Kreml İrəvana seçim vaxtını göstərdi: Aİ, yoxsa Avrasiya İqtisadi İttifaqı? Gümrü bazası və sovet xüsusi xidmətlərinin açılmamış arxivləri fonunda Azərbaycan üçün hansı risklər yaranır?..




 
Putin-Paşinyan görüşündən sonra nə baş verəcək? Gümrü bazası, Qarabağ və Rusiyanın gizli şəbəkələri...
 
Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci yubiley sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında sentyabrın 1-də keçirilən görüş Moskva-İrəvan münasibətlərində yeni mərhələnin konturlarını ortaya qoydu. Putin bir tərəfdən Rusiya-Ermənistan münasibətlərinin strateji xarakter daşıdığını və Moskvanın Ermənistanla əməkdaşlığın davamında maraqlı olduğunu bildirdi, digər tərəfdən isə İrəvanın Avropa İttifaqına inteqrasiya kursunun Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla ziddiyyət təşkil edə biləcəyini açıq şəkildə söylədi. Paşinyan isə Rusiya ilə münasibətlərin onun hökuməti üçün vacib olduğunu, lakin dəyişən regional şəraitdə bu münasibətlərin “yenidən formalaşdırılmasına” ehtiyac yarandığını bildirdi. Tərəflər dialoqu Moskvada davam etdirmək barədə razılaşıblar... 
 
Moderator.az bu araşdırmanı Rusiya, Ermənistan, digər xarici mənbələrə və bir sıra internet materiallarına istinadla hazırlayıb. 
 
Bişkek görüşünün əsas nəticəsi hələlik Moskva ilə İrəvan arasında qopma deyil, əksinə, təzyiq və dialoqun paralel aparılmasıdır. Putin Ermənistanın Aİ istiqamətində hərəkət etmək hüququnu formal olaraq tanıyır, lakin bunun Rusiya ilə iqtisadi münasibətlərə və Aİİ üzvlüyünə təsirlərini açıq şəkildə xəbərdar edir. Putin İrəvandan qərarını “mümkün qədər tez” dəqiqləşdirməsini istəyib. 
 
Putin Paşinyana nələr dedi?..
 
Putinin Bişkekdəki mesajı əvvəlki bəzi sərt Kremlin ritorikasından fərqli olaraq birbaşa hədələyici formada səslənməyib. Əksinə, Rusiya prezidenti “dostluq və qarşılıqlı faydalı münasibətlərin” inkişafından danışıb. Lakin iqtisadi və siyasi xəbərdarlıq kifayət qədər açıq olub.
 
Putinin sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlük istiqamətində hərəkəti onun Aİİ-də qalması ilə problemlər yaradacaq və nəticədə Ermənistan Aİİ bazarındakı üstünlüklərini itirə bilər. Putin Ermənistanın seçim hüququnu tanıdığını bildirsə də, Moskvanın belə bir seçimdən sonra öz ticarət-iqtisadi siyasətini dəyişməli olacağını vurğulayıb... 
 
Paşinyan isə bildirib ki, Ermənistan hazırda Aİİ-dən çıxmaq barədə tərəfdaşlarına rəsmi məlumat verməyib və Aİ-yə üzvlüklə bağlı son qərarın vaxtının hələ yetişmədiyini düşünür. Putin isə buna cavab olaraq Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun qəbul etməsinin faktiki olaraq Aİİ-dən çıxış məsələsini gündəmə gətirdiyini deyib. 
 
Beləliklə, Bişkekdə tərəflər eyni məsələyə tamamilə fərqli hüquqi-siyasi prizmadan yanaşdıqlarını nümayiş etdirdilər.
 
Gümrü kartı: Putin “sabah çıxarıq” dedi...
 
Bişkek görüşündən sonra Putin daha bir mühüm mesaj verdi. O, Ermənistan cəmiyyətinin Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünməsi halında Rusiyanın “sabah” belə Ermənistandan çıxmağa hazır olduğunu söylədi. Putin eyni zamanda bildirib ki, Ermənistan xalqı Rusiya hərbi mövcudluğunun davam etməsini istəyirsə, Moskva əməkdaşlığı davam etdirəcək. 
 
