Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri və Sergey Lavrovla keçirdiyi danışıqlarda ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, 2022-ci il Moskva Bəyannaməsinin icrası, "3+3" platforması, eləcə də regional və beynəlxalq gündəlik geniş müzakirə olunub. 


Maraqlıdır, dəyişən geosiyasi reallıqlar fonunda bu görüşün Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı və Cənubi Qafqazda qüvvələr balansı baxımından siyasi-strateji əhəmiyyəti necə qiymətləndirilir?






Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Sahib Alıyev açıqlama verib. 



Deputat bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun son iki ildə Rusiyaya etdiyi ilk rəsmi səfər cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda bir neçə gün əvvəl səsləndirdiyi reallıqdan, yəni iki ölkə arasında mövcud çətinliklərin aradan qalxmasından irəli gəlir:


"Söhbət, ilk növbədə, Rusiyanın Qroznı yaxınlığında sərnişin təyyarəmizin vurulmasına, yumşaq desək, adekvatlıqdan uzaq yanaşmasının dəyişməsindən gedir. Amma bu, ölkələrimiz arasında fikir ayrılıqlarının tam aradan qalxması anlamına gəlmir. Dövlətimizin başçısı elə həmin forumda Bakı ilə Moskva arasında əməkdaşlığın bundan sonra hansı şərtlər çərçivəsində davam etdiriləcəyinə də toxunmuş və bizim üçün nələrin qırmızı xətt olduğunu göstərmişdi. 


O, Rusiya və ondan əvvəl SSRİ-nin tərkibində olduğumuz dövrdə var-dövlətimizin necə talan edildiyini təsadüfən vurğulamırdı. Bununla diqqətə çatdırılırdı ki, Azərbaycan heç bir halda öz müstəqilliyindən vaz keçməyəcək. Cənab Prezidentin regionumuzla bağlı səsləndirdiyi fikirlər də belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqaza geosiyasi rəqabət meydanı kimi yanaşılmasının qəti əleyhinədir və onun geosiyasi subyektə çevrilməsi üçün əlindən gələni edəcək.


Diqqət etdim ki, cənab Lavrov "3+3" formatı üzərində də ayrıca dayandı. Burada da Azərbaycanın bir qırmızı xətti var və onu da bir neçə gün əvvəl Prezidentimiz açıqladı. O qeyd etdi ki, həmin format çərçivəsində danışıqlar təşəbbüsünü ilk irəli sürən Azərbaycan olub və məqsəd də həmin danışıqlar vasitəsilə suverenliyimizin tam bərpasına nail olmaq idi. 


İndi münaqişə də bitib, suverenlik də təmin olunub. Əgər kimlərsə düşünürsə ki, sözügedən formatı başqa bir Minsk qrupuna çevirmək mümkün olacaq, bu, artıq mümkün deyil. "3+3" formatı çərçivəsində ona qoşulan ölkələrin hamısı məsələlərin müzakirəsində bərabərhüquqlu tərəflər statusunda iştirak edə bilərlər.


Moskvada da belə bir qavrayış varmı, açığı, bilmirəm. Amma bütün hallarda, xüsusilə də İranda vəziyyətin gərginləşməsi fonunda, iki ölkə arasında bu danışıqların baş tutmasını müsbət qiymətləndirirəm. Bu səfər bir daha təsdiqləyir ki, Azərbaycan Rusiya ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqda və normal qonşuluq münasibətlərində maraqlıdır".


Pərvin Şakirqızı