Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində də tamamilə yeni inkişaf mərhələsinin əsasını qoydu.
Bu gün işğal dövründə viran qoyulmuş şəhər və kəndlərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, müasir avtomobil və dəmir yolları, hava limanları, yaşayış məntəqələri, sosial obyektlər inşa olunur, "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyaları uğurla reallaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin sayı isə ildən-ilə artır.
Həyata keçirilən bu nəhəng layihələr təkcə dağıdılmış ərazilərin bərpasına deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun ölkənin sosial-iqtisadi inkişafının, regional əməkdaşlığın və dayanıqlı gələcəyin mühüm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Görülən işlərin miqyası və əldə olunan nəticələr Azərbaycanın iqtisadi gücünü, dövlət idarəçiliyinin səmərəliliyini və milli potensialını bir daha nümayiş etdirir.
Moderator.az mövzu ilə bağlı Milli Məclisin deputatları Rizvan Nəbiyev və Nigar Məmmədovanın dəyərləndirmələrini təqdim edir.
Rizvan Nəbiyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri təkcə milli inkişaf layihəsi deyil, beynəlxalq səviyyədə diqqətlə izlənilən postmünaqişə yenidənqurma modelinə çevrilməkdədir:
"Bu proses yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, eyni zamanda geosiyasi, iqtisadi, texnoloji və humanitar baxımdan yeni inkişaf arxitekturasının formalaşdırılmasını ifadə edir. WUF13 çərçivəsində təşkil edilən çoxsaylı tədbirlər və verilən mesajlar bunu aydın göstərdi. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, müharibədən sonrakı yenidənqurma heç vaxt yalnız tikinti prosesi olmayıb. Bu, dövlətin siyasi iradəsinin, iqtisadi gücünün və gələcəyə baxışının göstəricisi hesab olunur.
Tarixdə müharibədən sonrakı ən uğurlu yenidənqurma proqramlarından biri Marşall Planı idi. ABŞ 1948–1952-ci illərdə Avropanın dirçəlişi üçün 13,3 milyard dollar (bugünkü dəyərlə təxminən 150–170 milyard dollar) ayırdı. Azərbaycan isə Qarabağ və Şərqi Zəngəzurun bərpasını əsasən öz milli maliyyə resursları hesabına həyata keçirir və son illərdə bu məqsədlə 22 milyard manatdan artıq vəsait yönəldib. Bu, Azərbaycanın iqtisadi dayanıqlığını və postmünaqişə bərpasını öz gücü ilə reallaşdırmaq imkanını nümayiş etdirən mühüm göstəricidir.
Almaniya, Fransa, İtaliya və digər ölkələr qısa müddətdə dünyanın aparıcı iqtisadiyyatları sırasına yüksəldilər. Cənubi Koreya 1953-cü il Koreya müharibəsindən sonra dünyanın ən kasıb ölkələrindən biri idi. Bu gün isə yüksək texnologiyalar, elektronika, avtomobil sənayesi və innovasiya sahəsində qlobal liderlərdən biridir. Bu transformasiyanın əsasında infrastruktur, təhsil və sənayeləşməyə yönəlmiş uzunmüddətli dövlət siyasəti dayanırdı".
Deputat onu da vurğulayıb ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi siyasət də məhz bu yanaşmaya əsaslanır:
"Dövlət əvvəlcə yolları, hava limanlarını, elektrik şəbəkələrini, su və kommunikasiya sistemlərini qurur, paralel özəl sektor və xarici investorlar üçün əlverişli mühit formalaşdırır. Bu gün Qarabağda tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları da klassik bərpa modelindən fərqli olaraq gələcəyin şəhərlərinin qurulmasına hesablanıb.
Əgər Bosniya və Herseqovinada Dayton Sazişindən sonra infrastrukturun tam bərpası onilliklər davam edibsə, beynəlxalq donorların maliyyə dəstəyi hesabına həyata keçirilibsə, Azərbaycan bu prosesi əsasən öz daxili maliyyə resursları hesabına reallaşdırır. Bu həm də ölkənin iqtisadi dayanıqlığının və maliyyə imkanlarının göstəricisidir. Qarabağın yenidən qurulması Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişir.
Azərbaycan artıq yalnız enerji ixracatçı deyil. Ölkə eyni zamanda Avropa ilə Asiyanı birləşdirən mühüm logistika və nəqliyyat mərkəzinə çevrilir. Qarabağ və Şərqi Zəngəzur bu yeni geoiqtisadi arxitekturanın əsas elementlərindən biridir. Bu baxımdan Zəngəzur dəhlizinin perspektivləri xüsusi əhəmiyyət daşıyır. Dəhlizin tam fəaliyyətə başlaması Azərbaycan vasitəsilə Mərkəzi Asiya, Çin və Avropa arasında yükdaşımaların vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaqla yanaşı, Azərbaycanın tranzit gəlirlərini və strateji əhəmiyyətini də yüksəldəcək.
Digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Avropada son illərdə baş verən enerji böhranı göstərdi ki, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi milli təhlükəsizlik məsələsinə çevrilib. 16 ölkəyə qaz ixrac edən Azərbaycan artıq təbii qazın etibarlı təchizatçısı kimi tanınır. Beynəlxalq Enerji Agentliyi qeyd edir ki, XXI əsrin enerji bazarında əsas rəqabət neft və qazla yanaşı, yaşıl enerji texnologiyaları üzərində qurulacaq. Şərqi Zəngəzur və Qarabağda günəş və külək enerjisi layihələri məhz bu qlobal tendensiyaya cavab verir".
Rizvan Nəbiyev qeyd edib ki, bərpa olunan enerji ehtiyatları 35 GG həcmundı dəyərləndirilən Qarabağ və Şərqi Zəngəzurun "Yaşıl Enerji Zonası" kimi inkişafı isə ölkəmizi bərpa olunan enerji ixracında da mühüm tərəfdaş edə bilər:
"Gələn il ölkəmizin yaşıl enerji istehsalı 4 GG yaxın olacaq, 2032-cil ildə isə bu rəqəm 8 GG təşkil edəcək. Yaşıl enerji istehsalı artdıqca, daxildə təbii qaza olan tələbat 2-3 milyard m3 azalacaq və bu miqdar da ixrac üçün yönləndiriləcək. Mədəni diplomatiya baxımından da görülən bərpa və quruculuq işlər xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Türk Dünyasının da Mədəniyyət Paytaxtı , İslam dünyasının mədəniyyət mərkəzi elan olunması, beynəlxalq musiqi festivalları, Vaqif Poeziya Günləri, Xarıbülbül Festivalı və tarixi abidələrin bərpası göstərir ki, Azərbaycan postmünaqişə bərpasını yalnız fiziki infrastrukturun qurulması kimi deyil, həm də mədəni irsin dirçəldilməsi prosesi kimi həyata keçirir. Bu həm də Şuşanın tarixi, mədəni, ədəbi irsinin bərpası və özünə qaytarılmasıdır.
Humanitar aspekt də xüsusi vurğulanmalıdır. BMT-nin inkişaf konsepsiyasına görə, müharibədən sonrakı dövrdə uğurlu reinteqrasiya yalnız insanların geri qayıtması ilə ölçülmür. Əsas meyar təhlükəsiz yaşayış, məşğulluq, sosial xidmətlər və iqtisadi perspektivlərin yaradılmasıdır.
Azərbaycanın Böyük Qayıdış Proqramı da məhz bu prinsiplər üzərində qurulub. Yeni məktəblər, xəstəxanalar, rəqəmsal xidmətlər, sənaye parkları, aqroparklar və müasir yaşayış məntəqələri insanların doğma torpaqlarında uzunmüddətli məskunlaşmasını təmin etməyə xidmət edir. Bu proses ölkənin demoqrafik inkişafına da müsbət təsir göstərəcək. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dövriyyəyə qoşulması yeni iş yerlərinin açılması, kənd təsərrüfatı və turizmin inkişafı, kiçik və orta sahibkarlığın genişlənməsi üçün geniş imkanlar yaradır.
Qarabağ və Şərqi Zəngəzurun bərpasında xarici dövlətlərin töhfəsi təkcə maliyyə dəstəyi deyil, həm də Azərbaycanın postmünaqişə bərpa modelinə beynəlxalq siyasi dəstəyin göstəricisidir. Xüsusilə türk dövlətlərinin həyata keçirdiyi layihələr Türk dünyasının həmrəyliyinin praktiki ifadəsi kimi qiymətləndirilir. Özbəkistan Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəb inşa edib. Bu, işğaldan azad olunmuş ərazilərdə xarici dövlət tərəfindən maliyyələşdirilən ilk sosial layihə idi və Prezident İlham Əliyev bunu "Azərbaycan xalqına qardaş hədiyyəsi" kimi qiymətləndirmişdi.
Qazaxıstanın Füzuli şəhərində tikdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi uşaqların incəsənət, musiqi və yaradıcılıq sahəsində inkişafına xidmət edir. Qırğızıstanın Ağdam rayonunun Xıdırlı kəndində inşa etdiyi Manas adına tam orta məktəb qırğız xalqının Azərbaycana dostluq töhfəsi kimi qiymətləndirilir.
Macarıstan Cəbrayıl rayonunda müasir tam orta məktəb inşa edib. Bu layihə Macarıstanın Qarabağın yenidən qurulmasına verdiyi ən mühüm sosial töhfələrdən biridir.
Türkmənistan Füzuli şəhərində məscid inşa edir. Layihənin təməli Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə görüşü çərçivəsində qoyulub və bu, ortaq tarixi-mədəni irsə verilən önəmin simvolu hesab olunur. Slovakiya Prezidenti Peter Pelleqrininin 2026-cı il iyulun 14-də Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndində inşa ediləcək General Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin təməli qoyulub.