Burada söhbət 1995-ci ildən Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasından gedir. Mövcud razılaşmanın müddəti 2010-cu ildə 2044-cü ilədək uzadılıb. Baza Rusiya üçün Cənubi Qafqazdakı əsas hərbi dayaq nöqtəsidir. 
 
Putinin “istəsəniz, çıxarıq” ifadəsi iki cür oxuna bilər...
 
Birinci variant – Moskva həqiqətən Ermənistanın təhlükəsizlik sistemindən mərhələli çıxmağa hazırdır. İkinci və siyasi baxımdan daha maraqlı variant – Kremlin Ermənistan cəmiyyətinin qarşısına “Rusiya təhlükəsizlik çətiri sizə lazımdırmı?” sualını qoymasıdır.
 
Bu, Paşinyan üçün də asan məsələ deyil. Çünki İrəvan son illərdə Qərblə təhlükəsizlik əməkdaşlığını artırsa da, Rusiya ilə uzun illər ərzində formalaşmış hərbi əlaqələrin hamısını qısa müddətdə əvəz etmək mümkün deyil.
 
Qarabağ məsələsində Moskvanın yeni mövqeyi...
 
Bişkekdən sonra Putinin Qarabağla bağlı mesajları da diqqət çəkir. Kremlin hazırkı xəttində Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan münasibətlərinin keçmiş münaqişə mərhələsi kimi təqdim edilir. Putinin son açıqlamalarında da Qarabağ probleminin həllindən sonra regionda kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün imkan yarandığı vurğulanır. Bu məqam Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki Moskvanın Qarabağ məsələsini əvvəlki status-kvo müstəvisində saxlamaq əvəzinə, münaqişədən sonrakı regional düzən kontekstində təqdim etməsi yeni siyasi reallığın qəbul edildiyini göstərir...
 
Lakin bu, Rusiyanın Cənubi Qafqazdan geosiyasi olaraq imtina etməsi demək deyil. Əksinə, Moskvanın yeni yanaşması belə görünür: Qarabağ məsələsi artıq əvvəlki əsas rıçaq deyil, lakin Azərbaycan-Ermənistan münasibətləri, regional kommunikasiyalar, Ermənistanın təhlükəsizlik seçimi və iqtisadi əlaqələr hələ də Kremlin təsir imkanlarının mühüm sahələridir...
 
Paşinyanı devirmək, yoxsa onun kursunu dəyişdirmək?..
 
Bişkek görüşündən sonra əsas sual “Putin Paşinyanı devirəcəkmi?” formasında qoyulmamalıdır. Daha real sual budur:
Kreml Paşinyanı hakimiyyətdən uzaqlaşdırmadan onun xarici siyasət kursuna təsir göstərə biləcəkmi? 
 
Hazırkı məlumatlar Moskvanın birbaşa hakimiyyət dəyişikliyinə başladığını göstərmir. Əksinə, Putin Paşinyanla dialoqu davam etdirmək istəyir, onu Moskvaya dəvət edir və Rusiya-Ermənistan münasibətlərinin qorunmasından danışır. 
 
Bu mərhələdə Moskvanın əsas rıçaqları daha çox bunlardır:
 
-Rusiya bazarı;
 
-Enerji əlaqələri;
 
-Rusiyanın Ermənistandakı biznes və investisiyaları;
 
-Aİİ üzvlüyü;-
 
-Gümrüdəki hərbi baza;
 
-Rusiya ilə Ermənistan arasında təhlükəsizlik əlaqələri;
 
-Ermənistan daxilində Rusiyaya daha yaxın siyasi və iqtisadi çevrələr;
-İnformasiya və siyasi təsir imkanları.
 
İqtisadi rıçaq: Moskva Ermənistan üçün nə qədər vacibdir?..
 
Putin Bişkekdə Rusiyanın Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olduğunu və ölkənin xarici ticarətində təxminən 30 faizlik paya malik olduğunu bildirib. O, 2026-cı ilin ilk yarısında iki ölkənin ticarət dövriyyəsinin 2,5 milyard dollar olduğunu deyib. 
 
