“ŞƏT Bişkek sammitinin Bəyannaməsini oxudum- elə bildim, İslam Əməkdaşlıq Təşkilatının Bəyannaməsini oxuyuram...”
02 Sep 2026, 09:39 2 baxış 10 dəq oxuma
“Məni ən çox təəccübləndirən isə İsrail və ABŞ-ı sərt tənqid edən bu bəyannaməni imzalayanlar arasında Orta Asiya liderlərinin də varlığı oldu...”
“Görünür, o, əmindir ki, bu seçkilərdə Tramp və Netanyahu uğur qazana bilməyəcək, hazırda dünya siyasətini müəyyənləşdirən məlum ölkələr getdikcə öz təsir gücünü itirəcək və qlobal geo-siyasətdə dominantlıq Çinin əlinə keçəcək...”
“Üzv dövlətlər qeyd edirlər ki, Yaxın Şərqdə sülh və sabitliyi təmin etməyin yeganə mümkün yolu Fələstin məsələsinin hərtərəfli və ədalətli həllidir..."
“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammitinin Bəyannaməsini oxudum. Açığı, mənə elə gəldi ki, ŞƏT-in deyil, İslam Əməkdaşlıq Təşkilatının Bəyannaməsini oxuyuram. Bəyannamədə İran və Fələstin birmənalı şəkildə dəstəklənir, ABŞ və İsrailin Yaxın Şərqdə yürütdüyü siyasət sərt şəkildə təndiq edilir, "İran ərazisində çoxsaylı mülki şəxslərin ölümünə və ölkə iqtisadiyyatına ciddi ziyan vuran hərbi hücumlar" pislənilir”.”
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında ŞƏT-in Bişkek sammitinin nəticələrini şərh edərkən bildirib.
Onu ən çox təəccübləndirən isə İsrail və ABŞ-ı sərt tənqid edən bu bəyannaməni imzalayanlar arasında Orta Asiya liderlərinin də varlığı olub:
“Məlumdur ki, Qazaxıstan Prezidenti Qasım-Cömərt Tokayev ötən il noyabr ayında keçirilən "C5+1" formatında Mərkəzi Asiya-ABŞ Zirvə Görüşündə “İbrahim anlaşmaları”nı dəstəkləmiş və ölkəsinin də bu ittifaqda yer alacağını bildirmişdi. Hətta bununla kifayətlənməyib, digər Mərkəzi Asiya ölkələri kimi Kiprin ərazi bütövlüyünü tanıyıb, adanın rum kəsiminə bir səfir göndərmişdi. Beləcə, qardaş Türkiyədə ciddi xəyal qırıqlığı yaratmışdı. Üzərindən 1 il keçməmiş Tokayevin İsrail-ABŞ cütlüyünün "beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozan, beynəlxalq sülh, təhlükəsizlik və sabitlik üçün ciddi risklər yaradan” qüvvə kimi tanıyan bir sənədə imza atması təəccüb doğurmaya bilməzdi. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın bu mövqeyi C5+1 münasibətlərində ciddi qırılmalar yaradacaq”.
Heydər Oğuzun fikrincə, xüsusilə Tokayev kimi təcrübəli və ehtiyatlı bir diplomatın bu bəyanata imza atmaqdan yayınmaması onun ABŞ-də və İsraildə yaxın zamanlarda keçiriləcək seçkilərin mümkün nəticələrinə əminliyi ilə bağlı ola bilər:
“Görünür, Tokayev əmindir ki, bu seçkilərdə Tramp və Netanyahu uğur qazana bilməyəcək, hazırda dünya siyasətini müəyyənləşdirən məlum ölkələr getdikcə öz təsir gücünü itirəcək və qlobal geo-siyasətdə dominantlıq Çinin əlinə keçəcək”.
