“Jurnalist olmaq ideyası mənim üçün birdən-birə yaranmış bir fikir deyil. Bu, illər boyu formalaşan, həyat tərzim və böyüdüyüm mühitlə birbaşa əlaqəli olan bir seçimdir. Mən uşaqlıqdan jurnalistlərlə ünsiyyətdə olmuşam, onların iş prosesini yaxından görmüşəm və demək olar ki, bu sahənin içində böyümüşəm. Daim kameralar qarşısında olmaq, çəkiliş mühitini hiss etmək, insanların necə danışdığını, sualların necə verildiyini izləmək məndə bu sahəyə qarşı təbii maraq yaradıb. Zaman keçdikcə başa düşdüm ki, jurnalistika sadəcə kamera qarşısında görünmək deyil. Bu, məsuliyyət, araşdırma, obyektivlik və cəmiyyətə təsir etmək deməkdir. Mənə ən çox təsir edən məqam isə insanların səsini çatdırmaq, onların problemlərini işıqlandırmaq və həqiqəti ortaya çıxarmaq imkanıdır. Çünki jurnalist olmaq, yalnız məlumat ötürmək yox, həm də cəmiyyətə yön vermək, insanlara doğru informasiya təqdim etməkdir. Həm də mən artıq bu mühitə yad deyiləm. Kameralar qarşısında özümü rahat hiss edirəm, fikirlərimi ifadə etməkdən çəkinmirəm və insanlarla ünsiyyət qurmaq mənim üçün çətin deyil. Bu xüsusiyyətlərim də jurnalistika sahəsinə yönəlməyimdə mühüm rol oynayıb. Jurnalist olmaq ideyası mənim üçün təsadüfi deyil. Bu, uşaqlıqdan içində olduğum mühitin, qazandığım təcrübənin və daxili marağımın nəticəsidir. Mən bu sahədə özümü görürəm və gələcəkdə daha peşəkar şəkildə inkişaf etdirərək cəmiyyət üçün faydalı bir jurnalist olmaq istəyirəm. Bu gün bizim günümüzdür, peşəsini layiqincə icra edən bütün media nümayəndələrinin bayramını təbrik edirəm”.
 




Bunu Moderator.az-a açıqlamasında mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova deyib.

O daha sonra jurnalistlərin hər zaman anasına dəstək olduqlarını bildirib:
 
“Düşünürəm ki, anam yaşasaydı, mənim bu yolu seçməyimlə fəxr edərdi. Çünki o özü də sənət insanı idi, aktrisa olub və bu mühitin içində yaşayırdı. Mən uşaqlıqdan həm onun səhnədəki gücünü, həm də jurnalistlərlə olan münasibətini görmüşəm. Jurnalistlərin anama göstərdiyi diqqəti, qayğını hiss edirdim, eyni zamanda anamın da onlara olan hörmətini və səmimiyyətini görürdüm. Bu qarşılıqlı münasibət mənim yaddaşımda çox dərin iz buraxıb. Mənə elə gəlir ki, anam bu sahənin dəyərini yaxşı bilirdi. Ona görə də mənim jurnalistikanı seçməyimi dəstəkləyərdi. Əlbəttə, ana olaraq müəyyən narahatlıqları da olardı, bu sahənin çətinliklərini, məsuliyyətini bildiyi üçün bəlkə də məni qorumaq istəyərdi. Amma ümumilikdə inanıram ki, o, mənim seçimimi anlayar, dəstəkləyər və ən əsası mənimlə qürur duyardı”.
 
Gövhər Qafarova gələcək planlarından da danışıb:
 
“Jurnalistika ilə bağlı ən böyük arzum sadəcə uğurlu olmaq deyil. Mən iz qoymaq istəyirəm. Elə işlər görmək istəyirəm ki, insanlar baxanda hiss etsin, düşüncəsi dəyişsin, yaddaşında qalsın. Amma bu arzunun mərkəzində bir ad var, o da anamdır. Mənim ən böyük istəyim onun haqqında öz müəllifliyimlə elə bir layihə hazırlamaqdır ki, bu, sadəcə bir reportaj olmasın. Bu, onun həyatının, sənətinin, hisslərinin həqiqi hekayəsi olsun. İnsanlar onu yalnız səhnədə gördükləri obrazlarla yox, bir ana, bir insan kimi tanısınlar. Çünki mən onu itirmişəm, amma xatirəsini itirmək istəmirəm. İstəyirəm ki, mənim işim vasitəsilə o yenidən “danışsın”, yenidən hiss olunsun. Bu mənim üçün təkcə jurnalistika deyil, bu, mənim borcumdur. Əgər bunu bacara bilsəm, onda deyə bilərəm ki, həqiqətən jurnalist olmuşam”.