2025-ci ildə Ermənistanın Rusiyaya ixracı təxminən 2,96 milyard dollar təşkil edib. Burada mühüm məqam ondan ibarətdir ki, bu rəqəmə həm Ermənistan mənşəli məhsullar, həm də reeksport daxil olur.  Bu səbəbdən bəzi araşdırmalarda irəli sürülən “Larsın bir həftə bağlanması Ermənistan iqtisadiyyatına 25–30 milyon dollar zərər vuracaq” və ya “ÜDM 1,5–2 faiz azalacaq” kimi rəqəmləri fakt kimi təqdim etmək düzgün deyil...
 
Lakin ümumi mənzərə aydındır:
 
Ermənistanın Rusiya bazarından ciddi asılılığı Moskvanın əlində real iqtisadi təzyiq aləti yaradır. Bu alətin tətbiq ediləcəyini isə indidən fakt kimi söyləmək olmaz.
 
Ən təhlükəli məsələ: ordudakı “gizli şəbəkə” iddiası...
 
Moskvanın Ermənistan ordusunda hazırda konkret gizli agentura şəbəkəsinə malik olduğunu sübut edən açıq sənədlər yoxdur. Lakin bununla yanaşı, Ermənistanın sovet və Rusiya hərbi sistemləri ilə onilliklər boyu formalaşmış dərin əlaqələri də danılmazdır...
 
2021-ci ildə bunun siyasi böhran zamanı nə qədər həssas məsələ ola biləcəyi açıq şəkildə göründü. Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi Paşinyanın istefasını tələb edən bəyanat yaydı. Ermənistan prezidenti həmin vaxt yaranmış vəziyyəti siyasi və hərbi rəhbərlik arasında ciddi fikir ayrılıqlarının nəticəsi kimi təsvir etmişdi. Qasparyan sonradan vəzifəsindən uzaqlaşdırıldı...
Bu hadisə Rusiya tərəfindən idarə olunan çevrilişin sübutu deyil. Amma başqa bir həqiqəti göstərir:
 
Ermənistanda ordunun siyasi böhrana müdaxiləsi real riskdir və belə böhran xarici güclərin təsir imkanlarını artıra bilər... Bu fərqi qorumaq çox vacibdir.
 
Bəs keçmiş sovet “KQB”-nin Azərbaycandakı şəbəkələri?..
 
Məhz burada araşdırmanın daha dərin və az işlənmiş tərəfi ortaya çıxır. Azərbaycanın 35 illik müstəqilliyi dövründə ən azı 70 il ərzində xalqımıza sözün əsil mənasında qan uddurmuş sovet imperiyasının xüsusi xidmətlərinin ölkədəki agentura və təsir şəbəkələrinin tam tarixinin sənədlər əsasında bərpa edilməsi məsələsi hələ də açıq qalır.
 
Söhbət yalnız keçmiş DTK/”KQB”-dən getmir...
 
Sovet təhlükəsizlik sisteminin müxtəlif qolları vardı:
 
-DTK/”KQB” – siyasi təhlükəsizlik, əks-kəşfiyyat, xarici kəşfiyyat və agentura fəaliyyəti;
 
-“QRU” – Sovet Silahlı Qüvvələrinin hərbi kəşfiyyatı(onun bazasında quirulmuş təşkilat bu gün də Rusiya ordusu üçün fəaliyyətini davam etdirir);
 
-SSRİ Xarici Kəşfiyyatının strukturları – xarici ölkələrdə kəşfiyyat və agentura əməliyyatları(bu gün də Rusiya üçün...);
 
-Həmçinin hərbi əks-kəşfiyyat və Kommunist Partiyasının təhlükəsizlik mexanizmləri.
 
Bu strukturların Azərbaycanla bağlı bütün materiallarının bu gün Azərbaycanda əlçatan olduğunu söyləmək mümkün deyil. Azərbaycan Milli Arxiv İdarəsinin məlumatına görə, ölkənin Dövlət Arxivində 1917–2011-ci illəri əhatə edən 1,5 mindən çox fond və yüz minlərlə iş saxlanılır. Lakin bu, keçmiş SSRİ DTK/"KQB", "QRU" və digər mərkəzi sovet təhlükəsizlik strukturlarının Moskva fondlarında olan sənədlərinin Azərbaycana tam qaytarıldığı anlamına gəlmir. 
 
Başqa sözlə, Azərbaycan tarixinin mühüm hissəsi ilə bağlı sənədlərin bir qismi başqa dövlətin arxiv sistemində qala bilər...
 
