Sertifikasiyası ilə attestasiyasının fərqini bilməyənlər... -TƏHSİL EKSPERTİ
23 Jul 2026, 13:33 34 baxış 10 dəq oxuma
Hər uca rütbədən biliniz fəqət Alimin rütbəsi ucadır, əlbət...
Nizami Gəncəvi
“Professorun fəaliyyətini məktəb müəlliminin peşə qiymətləndirilməsi modeli ilə eyniləşdirmək elmi və metodoloji baxımdan düz deyil...”
“Dünyanın aparıcı universitetlərində professor aşağıdakı göstəricilər üzrə qiymətləndirilir: “Scopus” və “Web of Science” nəşrləri, h-indeks, sitatların sayı, beynəlxalq qrantlar, patentlər, innovasiya fəaliyyəti, doktorant hazırlığı, akademik liderlik, universitetə gətirdiyi maliyyə, tədrisin keyfiyyəti...”
“Universitet müəllimi yalnız dərs demir. O, alimdir, tədqiqatçıdır, innovatordur, ekspertidir, doktorant rəhbəridir, beynəlxalq layihələrin iştirakçısıdır...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Sertifikasiyası ilə attestasiyasının fərqini bilməyənlər...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
XXI əsrdə dövlətlərin inkişaf səviyyəsi ilk növbədə onların insan kapitalı, elmi potensialı və universitetlərinin rəqabət qabiliyyəti ilə ölçülür. Dünyanın inkişaf etmiş ölkələrində universitet artıq sadəcə təhsil verən təşkilat deyil, həm də bilik istehsal edən, innovasiya yaradan, yeni texnologiyalar hazırlayan və milli təhlükəsizliyin intellektual sütununu təşkil edən strateji institutdur. Belə şəraitdə universitet müəlliminin fəaliyyəti yalnız tədrislə məhdudlaşmır. Professor eyni zamanda alim, tədqiqatçı, innovator, doktorant rəhbəri, beynəlxalq layihələrin iştirakçısı və elmi məktəbin yaradıcısıdır. Məhz buna görə də professorun fəaliyyətini məktəb müəlliminin peşə qiymətləndirilməsi modeli ilə eyniləşdirmək elmi və metodoloji baxımdan düz deyil...
Son günlər universitet müəllimlərinin məktəb müəllimləri kimi sertifikasiyadan keçirilməsi barədə müxtəlif təkliflər eşidilir. İlk baxışdan bu yanaşma təhsildə keyfiyyətin artırılması məqsədi daşıyırmış kimi görünə bilər, amma ali təhsilin mahiyyəti, universitetlərin institusional xüsusiyyətləri, akademik azadlıq prinsipi və beynəlxalq təcrübə göstərir ki, universitet müəlliminin fəaliyyətinin qiymətləndirilməsi məktəb müəllimlərinin sertifikasiyası modeli ilə eyniləşdirilə bilməz. Bu məsələdə sertifikasiya və attestasiya anlayışlarının fərqi, universitet muxtariyyətinin hüquqi əsasları, UNESCO və OECD sənədləri, Avropa universitet modeli və Azərbaycanın ali təhsil siyasəti kontekstində bu təşəbbüs elmi cəhətdən təhlil edilmədən düzgün fikir söyləmək çətindir...
Universitet təkcə təhsil müəssisəsi deyil, o, yeni bilik istehsal edən, elmi məktəblər formalaşdıran, innovasiya yaradan, ölkənin intellektual təhlükəsizliyini təmin edən strateji institutdur. Məhz buna görə də professorun fəaliyyəti ilə məktəb müəlliminin fəaliyyətini eyni inzibati mexanizmlərlə qiymətləndirmək metodoloji baxımdan düzgün deyil...
Bəs görəsən, universitet professorunun peşəkarlığı necə qiymətləndirilməlidir: dövlət sertifikasiya imtahanı ilə, yoxsa beynəlxalq akademik standartlara uyğun elmi fəaliyyət göstəriciləri ilə?
Bu sual həm pedaqoji, həm də hüquqi, institusional və strateji xarakter daşıyır.
