  innovativ  təhsil   layihələri çox təklif etmişik. Amma ETN ənənəsi üzrə qrantları  dostlarının arxaik layihələrinə paylayıb. Belə şəraitdə universitetlərimizdə innovasiyaların yaranmaması, startap reytinqlərində  qlobal göstəricilərdən 100  dəfələrlə  zəif göstəricimiz olması təbiidir. 
 
İnnovativ  inkişaf üçün  maliyyə zəruri olsa da, innovasiya siyasəti, innovativ  mühitin, ekosistemin  olması da  çox vacibdir.   İnnovativ ekositem  aşağıdakı komponentlərdən ibarətdir: güclü universitetlər, tədqiqat institutları, startaplar, risk kapitalı fondları, texnologiya transfer mərkəzləri, innovasiya yönümlü dövlət siyasəti v.s.  Bu zəncirin hər hansı bir halqası zəifdirsə, sistem tam işləyə bilmir.  Azərbaycanda isə əsas problem   bu komponentlərin əksəriyyətinin  olmamasıdır.  Ciddi problemlərdən   biri də  məhz universitet-elmi müəssisə-biznes  əlaqələrinin zəif olmasıdır...  
 
Elm xərclər deyil, investisiyadır…
 
Azərbaycan cəmiyyətində və idarəetmə sistemində hələ də elmə ayrılan vəsait   xərc kimi qəbul olunur.  Əslində isə elmə qoyulan vəsait xərc yox,  investisiyadır. Məsələn, yeni texnologiyalar yaranır, məhsuldarlıq  artır,  idxaldan asılılıq  azalır, yüksək maaşlı iş yerləri yaranır, ölkənin rəqabət qabiliyyəti  yüksəlir.  
 
Bu gün dünyanın texnoloji nəhəngləri universitet laboratoriyalarında yaranmış ideyalar əsasında qurulmuşdur. Google, Microsoft, Apple və digər texnologiya şirkətlərinin tarixində universitetlərin rolu  çoxdur.  Bizdə isə olan cüzi maliyyə imkanları da, elmə və alimlərə yox, yenə də təmir-tikinti işlərinə sərf edilir, bu dəfə isə “İnnovasiya şəhərciyi” tikintisi bəhanəsi ilə. Əgər ölkədə innovasiya yaranmırsa (çünki elmə investisiya yoxdur),  startap yaranmırsa (çünki, innovasiya yoxdur), qlobal innovasiya, startap reytinqlərində son pillələrdəyiksə, onda  “İnnovasiya şəhərciyi”  tikməyin nə mənası? İnnovasiya bina və betonla yox, alimlərlə  və biliklə yaranır… 
 
Alimin sosial statusu…  
 
Elm yalnız laboratoriyalarda yaranmır.  Elm ilk növbədə insanların beynində yaranır.  Əgər gənc insan elmdə karyera perspektivi  görmürsə,  doktorantura cəlbedici deyilsə, alimlərin sosial durumu   zəifdirsə,  onda istedadlı gənclər başqa sahələrə yönəlirlər.  Bu isə uzunmüddətli perspektivdə ölkənin elmi potensialını zəiflədir.  
 
Alim haqqında  dahi Nizaminin sözlərini xatırlamaq burda  yerinə düşər:  
“Hər uca rütbədən biliniz, fəqət,  alimin rütbəsi ucadır, əlbət!”…   
 
Volterin 3 əsr əvvəl dediyi fikir də maraqlıdır:  
 
“Elm adamlarının qiymətinin bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər”…
 
İnkişaf etmiş ölkələrdə alim çox   nüfuzlu  peşədir.   Çünki bilirlər ki, gələcəyin iqtisadiyyatı fabriklərdə deyil, laboratoriyalarda yaradılır…  
 
Beləliklə, millət vəkili Əli Məsimlinin səsləndirdiyi fikirlər əslində ciddi bir problemin göstəricisidir:   bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə  postneft   inkişaf modelinin qurulmasıdır. Bu model  elm, innovasiya və insan kapitalı üzərində qurula bilər.  Əgər ölkə həqiqətən bilik iqtisadiyyatına keçmək istəyirsə, onda  elmə ayrılan vəsait dəfələrlə artırılmalıdır, alimlərin əməkhaqları orta maaş səviyyəsindən, ən azı, 2 dəfə yüksək olmalıdır, tədqiqat institutları və universitetlər gücləndirilməlidir, innovasiya siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Əks halda “insan kapitalı”, “innovasiya iqtisadiyyatı” və “rəqəmsal transformasiya” kimi anlayışlar strateji sənədlərdə və çıxışlarda qalacaq. İnsan kapitalı isə real iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilə bilməyəcəkdir…
XXI əsrdə dövlətlərin sərvəti neft quyularında deyil, alimlərin beyinlərində formalaşır. Bu həqiqəti nə qədər tez  qəbul etsək, gələcəyimiz   bir o qədər  uğurlu olar... 
 
Müəllif: Dosent İlham Əhmədov