ŞƏT ittifaqının dünya əhalisinin 43 faizini, qlobal iqtisadiyyatın isə 23 faizini təşkil etdiyini xatırladan siyasi şərhçi hesab edir ki, Tramp komandasının bir neçə aydan sonra öz təbirləri ilə desək, “topal ördəyə” çevrilməsi ehtimalı təkcə Mərkəzi Asiya ölkələrini deyil, Qərbi də ciddi şəkildə düşündürür:
“Artıq bir çox Avropa ölkələrində Rusiya ilə pozulaşan münasibətləri sorğulayan siyasi partiyalar getdikcə nüfuz qazanmağa başlayır, bəzi ölkələrdə sağ təmayüllü siyasi qruplar hakimiyyətə gəlməyə başlayır. Hazırki qlobalist iqtidarlar bu yüksəlişin qarşısını almağa çalışsalar da, hətta bəzən repressiv üsullara əl atsalar da, öz məqsədlərini reallaşdıra bilmirlər. Bu həftənin sonunda Almaniyanın Saksoniya-Anhalt bölgəsində keçiriləcək seçkilərdə irfat sağçı “AfD”-nin qazanacağına şübhə edilmir. Bənzər vəziyyət Fransa, İtaliya, Niderland və s. ölkələrdə də hiss olunur. Hətta 2024-cü il seçkilərində seçicilərin önəmli hissəsinin səsini qazanıb yarışı birinci bitirən Marin Le Penin Milli Birliyi partiyasının hakimiyyətə gəlməsini önləmək üçün Makron cığallıq edib təkrar seçki keçirməyə qərar verdi. Ardınca da bütün sol partiyaları bir araya gətirərək Marin Le Penə qarşı birləşdirdi. Beləcə, sanki Le Penin hakimiyyət haqqını qəsb etdi. Bu cür qanundankənar yollarla hakimiyyəti əldə saxlamağı bacaran sol iqtidarlar Avropa insanının problemlərini nəinki həll edə bilmir, əksinə, getdikcə dərinləşdirir. Nəticədə Avropadakı vəziyyət Çinin xeyrinə dəyişilir. Görünür, Mərkəzi Asiya ölkələrinin liderləri də bu durumu aydın hiss edir və açıq şəkildə Qərb dövlətlərinə qarşı çıxmaqdan çəkinmirlər”.
Heydər Oğuzun fikrincə, ŞƏT-in Bişkek sammiti Bəyannaməsində ən diqqətçəkən məqam Fələstin məsələsinə yanaşmadır:
“Bəyannamədə bildirilir:
"Üzv dövlətlər qeyd edirlər ki, Yaxın Şərqdə sülh və sabitliyi təmin etməyin yeganə mümkün yolu Fələstin məsələsinin hərtərəfli və ədalətli həllidir".
ŞƏT üzvlərinin bu mövqeyi istər-istəməz ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərinin Çinə yönəlməsini tətikləyəcək önəmli tezislərdəndir. Çünki Yaxın Şərqin bir çox ölkələri ABŞ və İsrailin Fələstinlə bağlı siyasətini qəbul edə bilmir, sırf təhlükəsizliklərini təmin etmək məqsədilə onlarla ittifaq qurmağa çalışırdılar. İranla müharibə zamanı ərəb ölkələrinin bu ümidləri də puç oldu. Artıq Yaxın Şərdə bir çox ölkələr yeni alternativ arayışına başlayıblar. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın birgə qurduqları Məkkə ittifaqı da bu arayışların ortaya çıxardığı nəticələrdir. Qeyd edim ki, Çin hələ İran müharibəsi başlamamışdan əvvəl bu ölkə ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri tənzimləmək təşəbbüsündə bulunmuş, bu iki dövlət arasında diplomatik əlaqələri yenidən qurulmasına nail olmuşdu. Amma İranla ABŞ/İsrail savaşı başlayandan sonra İranın körfəz ölkələrini, o cümlədən İranı vurması ilə münasibətlər yenidən pislənmişdir. Münasibətlərin pisləşməsindən ən çox zərər çəkən isə təkcə İran olmamışdı. Onunla bərabər körfəz ölkələri də İran tərəfindən vurulmuş, bu ölkələrdə qurulması nəzərdə tutulan qeyri-neft sektoru tamamilə çökmüşdür. Fikrimcə, Bişkek sammitinin bu bəyannaməsindən sonra körfəz ölkələri də yenidən Çinin təklif etdiyi müharibə əvəzinə yaxın qonşuluq siyasətlərinə geri dönəcəklər.”