Sertifikasiya və attestasiya fərqli qiymətləndirmə modelləridir...
Pedaqoji ədəbiyyatda bu anlayışlar tez-tez qarışdırılır. Sertifikasiya müəyyən peşə standartlarına uyğunluğun yoxlanılmasıdır. Attestasiya isə əməkdaşın ümumi akademik fəaliyyətinin kompleks qiymətləndirilməsidir...
Universitet müəlliminin əsas funksiyaları elmi tədqiqat, yeni bilik istehsalı, magistr və doktorant hazırlığı, beynəlxalq elmi əməkdaşlıq, innovasiya fəaliyyəti, layihələrin icrası, elmi məktəb yaratmaqdan ibarətdir. Bu fəaliyyətlər test və ya standartlaşdırılmış imtahan vasitəsilə ölçülə bilməz...
Universitet professorunun fəaliyyəti necə qiymətləndirilir?..
Dünyanın aparıcı universitetlərində professor aşağıdakı göstəricilər üzrə qiymətləndirilir: “Scopus” və “Web of Science” nəşrləri, h-indeks, sitatların sayı, beynəlxalq qrantlar, patentlər, innovasiya fəaliyyəti, doktorant hazırlığı, akademik liderlik, universitetə gətirdiyi maliyyə, tədrisin keyfiyyəti. Başqa sözlə, professorun əsas "imtahanı" hər gün davam edir...
Akademik azadlıq ali təhsilin əsas prinsipidir…
UNESCO-nun 1997-ci il ali təhsil professor- müəllim heyətinin statusuna dair tövsiyəsi ali təhsil müəllimlərinin hüquqlarını və universitetlərin muxtariyyətini qoruyan əsas beynəlxalq sənəddir. Sənəddə universitet muxtariyyəti akademik azadlığın institusional forması kimi təqdim olunur və dövlətlərdən bu muxtariyyəti qorumaq tələb edilir. OECD-nin ali təhsil sistemləri üzrə araşdırmaları da göstərir ki, inkişaf etmiş ölkələrdə universitetlər kadr siyasəti, akademik fəaliyyət və daxili idarəetmə məsələlərində geniş muxtariyyətə malikdirlər. Bu səbəbdən professorların fəaliyyətinə dair qərarlar əsasən universitetlərin öz akademik strukturları tərəfindən qəbul edilir…
Universitet professoru məktəb müəllimi deyil…
Universitet müəllimi yalnız dərs demir. O, alimdir, tədqiqatçıdır, innovatordur, ekspertidir, doktorant rəhbəridir, beynəlxalq layihələrin iştirakçısıdır... Professorun fəaliyyəti yaradıcı intellektual fəaliyyətdir. Yaradıcı fəaliyyət isə inzibati standartlarla deyil, elmi nəticələrlə qiymətləndirilir.
Dünya universitetləri hansı istiqamətdə inkişaf edir?..
Hazırda Harvard, Oxford, Cambridge, MIT, ETH Zurich, National University of Singapore kimi universitetlər aşağıdakı prioritetlər üzərində işləyirlər: süni intellekt əsaslı tədqiqatlar, açıq elm, böyük verilənlər, rəqəmsal laboratoriyalar, platforma universitetləri, multidissiplinar elm, beynəlxalq konsorsiumlar. Belə şəraitdə professorların əsas problemi sertifikasiya deyil. Əsas məsələ professorların elmi məhsuldarlığını artırmaq, beynəlxalq qrantlara çıxışını genişləndirmək, rəqəmsal elmi infrastruktura çıxışını təmin etməkdir…
Sertifikasiya hansı riskləri yarada bilər?..
Belə mexanizmin tətbiqi belə risklər doğura bilər: universitet muxtariyyətinin zəifləməsi, akademik azadlığın məhdudlaşması, professor peşəsinin nüfuzunun azalması, elmi fəaliyyətin formal testlərə endirilməsi, əlavə bürokratik yük, alimlərin vaxt və resurs itkisi. Bu isə elmi məhsuldarlığı artırmaq əvəzinə azalda bilər…
Azərbaycan üçün əsas prioritet nə olmalıdır?..