Məktəb Slovakiya şirkətlərinin həyata keçirdiyi "Ağıllı kənd" (Smart Village) layihəsinin tərkib hissəsidir. Bütün bunlarla yanaşı, Qarabağın bərpası Azərbaycanın beynəlxalq nüfuzunu da gücləndirir. Bu gün bir çox xarici ekspertlər Azərbaycanın postmünaqişə bərpa modelini öyrənirlər.
Çünki burada klassik yenidənqurma ilə yanaşı, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, ağıllı idarəetmə, dayanıqlı şəhərsalma və innovativ texnologiyalar vahid konsepsiya şəklində həyata keçirilir.
Əgər XX əsrdə dövlətlərin nüfuzu əsasən hərbi və iqtisadi güclə ölçülürdüsə, XXI əsrdə həm də ölkələrin, xüsusilə "orta güc"lərin rəqabət üstünlüyü onların innovasiya, dayanıqlılıq, yaşıl inkişaf və insan kapitalına yatırımları ilə müəyyən olunur. Qarabağ və Şərqi Zəngəzur məhz bu yeni inkişaf fəlsəfəsinin praktik nümunəsinə çevrilir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq siyasəti Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi ilə yanaşı, ölkəmizin geosiyasi çəkisini artıran, iqtisadi potensialını genişləndirən, enerji və nəqliyyat təhlükəsizliyində rolunu gücləndirən, yumşaq güc imkanlarını zənginləşdirən və Cənubi Qafqazda uzunmüddətli sabitliyə xidmət edən strateji inkişaf modelidir.
Bu model göstərir ki, hərbi və siyasi-diplomatik yolla qazanılan Zəfərin ən böyük davamı sülh şəraitində qurulan güclü dövlət, rəqabətqabiliyyətli iqtisadiyyat və firavan cəmiyyət quruculuğudur".
Milli Məclisin deputatı Nigar Məmmədova isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini belə dəyərləndirib:
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir şəhərsalma prinsiplərinə əsaslanan layihələr, beynəlxalq standartlara uyğun infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, eləcə də “yaşıl enerji” zonasının formalaşdırılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.
İşğaldan azad olunmuş ərazilərdə görülən işlər yalnız dağıdılmış şəhər və kəndlərin bərpası ilə məhdudlaşmır. Burada tamamilə yeni iqtisadi model formalaşdırılır. Müasir avtomobil və dəmir yolları, beynəlxalq hava limanları, enerji və rəqəmsal kommunikasiya infrastrukturu regionun gələcək inkişafı üçün möhkəm baza yaradır. Bu layihələr Qarabağ və Şərqi Zəngəzuru ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiya etməklə yanaşı, Azərbaycanın regional logistika və nəqliyyat imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilər dünyanın ən müasir yaşayış məkanlarından birinə çevriləcək: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.” Ağdam, Füzuli, Şuşa, Zəngilan, Laçın və digər şəhərlərdə aparılan tikinti və bərpa işləri bunun praktik nümunəsidir".
Millət vəkili vurğulayıb ki, Azərbaycanın tətbiq etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” modeli regionun gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu konsepsiya rəqəmsal idarəetmə, innovativ kommunal xidmətlər, müasir nəqliyyat, yüksəkkeyfiyyətli sosial xidmətlər və ekoloji dayanıqlılıq prinsiplərini özündə birləşdirir:
İlk “ağıllı kənd” layihəsinin Zəngilan rayonunun Ağalı kəndində uğurla həyata keçirilməsi göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur gələcəyin yaşayış modeli üçün nümunəyə çevrilir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Bu qərar Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı hesab olunur. Qarabağ və Şərqi Zəngəzur zəngin hidroenerji, günəş və külək potensialına malikdir. Burada bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək, karbon emissiyalarının azaldılmasına və yaşıl iqtisadiyyatın inkişafına mühüm töhfə verəcək.
Həmçinin davamlı məşğulluq, keyfiyyətli təhsil və səhiyyə xidmətləri, müasir kommunal sistemlər, təhlükəsiz və rahat yaşayış mühiti formalaşdırılmaqdadır. Dövlət tərəfindən həyata keçirilən kompleks proqram da məhz bu məqsədlərə xidmət edir. Qarabağda həyata keçirilən layihələrin iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Yeni sənaye zonalarının yaradılması, kənd təsərrüfatının bərpası, turizm potensialının inkişafı və sahibkarlığın təşviqi regionun iqtisadi fəallığını artırır.
Eyni zamanda, yeni nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq tranzit imkanlarını genişləndirərək ölkənin regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Azərbaycanın iqtisadi potensialını artırmaqla yanaşı, regionda dayanıqlı sülh və inkişaf üçün də mühüm zəmin yaradır.
Böyük Qayıdış proqramı məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməklə yanaşı müasir texnologiyalar, yaşıl iqtisadiyyat və innovativ idarəetmə prinsipləri üzərində qurulan yeni inkişaf modelinin formalaşdığını göstərir. Təsadüfi deyil ki, bu gün azad edilmiş torpaqlarda 90 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. Bu, Böyük Qayıdış Proqramının uğurla icra olunduğunu göstərir".
Pərvin Şakirqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.