Bildiyiniz kimi, ötən gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni və genişmiqyaslı hücum dalğasına başladığını açıqlayıb və bu, Yaxın Şərqdə gərginliyi yenidən pik həddə çatdırıb. Maraqlıdır, ABŞ-ın İrana qarşı hərbi təzyiqləri fonunda Tehranın səsləndirdiyi sərt cavab mesajları real hərbi strategiyanın tərkib hissəsidir, yoxsa daha çox qarşı tərəfi çəkindirməyə hesablanmış siyasi-psixoloji gedişdir?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Samir Hümbətov açıqlama verib.
Politoloq qeyd edib ki, ABŞ-ın İrana hücumu təkcə ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla məhdudlaşmır:
"Eyni zamanda, İranın da Yaxın Şərqdə və öz sərhədlərinə yaxın ərazilərdə yerləşən ABŞ-a məxsus hərbi obyektlərə və mülki infrastrukturlara zərbələr endirməsi ilə müşayiət olunur. Yəni, söhbət qarşılıqlı şəkildə həyata keçirilən hücumlardan gedir. Burada diqqət çəkən başqa bir mühüm məqam da var.
Bu qarşılıqlı hücumlar təkcə ABŞ və İran arasında genişmiqyaslı müharibə ehtimalını artırmır, eyni zamanda körfəz və ərəb ölkələrinin İrana qarşı vahid koalisiya şəklində çıxış etməsi riskini də gücləndirir. Bu isə cəbhənin daha da genişlənə biləcəyinə dair ciddi siqnallar verir. Digər tərəfdən, İranın Yaxın Şərqdə əlaqələrini qoruyub saxladığı ciddi proksi qrupları mövcuddur. Bu amil qarşıdurmanın daha geniş miqyas almasına və yeni toqquşmaların yaranmasına səbəb ola bilər.
Əslində, ABŞ ilə İran arasında baş verən son qarşıdurmalar Yaxın Şərqdə gərginliyin daha da artacağının əsas siqnallarından biri kimi qiymətləndirilə bilər. Düzdür, hadisələrlə bağlı geniş məlumatlar yayılmır, informasiya kifayət qədər məhdud şəkildə təqdim olunur. İstər İran, istərsə də ABŞ tərəfi döyüş meydanında baş verən hadisələri yalnız qısa fraqmentlərlə ictimaiyyətə çatdırır. Hər iki tərəf mümkün qədər öz itkilərini və dəymiş ziyanı gizlətməyə, əvəzində qarşı tərəfin itkilərini ön plana çıxarmağa çalışır".
Samir Hümbətov vurğulayıb ki, bu da prosesin qapalı informasiya şəraitində davam etdiyini göstərir:
"Hesab edirəm ki, hazırda baş verən toqquşmalar ABŞ-İran qarşıdurmasının üçüncü mərhələsinin real göstəricisidir. Bəs bu qarşıdurmanın tempi daha da arta bilərmi?
Əlbəttə, bu ehtimal kifayət qədər böyükdür. Əgər proses bu şəkildə davam edərsə, qarşıdurmanın miqyası daha da genişlənə bilər. Əgər hadisələr bu templə davam edərsə, düşünmürəm ki, müharibə yalnız ABŞ və İran arasında məhdudlaşacaq. Artıq bir neçə ölkənin də bu prosesə cəlb olunması ehtimalı formalaşır. Bu isə Yaxın Şərqin ciddi təhlükəsizlik problemi ilə üz-üzə qaldığını göstərən mühüm amillərdən biri ola bilər. ABŞ-ın İranı tamamilə işğal edərək onu sıradan çıxara biləcəyini söyləmək o qədər də real görünmür.
Çünki İran böyük dövlətdir və istər-istəməz güclü orduya malikdir. Bundan əlavə, ölkənin mürəkkəb relyefi və əhalinin psixoloji hazırlığı Amerikanın belə bir ssenaridə qələbə qazanmaq ehtimalını şübhə altına alır. Digər tərəfdən, İranın da ABŞ üzərində qələbə qazanacağını söyləmək real görünmür. Çünki ABŞ İranın bu hərəkətlərinə görə Yaxın Şərqdən çəkiləcək dövlət deyil. Bu baxımdan, qarşıdurmanın uzunmüddətli perspektivdə müxtəlif mərhələlər üzrə davam edəcəyi daha inandırıcı görünür. Ümumilikdə isə ehtimallar onu göstərir ki, regionda gərginlik uzunmüddətli xarakter alacaq və Yaxın Şərqin təhlükəsizlik arxitekturası uzun müddət ciddi təzyiq və zərbə altında qalmağa davam edəcək".
Pərvin Şakirqızı