Azərbaycan hazırda rəqəmsal transformasiya və innovativ iqtisadiyyat mərhələsinə daxil olmağa çalışır. Belə şəraitdə dövlətin əsas vəzifəsi alimləri yeni inzibati prosedurlarla məşğul etmək deyil. Əsas prioritetlər universitetlərin akademik muxtariyyətinin genişləndirilməsi, layihə əsaslı maliyyələşmə, beynəlxalq qrantların artırılması, açıq elm siyasəti, Milli Elm Platformasının yaradılması, süni intellekt əsaslı elmi infrastruktur, universitet–sənaye əməkdaşlığı olmalıdır:
Hüquqi baxımdan məsələyə baxış…
Ali təhsil haqqında müasir qanunvericilikdə universitetlərin özünüidarəetməsi və akademik müstəqilliyi əsas prinsiplərdən biri hesab olunur. Əgər professorların peşəkarlığının qiymətləndirilməsi mərkəzləşdirilmiş inzibati sertifikasiya ilə əvəz edilərsə, bu, universitetlərin daxili səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Beynəlxalq təcrübə də göstərir ki, ali təhsildə keyfiyyət təminatı əsasən institusional akkreditasiya, proqram akkreditasiyası, akademik attestasiya, performans qiymətləndirilməsi, həmkar rəyi vasitəsilə həyata keçirilir...
Sertifikasiya yox, attestasiya olmalıdır...
Azərbaycan üçün daha rasional model rəqəmsal akademik portfel, Sİ əsaslı elmi fəaliyyət analitikası, beynəlxalq bibliometrik göstəricilər, universitetdaxili attestasiya, xarici ekspertlərin iştirakı ilə akademik audit, nəticəyönümlü müqavilə sistemi ola bilər. Belə model həm akademik azadlığı qoruyar, həm də keyfiyyətin yüksəldilməsinə xidmət edər.
Beləliklə, görürük ki, universitet professorunun fəaliyyətini məktəb müəlliminin sertifikasiya modeli ilə qiymətləndirmək ali təhsilin mahiyyətini nəzərə almayan yanaşmadır. Müasir universitetin əsas kapitalı onun alimləri, onların elmi yaradıcılığı və akademik azadlığıdır. Bu azadlıq yalnız fərdi hüquq deyil, həm də innovasiya və milli rəqabət qabiliyyətinin əsas şərtidir. Empirik tədqiqatlar göstərir ki, akademik azadlığın güclü olduğu sistemlər daha yüksək innovasiya və patent nəticələri əldə edir...
Azərbaycan rəqəmsal iqtisadiyyat və bilik cəmiyyəti qurmaq istəyirsə, ali təhsil siyasətinin mərkəzinə inzibati nəzarəti deyil, universitet muxtariyyətini, akademik məsuliyyəti, beynəlxalq elmi rəqabəti və nəticəyönümlü qiymətləndirməni qoymalıdır. Professorların qarşısına yeni bürokratik maneələr çıxarmaq əvəzinə, onların qlobal elmi şəbəkələrə inteqrasiyası, süni intellekt əsaslı tədqiqat imkanları və innovasiya potensialı gücləndirilməlidir...
XXI əsrdə dövlətlərin gücü alimləri imtahan etməklə deyil, onların yaratdığı bilik, texnologiya və innovasiya ilə ölçülür. Universitet siyasəti də məhz bu strateji həqiqət üzərində qurulmalıdır. Amma bütün bu məsələlərin real həlli üçün isə alimlərin 35 il davam edən ağır sosial müdafiəsi, maddi durumu, maaş problemləri (bu gün alimlərin maaşı ölkə üzrə orta əmək haqqından 20-30 %, qonşu ölkələrin alimlərinin maaşından dəfələrlə azdır) öz ədalətli həllini tapmalıdır...
Aliminə dəyər verməyən cəmiyyət onlardan iqtisadi möcüzə, innovativ inkişaf gözləyə bilməz. Bu gün ölkənin iqtisadi, innovativ və rəqəmsal inkişafı intellektual ordumuzun potensialından asılıdr. Bu ordunun sərkərdələri isə alimlərimizdir...