Ermənistan da sovet "KQB" arxivlərini tam açmayıb...
 
Məsələ yalnız Azərbaycana aid deyil. Ermənistanda sovet repressiyalarının qurbanları ilə bağlı xeyli “KQB” materialı Milli Arxivə verilib və müəyyən sənədlər tədqiqat üçün açılıb. Lakin xüsusi xidmətlərin agentura fəaliyyəti ilə bağlı materialların qapalı qalması barədə arxiv araşdırmaları mövcuddur. Şərqi Tərəfdaşlıq ölkələrində “KQB” arxivlərinin əlçatanlığını araşdıran hesabat Ermənistan üzrə məhz agentura fəaliyyəti ilə bağlı sənədlərin bağlı qaldığını qeyd edir. 
 
Bu məsələni Ermənistanın mövcud qanunvericiliyi də izah etməyə kömək edir. Ermənistanın dövlət və rəsmi sirlər haqqında qanununda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin qüvvələri, mənbələri, metodları, nəticələri, eləcə də bu orqanlarla gizli əməkdaşlıq etmiş və ya edən şəxslər barədə məlumatlar dövlət sirri kimi təsnif edilə bilər. Eyni zamanda qanun müəyyən hallarda məlumatların vaxtından əvvəl deklassifikasiyasına imkan verir. Deməli, Ermənistanda da sovet xüsusi xidmətlərinin keçmiş agentura şəbəkəsini tam bərpa etmək imkanları məhduddur...
 
Niyə  arxiv məsələsi bu gün də əhəmiyyətlidir?..
 
Burada çox mühüm məntiq var. Arxivlərin bağlı olması “sovet agentura şəbəkələri bu gün də fəaliyyət göstərir” demək deyil.
Amma eyni zamanda:
 
Şəbəkələrin 1991-ci ildə tamamilə yox olduğunu sübut etmək üçün də bütün materiallara çıxış lazımdır.Yəni problem məhz informasiya boşluğudur.
 
Əgər 1970–1980-ci illərdə Azərbaycanda və Ermənistanda fəaliyyət göstərmiş agentura şəbəkələrinin adları, kodları, əlaqələri və iş mexanizmləri tam araşdırılmayıbsa, onların müstəqillikdən sonra necə dağıldığını və ya transformasiya etdiyini də tam müəyyənləşdirmək çətindir...
 
Bu, “keçmiş agent bu gün də agentdir” demək deyil... Əksinə, bu iddianı yoxlamaq üçün arxivlərin açılmasına ehtiyac var.
 
Mitroxin arxivi: qapalı sənədlərin nə qədər böyük sirr saxladığının nümunəsi...
 
Sovet kəşfiyyatının fəaliyyətinin onilliklər sonra yeni sənədlərlə üzə çıxa bilməsinin ən məşhur nümunəsi Vasili Mitroxinin topladığı materiallardır. Sovet “KQB”-nin xarici kəşfiyyat arxivində çalışmış Mitroxin minlərlə məxfi sənədin məzmununu gizli şəkildə köçürüb və sonradan Britaniyaya çıxarıb. Bu materiallar artıq açıq elmi tədqiqatın predmetinə çevrilib. 2025-ci ildə “Le Monde” həmin arxivlər əsasında Fransadakı sovet kəşfiyyat şəbəkələri, siyasi təsir əməliyyatları və media daxilindəki əlaqələr barədə yeni məlumatlar dərc edib... 
 
Araşdırma eyni zamanda mühüm xəbərdarlıq edir: “KQB” sənədində bir şəxsin adının çəkilməsi avtomatik olaraq onun agent olması demək deyil. Bəzən həmin şəxs sadəcə hədəf, kontakt və ya uğursuz işə cəlbetmə cəhdinin obyekti olub. Bu detal bizim araşdırma üçün də prinsipial əhəmiyyət daşıyır.
 
Arxivdə adın olması – agentlik sübutu deyil...
 
Agentlik iddiası üçün əlavə sənədlər, əlaqələr, maliyyə məlumatları, əməliyyat materialları və mümkün olduqda müstəqil təsdiq lazımdır...
 
5-ci kalon” anlayışına da belə yanaşmaq lazımdır...
 
Ona görə “5-ci kalon” ifadəsi jurnalist mətnində konkret şəxslərə avtomatik şamil edilməməlidir.
 
