İran, nəhayət ABŞ-nin ən zəif bəndini tapdı və qarşıdurmanın 107-ci günündə zəif bəndə, dövlət telekanallarında səsələndirdikləri kimi, “boyun əydirdi”. Bu zəif bəndin adı ABŞ prezidenti Donald Trampdır. Hakimiyyətə gəldiyi ilk gündən təcavüzkar dövlət Rusiyanın, indi də İranın yanında olduğunu göstərən ABŞ prezidentinin İranla son razılaşması Vaşinqtonun ciddi strateji məğlubiyyəti, nüfuzunun itirilməsi, pozulmuş dünya nizamının ədalətsiz şəkildə qurulmasına hədiyyəsidir. Hərbi məğlubiyyətlərinə baxmayaraq, İran bir daha Ağ Evi danışıqlar masasında baş əyməyə məcbur etdi və Hörmüz boğazındakı barışmazlığından geosiyasi şantaj kimi istifadə edərək molla rejiminin geri çəkilmədiyi görüntüsünü yaratmağa müvvəffəq oldu. İlk baxışda “ən pis sülh müharibədən yaxşıdır” məntiqilə ABŞ-İran razılaşmasını qəbul etmək olar, amma bu “sülhün” perspektivdə İranın əl-qolunu necə açacağını, ilk növbədə qonşuları üçün, daha sonra körfəz ölkələri üçün, bütövlükdə Yaxın və Orta Şərq üçün necə bir təhlükə mənbəyinə çevriləcəyini proqnozlaşdırmaq çox da çətin deyil. İlk növbədə körfəz ölkələri və bəzi yaxın qonşular İranın Trampı üstələdiyini görəcək və yeni “supergüc”lə, həm də terror siyasəti aparan bir güclə yaxınlaşma axtarmağa başlayacaq. Bu, regional güc balansında təhlükəli bir dəyişiklik yarada bilər. İranın ABŞ-ın danışıqlar aparmaq məcburiyyətində qaldığı əsas oyunçu statusuna qayıtması, yalnız körfəz ölkələrinə deyil, Yaxın Şərq ölkələrinə də açıq bir siqnal göndərir. Onların bir çoxunun bu gündən sonra siyasətlərini yenidən nəzərdən keçirəcəyi ehtimalı çoxdur. İranın "inadkarlığı" və Hörmüz boğazına nəzarətinin Vaşinqtonu necə güzəştə getməyə məcbur etdiyini görən bu ölkələr, təhlükəsizliklərinə tam cavab verə bilməyən Pentaqondan aralanıb Tehranla "yaxınlaşma axtarmağa" başlaya bilər.


Əsas təhlükə ondadır ki, demək olar ki, strateji səhv hesablamaya görə məsuliyyət hazırkı ABŞ administrasiyasının deyil, İsrailin və gələcək Amerika liderlərinin üzərinə düşəcək. Tramp yenə də çıxıb neçəncisə müharibəyə son qoymağından danışacaq, amma qalibi, məğlubu bəlli olmayan bu savaşın daha çox uduzanı ABŞ-nin strateji nüfuzudur. İranla bacarmayan, Çinə heç yaxın gələ bilməz.






ABŞ-nin İranla razılığa gəldiyi 14 maddəlik sənədin özündə qeyri müəyyənlik çox, konkretlik azdır. Ən çox danışılan mövzu zənginləşmiş uran haqqında idi, amma İranın yığdığı tonlarla zənginləşdirilmiş uranın utilizasiyası ilə bağlı bu sənəddə hər hansı bir aydın cavab yoxdur. Birincisi, razılaşmada Tehranın nüvə obyektlərinə heç bir sərt, ultimatum xarakterli məhdudiyyət yoxdur və sazişin bütün strukturu sadəlövhcəsinə teokratik rejimin mifik "xoşməramlılığına" və “söz verməsinə”əsaslanır. İkincisi, təəccüb doğuran Ağ Evin maliyyə səxavətidir. Tramp diktaturanı iqtisadi cəhətdən boğmaq əvəzinə, əslində Tehranın dondurulmuş hesablarını açmağa razıdır və bu da milyardlarla dolları onun boşalmış xəzinəsinə qaytarmaq deməkdir. Düşünməyin ki, molla rejimi bu maliyyəni sosial proqramlar üçün istifadə edəcək, əvvəllər olduğu kimi İsrail sərhədlərindəki proksi qrupların təcili yenidən silahlanmasına sərf olunacaq.


Ağ Evin əsas strateji səhv hesablaması ABŞ-ın nüvə məsələsində faktiki olaraq təslim olmasıdır, burada Tramp əvvəlki bütün sərt mövqelərindən imtina edib. Tramp administrasiyası Tehrana faktiki olaraq "yeni bir xilasetmə xətti" təmin edib. Bu, neft satışı və aktivlərin dondurulması yolu ilə İranın xəzinəsinə milyardlarla dollar gəlirin daxil olması deməkdir. ABŞ və Avropa 60 gün ərzində mövcud sanksiyaları ləğv etməyə hazır olduqlarını bildirdikləri üçün İran nəhəng resurslar alacaq. Bu vəsaitlər ABŞ-nin qadağa qoymaq istədiyi ballistik raketlərin və dronların istehsalına yönələcək, yenidən silahlanma yarışını sürətləndirəcək, eləcə də Hizbullah, Husilər, İraqdakı şiə qüvvələri və Fələstin terror təşkilatlarını maliyyələşdirmək üçün istifadə olunacaq. Bütün bu hərəkətlər İsrailə zərbələr vurur. Əgər İsrail Amerikanın təzyiqinə və geri çəkilməsinə təslim olarsa, bu strateji zərər geridönməz olacaq.


Cəmi bir neçə ay əvvəl İsrail və ABŞ birlikdə İrana qarşı genişmiqyaslı əməliyyatlar apararaq birləşmişdilər. Lakin indi vəziyyət kəskin şəkildə dəyişib: Donald Tramp İsrailə arxa çevirib. İsrailin isə əvvəldən demokratlarla münasibətləri ciddi şəkildə pozulub və indi Vaşinqtonun dəstəyinə arxalana bilən İsrail ABŞ prezidentinin sərt tələbləri, xüsusən də Livandakı əməliyyatları dayandırmaqla üzləşməli olur. Dayandıracaqmı? Bu gün onun şahidi ola bilərik.


Terrorçu qrupların liderlərini məhv etməkdə əhəmiyyətli uğurlar qazanan bir ölkə sonda özünü qisas zərbələrindən qorunmaq məcburiyyətində qaldığı bir vəziyyətdə tapıb. İsrail indi yeni, sərt bir reallıqda mübarizə aparmalı olacaq.


Alınan məlumatlara görə Vaşinqton və Tehranın İsrailin arxasından danışıqlar aparmaq cəhdi İsraildə dərin qıcıqlanmaya səbəb olub və hökumət ABŞ və İran arasında imzalanmış saziş layihəsindən son dərəcə məyus olub. Əslində, İsrailə kinayə ilə qapı göstərilib, qlobal diplomatik prosesin kənarında qalıb. Hadisələrin bu cür inkişafı nəticəsində İsrail daxilində Benyamin Netanyahuya təzyiq artır - sağçı elitalar ondan Trampın diktələrini qətiyyətlə rədd etməsini və millət üçün təhlükəli olan paktı imzalamamasını tələb edirlər. Lakin Baş nazir hələ ki, inadkarlıqla susur və Trampla dostluğu onun son əhəmiyyətli siyasi kozırı olduğu üçün ictimai mübahisədən çəkinir.


İlham İsmayıl