Məktəblərdə aqressiyanın artması və gənclər arasında şiddətə meyilliliyin geniş vüsət alması müasir dövrün ən ağrılı və düşündürücü məsələlərindən birinə çevrilib artıq. Təhsil müəssisələri tarixən biliyin, mədəniyyətin və mənəviyyatın aşılandığı müqəddəs bir ocaq hesab olunsa da, bu gün biz bu məkanların bəzən idarəolunmaz qəzəbin, nifrətin və amansız davranışların poliqonuna çevrildiyinin şahidi oluruq. Şagirdlərin daxili dünyasında fırtınalar qoparan, onları cinayət həddinə çatdıran bu aqressiya bir gündə yaranmır əlbəttə ki. Bu ailədəki soyuqluqdan, sosial mühitdəki ədalətsizlikdən, rəqəmsal dünyanın təqdim etdiyi virtual qəddarlıqdan və ən əsası, cəmiyyətin insani dəyərlərə qarşı laqeydliyindən bəhrələnən uzunmüddətli bir prosesin partlayışıdır. Müəlliminə qarşı silah qaldıran və ya sinif yoldaşına fiziki işgəncə verməkdən çəkinməyən yeniyetmə əslində bizə cəmiyyətdəki böyük bir boşluğun siqnalını verir. Bu boşluq ki sevgi, anlayış və düzgün tərbiyə modelinin itməsidir. Şiddət bu uşaqlar üçün bir ünsiyyət vasitəsinə, özünü təsdiq formasına çevrilibsə, deməli, biz onların ruhuna toxuna biləcək mənəvi körpüləri çoxdan dağıtmışıq. Məktəblərdəki divarlar arasında gizlənən qəzəb artıq gizli qalmır, o, birbaşa həyata və insana qəsd edən real təhlükəyə çevrilir.
Bu ilin fevral ayında Bakının mərkəzində yerləşən, nüfuzlu təhsil ocaqlarından sayılan liseylərin birində baş verən hadisə şagird aqressiyasının hansı dəhşətli həddə çatdığını bütün çılpaqlığı ilə ortaya qoydu. 10-cu sinif şagirdinin evdəki ov tüfəngini götürərək heç bir maneəyə rast gəlmədən liseyə daxil olması və gənc riyaziyyat müəlliminə atəş açması artıq cinayət faktından daha çoxudur. Təhsil sisteminin və ailə institutunun birgə məğlubiyyəti sayılır bu. Məhz həmin hadisə sübut edir ki, şagirdin qəlbindəki qisas hissi və ya idarəolunmaz emosiyalar onu ən yaxınındakı insana, ona elm öyrədən şəxsə qarşı qatilə çevirə bilər. Yeniyetmənin silahla bu dərəcədə asanlıqla təmasda olması və ondan bir problemi həll etmək üçün vasitə kimi istifadə etməsi düşüncə tərzinin necə zədələndiyindən xəbər verir.
Eyni zamanda, məktəb mühitində şahid olduğumuz digər bir qəddarlıq nümunəsi də yaxın zamanlarda şagirdin öz sinif yoldaşının üzünə spirt tökərək onu kibritlə yandırmasıdır. Həmyaşıd zorakılığının ən qorxunc formasıdır bu. Məncə, bu cür hallar münaqişə çərçivəsindən çıxaraq, qarşı tərəfin ağrısından həzz almağa yönəlmiş qəddar bir yanaşmaya çevrilir.
Bu cür hadisələr göstərir ki, bəzi məktəblilər üçün insan həyatı və sağlamlığı artıq heç bir müqəddəslik daşımır. Onlar internet oyunlarında və ya filmlərdə gördükləri şiddət səhnələrini real həyatda tətbiq edərək həmyaşıdlarını qurban seçirlər. Empatiya hissinin, yəni başqasının ağrısını hiss etmək bacarığının bu dərəcədə yox olması, gələcək nəslin psixoloji sağlamlığı üçün ciddi xəbərdarlıqdır.
Bütün bu baş verənlərin kökündə bir çox faktor dayanır. Bu gün bir çox ailələrdə övladın fiziki ehtiyaclarını qarşılamaq valideynlik missiyasının tamamlandığı kimi qəbul olunur. Valideynlər daha yaxşı həyat şəraiti yaratmaq, daha çox qazanc əldə etmək, övladına bahalı telefon, keyfiyyətli geyim və rahat həyat təqdim etmək üçün bütün enerjisini maddi təminata sərf edir. Lakin çox zaman unudulur ki, uşağın ən böyük ehtiyacı cibinə qoyulan pul yox, ruhuna toxunan diqqət, onun daxili aləmini anlayan söhbət və mənəvi yaxınlıqdır. Eyni evin içində yaşayan, amma bir-birinin hisslərinə yadlaşan ailələrdə böyüyən uşaqlar öz emosiyalarını ifadə etməyi öyrənə bilmirlər. Onlar qəzəbini necə idarə etməyi, ağrısını necə bölüşməyi, anlaşılmazlıqlarını necə həll etməyi bilmədən formalaşırlar. Valideynin “təki hər şeyi alım, bəsdi” düşüncəsi əslində görünməz bir boşluq yaradır. Bu boşluq zamanla sevgisizlik, anlaşılmamaq hissi və mənəvi tənhalıqla dolur. Məhz bu mənəvi tənhalıq isə yeniyetməni ya öz içinə qapanmağa, ya da içində topladığı bütün qəzəbi ən sərt formada ətrafına yönəltməyə sövq edir. Çünki dinlənilməyən, anlaşılmayan və mənəvi olaraq tək buraxılan uşaq bir müddət sonra diqqət çəkməyin ən təhlükəli yollarına əl ata bilir.
Ailədaxili münasibətlərin korlanması və valideynlərin övladlarının emosional ehtiyaclarına kor qalması şagirdi yalnızlığa və aqressiyaya itələyir. İnternet məkanında nəzarətsiz qalan uşaqlar orada şiddəti güc, qəddarlığı isə qəhrəmanlıq kimi qəbul edirlər. Məktəblərdəki psixoloji xidmətin zəifliyi, müəllimlərlə şagirdlər arasında mənəvi bağın qırılması da bu qəzəb ocağını alovlandırır. Biz artıq təhsili yalnız rəqəmlər və imtahan nəticələri üzərində yox, şagirdin daxili hüzuru və insani dəyərləri üzərində qurmağa məcburuq. Əks halda, sinif otaqları bilik öyrənilən yer əvəzinə, hər an partlamağa hazır olan gərginlik mərkəzinə çevriləcək. Bu hadisələr kollektiv məsuliyyətsizliyin acı meyvələridir və hər birimiz bu gəncləri şiddətin pəncəsindən qurtarmaq üçün nəsə etməli olduğumuzu anlamalıyıq.