Bir şəxsin:
 
-SSRİ-də hərbi təhsil alması;
 
-Rusiyada yaşaması;
 
-Rusiya şirkətində işləməsi;
 
-keçmiş sovet təhlükəsizlik sistemində xidmət etməsi;
 
-Rusiyayönlü siyasi mövqeyə malik olması və s.
onun Rusiya xüsusi xidmətinin agenti olduğunu sübut etmir...
 
Lakin xarici xüsusi xidmətlə gizli əməkdaşlıq faktı konkret sənədlə təsdiqlənirsə, artıq söhbət siyasi simpatiyadan yox, əks-kəşfiyyat məsələsindən gedir.
 
Bu baxımdan Azərbaycanın son illərdə xarici xüsusi xidmətlərlə əməkdaşlıq və xarici təsir iddiaları üzrə apardığı təhlükəsizlik əməliyyatları da ayrıca araşdırılmalı mövzudur.
 
Azərbaycan üçün ən təhlükəli ssenari nədir?..
 
Azərbaycan baxımından ən təhlükəli ssenari Rusiyanın açıq şəkildə “Azərbaycan-Ermənistan sülhünü pozacağını” elan etməsi deyil. Daha real təhlükə sülh prosesinin kövrək mərhələsində idarəolunmaz insidentin meydana çıxmasıdır.
 
Məsələn:
 
-Ermənistan daxilində ciddi siyasi böhran yaranır;
 
-Paşinyanın sülh kursuna qarşı qüvvələr güclənir;
 
-Sərhəddə silahlı insident baş verir;
 
-Tərəflərdən biri bunu digərinin planlı təxribatı kimi təqdim edir;
 
-İnformasiya müharibəsi başlayır;
 
-Daxili siyasi təzyiq artır;
 
-Xarici güclər “təhlükəsizliyin təminatçısı” roluna qayıtmaq üçün fürsət əldə edir.
 
Belə bir ssenarinin reallaşması üçün mütləq “gizli Rusiya şəbəkəsi”nin mövcudluğu da lazım deyil. Zəif dövlət institutları, siyasi parçalanma, dezinformasiya və sərhəddə bir insident özü kifayət edə bilər. Əgər xarici kəşfiyyat və təsir şəbəkələri varsa, onlar belə vəziyyəti daha da ağırlaşdıra bilər...
 
Bəs Rusiyanın Azərbaycandakı mümkün təsir şəbəkələri?..
 
Bu məsələdə də eyni prinsip qüvvədədir. Azərbaycanın müxtəlif dövlət qurumlarında konkret Rusiya kəşfiyyat şəbəkələrinin mövcudluğunu fakt kimi elan etmək üçün açıq mənbələrdə kifayət qədər sübut yoxdur. Lakin sovet dövründən qalan insan əlaqələri, Rusiya ilə iqtisadi və informasiya əlaqələri və iki ölkənin təhlükəsizlik sistemlərinin uzunmüddətli qarşılıqlı əlaqəsi xarici təsir riskini tamamilə nəzəri məsələ də etmir. Bu sahədə ən düzgün yanaşma şəxslərin siyasi mövqeyini deyil, konkret əməliyyat əlaqələrini araşdırmaqdır...
 
Məsələn:
 
-Gizli maliyyələşmə;
 
-Kodlaşdırılmış əlaqələr;
 
-Xarici xüsusi xidmət əməkdaşları ilə sənədləşdirilmiş görüşlər;
 
-Tapşırıq və göstərişlər;
 
-Məxfi məlumatların ötürülməsi;
 
-Xarici hesablar;
 
-Konkret əməliyyat fəaliyyətinin izləri.
 
Bunlar sübut edilərsə, “5-ci kalon” ifadəsi siyasi etiket yox, araşdırmanın nəticəsi ola bilər...
 
Rusiya Ermənistan ordusundakı “gizli” şəbəkədən istifadə edə bilərmi?..
 
Nəzəri olaraq – bəli. Çünki Ermənistanın hərbi sistemi uzun illər Rusiya ilə sıx inteqrasiya şəraitində formalaşıb. Amma hazırda açıq mənbələrdə Kremlin Ermənistan ordusunda konkret gizli agentura şəbəkəsini idarə etdiyini sübut edən sənəd yoxdur. Bu fərqi qorumaq xüsusilə vacibdir.
 