Siyasi şərhçinin fikrincə, ŞƏT ölkələrinin İranın nüvə doktrinasına yanaşması da ABŞ və İsrailin əleyhinədir. “Sözügedən Bəyannamədə açıq şəkildə bildirilir:
“ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan başqa, “NPT” (“Nüvə silahlarının yayılmaması haqqında müqavilə” - 5 mart 1970-ci il tarixində qüvvəyə minən bu sənəd ABŞ və SSRİ də daxil olmaqla 40 ölkə tərəfindən imzalanmış, 11 may 1995-ci il tarixində müddətsiz olaraq uzadılmışdır - H.O.) imzalayan digər ölkələr nüvə silahı istehsal edə bilməzlər. Lakin onların dinc nüvə proqramına hüququ var. Onlar mülki nüvə reaktorları tikə və nüvə texnologiyasından tədqiqat və tibb üçün istifadə edə bilərlər...
Məhz bu əsasda ABŞ və İran 2015-ci il nüvə sazişini imzalayıblar - İran uranın zənginləşdirilməsini 3 faizlə məhdudlaşdırmaq barədə razılığa gəlib ki, bu da mülki reaktorlar üçün kifayətdir, lakin nüvə bombası üçün lazım olan zənginləşdirmə səviyyəsindən xeyli aşağıdır”.
Bəyannamədə yer alan bu müddəa faktiki olaraq, İranın nüvə texnologiyasını da davam etdirməsinə yaşıl işıq yandırır və müddəanın yekun hissəsində bu fikir açıq şəkildə qeyd olunur: “ŞƏT üzvləri (İranın) "dinc məqsədlər üçün atom enerjisi tədqiqatları inkişaf etdirmək, istehsal etmək, istifadə etmək və bu sahədə ayrı-seçkilik etmədən ədalətli, davamlı və qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq aparmaq" kimi "ayrılmaz hüquqlarını" vurğuladılar. Onlar bu hüququ məhdudlaşdıran hər hansı bir tədbirin "beynəlxalq hüquqa zidd" olduğunu söylədilər”.
Siyasi şərhçi onu da qeyd etdi ki, ŞƏT üzvlərinin ABŞ-ın İrana qarşı tətbiq etdiyi ikinci dərəcəli sanksiyaları da sərt tənqid ediblər:
“Bəyannamədə bildirilir ki, ŞƏT ölkələri ABŞ-ın İrana və onunla əməkdaşlıq edən digər dövlətlərə sanksiyalar tətbiq olunmasını “BMT və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olan və "qlobal iqtisadiyyata mənfi təsir göstərən” hər hansı "birtərəfli məcburi tədbirlər” kimi qiymətləndirirlər”.
Heydər Oğuzun fikrincə, bəyannamədə qlobal enerji təhlükəsizliyi, kiber-təhlükəsizlik, separatizmə, terrorizmə və ekstremizmə qarşı birgə mübarizə kimi məsələlər də yer alsa da, əsas diqqət İran müharibəsinə və onun nəticələrinə yönəldilib:
“Düzdür, bundan əlavə, sammitdə iştirak edən dövlətlərin bir-biri ilə görüşlərində dilə gətirdikləri bəzi fikirlər də vardı. Amma bunlar ötəri nüanslar olduğundan çox üzərində dayanmaq istəmirəm. Zirvənin əsas əhəmiyyəti yekun bəyannamədə əks olunduğundan mən yalnız bu məqamları şərh etməyə çalışdım”, - Heydər Oğuz bildirib.