2021-ci il hadisəsi isə göstərir ki, Ermənistan ordusunun siyasi böhrana müdaxilə potensialı tamamilə nəzəri deyil. Həmin vaxt Baş Qərargah rəhbəri və yüksək rütbəli hərbçilər baş nazirin istefasını tələb etmişdilər. Ermənistan prezidentinin rəsmi açıqlamasında da bu bəyanatın 40-dan çox yüksək rütbəli hərbçinin iştirakı ilə verildiyi qeyd olunurdu.  Lakin bunun Kremlin əmri ilə həyata keçirildiyini təsdiqləyən sübut olmadan hadisəni “Rusiyanın çevrilişi” adlandırmaq düzgün deyil.
 
Moskvanın qarşısında indi hansı seçimlər var?..
 
Bişkek görüşündən sonra Kremlin qarşısında bir neçə mümkün istiqamət görünür.
 
1. Paşinyanla kompromis
 
Moskva Ermənistanın Aİ ilə yaxınlaşmasını tam dayandırmağa çalışmaq əvəzinə Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrinin mümkün qədər qorunmasına nail ola bilər.
 
2. İqtisadi təzyiq
 
Ermənistan Aİ istiqamətində sürətlə hərəkət edərsə, Rusiya ticarət, texniki standartlar, məhsul idxalı və digər iqtisadi mexanizmlərdən istifadə edə bilər.
 
3. Gümrü kartı
 
Rusiya hərbi bazasının gələcəyi Ermənistan daxilində ciddi siyasi müzakirəyə çevrilə bilər.
 
Putinin “istəsəniz, sabah çıxarıq” mesajı artıq bu kartın açıq şəkildə masaya qoyulduğunu göstərir. 
 
 
4. Siyasi-informasiya təsiri
 
Moskva Ermənistan cəmiyyətində “Qərb sizə təhlükəsizlik təmin edə bilməz” arqumentini gücləndirməyə çalışa bilər.
 
 
5. Daha sərt ssenari – siyasi böhranın dərinləşməsi
 
Əgər Ermənistan daxilində sülh prosesi, Aİ-yə inteqrasiya və Rusiya ilə münasibətlər ətrafında kəskin parçalanma yaranarsa, Moskvanın birbaşa və ya dolayı təsir imkanları arta bilər.
 
Amma bu, hələlik ssenaridir, fakt deyil.
 
Azərbaycan üçün ən mühüm məsələ: Sülh prosesi...
 
Azərbaycan baxımından ən yaxşı ssenari Azərbaycan-Ermənistan sülhünün hüquqi və siyasi baxımdan mümkün qədər tez möhkəmlənməsidir. Çünki sülhün möhkəmlənməsi:
 
-Ermənistan daxilində hərbi revanşist ritorikanı zəiflədir;
 
-Sərhəd insidentləri üçün siyasi zəmini daraldır;
 
-Rusiyanın “təhlükəsizlik təminatçısı” roluna qayıtmaq imkanını azaldır;
 
-Türkiyənin regional rolunu daha çox iqtisadi və logistika müstəvisinə keçirir;
 
-Kommunikasiyaların açılmasını sürətləndirə bilər;
 
-Xarici güclərin Azərbaycan-Ermənistan qarşıdurmasından rıçaq kimi istifadə imkanlarını məhdudlaşdırır.
 
Bu baxımdan Azərbaycan üçün təhlükə yalnız Rusiyanın hansı addımı atacağı deyil. Əsas təhlükə sülh prosesinin hər hansı xarici və ya daxili faktor tərəfindən yenidən hərbi qarşıdurmaya sürüklənməsidir.
 
Nəticə: Həm Ermənistanda, həm də Azərbaycanda əsl “gizli şəbəkə”ni tapmaq üçün əvvəlcə arxivləri açmaq lazımdır...
 
Bişkek görüşündən sonra ortaya çıxan mənzərə kifayət qədər aydındır. Putin Paşinyanı dərhal devirmək xəttinə keçməyib. Əksinə, onu Moskvaya dəvət edir, münasibətlərin qorunmasından danışır, lakin Ermənistanın Aİ istiqamətində kursunun Rusiya ilə münasibətlərə təsir göstərəcəyini açıq şəkildə bildirir. Eyni zamanda Gümrü bazasını Ermənistanın qarşısına siyasi seçim kimi qoyur.  Deməli, indiki mərhələdə Kremlin əsas modeli daha çox:
 
“Dialoq + iqtisadi təzyiq imkanları + təhlükəsizlik rıçaqları + siyasi və informasiya təsiri” kombinasiyasına bənzəyir.
 
Lakin bu araşdırmanın daha dərin nəticəsi başqadır.
 
Azərbaycan və Ermənistan sovet imperiyasının tərkibindən çıxandan 35 il keçib. Buna baxmayaraq, sovet xüsusi xidmətlərinin regiondakı agentura və təsir mexanizmlərinin tam tarixi hələ də bütün sənədlərlə bərpa edilməyib.
 
“KQB”/DTK, QRU və SSRİ-nin digər təhlükəsizlik strukturlarının Azərbaycan və Ermənistanla bağlı sənədlərinin mühüm hissəsinin harada olduğu, hansı fondların açıq, hansılarının qapalı qaldığı barədə daha sistemli dövlət və akademik araşdırmaya ehtiyac var.
 
Çünki arxiv açılmadan “gizli şəbəkə var” demək fərziyyədir...
 
Amma arxiv açılmadan “gizli şəbəkə yoxdur” demək də elmi nəticə hesab olunmur. Bu, Azərbaycan üçün yalnız tarixi məsələ deyil...
 
Sovet xüsusi xidmətlərinin necə işlədiyini, hansı insan və institutlara nüfuz etdiyini, hansı əlaqələrin müstəqillikdən sonra necə transformasiya olunduğunu bilmədən müasir xarici təsir və əks-kəşfiyyat risklərini tam qiymətləndirmək mümkün deyil. Və burada  milli təhlükəsizlik üçün əsas sual belə qoyula bilər:
 
35 il əvvəl imperiyanın süqutu ilə onun kəşfiyyat şəbəkələri də həqiqətən dağıldımı, yoxsa biz sadəcə onların sonrakı taleyini göstərən arxivlərin böyük hissəsini hələ oxuya bilməmişik?..
 
Bu suala cavab verməyin yolu siyasi şübhələrdən yox, arxivlərdən, məhkəmə materiallarından, kəşfiyyat sənədlərindən və yoxlanılmış faktlardan keçir.
 
Beləliklə, Bişkek sammitindən sonra əsas məsələ artıq kimin Cənubi Qafqazda daha çox təsirə malik olması deyil, bu təsirin Azərbaycan və Ermənistanın gələcəyini hansı istiqamətə aparacağıdır. Ermənistan seçim edir: keçmişin geo-siyasi asılılıqları ilə yeni regional reallıqlar arasında necə balans yaradacaq? Azərbaycan üçün isə əsas hədəf bəllidir – sülhü dönməz etmək, sərhədləri sabitləşdirmək və regionu yeni qarşıdurmalar üçün istifadə olunan meydandan əməkdaşlıq məkanına çevirmək.
 
Əgər Bakı ilə İrəvan arasında münasibətlər həqiqətən yeni mərhələyə keçərsə, nə Moskvanın, nə də başqa xarici güc mərkəzlərinin Azərbaycan-Ermənistan qarşıdurmasından əvvəlki kimi geo-siyasi rıçaq kimi istifadə etmək imkanları qalacaq. Cənubi Qafqazın gələcəyini nə Kreml, nə Vaşinqton, nə Brüssel, nə də başqa paytaxtlar təkbaşına müəyyən etməlidir – bu gələcəyin əsas sahibi regionun öz dövlətləri olmalıdır.
 
Bişkekdən çıxan ən mühüm mesaj da məhz budur: Ermənistanın seçimi Azərbaycanın təhlükəsizliyindən, Azərbaycanın təhlükəsizliyi isə Ermənistanla qurulacaq davamlı sülhdən ayrı deyil. Bu iki ölkə nə qədər tez qarşıdurma məntiqindən qarşılıqlı maraq məntiqinə keçsə, xarici güclərin bölgədə yeni gərginlik yaratmaq imkanları da bir o qədər azalacaq...
 
Hazırladı:
Sultan Laçın