Rusiyanın Ukrayna ilə bağlı "dondurulmuş münaqişə" modelini qəbul etmədiyini bəyan etməsi yenidən Kremlin postsovet məkanında yürütdüyü siyasətlə bağlı müzakirələri gündəmə gətirib. Halbuki Moskva uzun illər Abxaziya, Cənubi Osetiya, Dnestryanı və vaxtilə Qarabağ münaqişəsi fonunda status-kvonun qorunmasına əsaslanan yanaşmanın tərəfdarı kimi çıxış edib. 


Bu baxımdan sual yaranır: Rusiyanın Ukrayna məsələsində sərgilədiyi mövqe əvvəlki regional siyasətindən nə ilə fərqlənir və bu yanaşma Kremlin geosiyasi maraqları baxımından necə izah oluna bilər?






Mövzu ilə bağlı Moderator.az-a politoloq Samir Hümbətov açıqlama verib. 



Politoloq qeyd edib ki, Rusiyanın xarici siyasətini illərlə dəyişməyən, oturuşmuş bir siyasət kimi qəbul etmək olar:


"Təbii ki, zamanın tələblərinə uyğun olaraq müəyyən transformasiya və dəyişiklik elementləri müşahidə oluna bilər. Məncə, Rusiyanın "dondurulmuş münaqişə" prinsipini Ukrayna məsələsində qəbul etmək istəməməsinin əsas səbəbi gələcəkdə Ukraynanın daha da gücləndirilməsi ehtimalı ilə bağlı narahatlığıdır. Ümumilikdə söhbət Qərbin dəstəyi ilə Ukraynanın gələcəkdə daha da güclənməsindən gedir.


Çünki artıq Ukrayna ordusu döyüşkən bir ordu səviyyəsinə gəlib və daha da peşəkarlaşıb. Bu isə gələcəkdə Rusiya üçün ciddi alternativ rəqibin formalaşması deməkdir. Təbii ki, bu, Moskvanın maraqlarına uyğun deyil. Hesab edirəm ki, Rusiyada demoqrafik vəziyyətin də o qədər ürəkaçan olmaması gələcəkdə bu problemi daha da dərinləşdirə bilər. Bu baxımdan Rusiya "dondurulmuş münaqişə" modelini qəbul etmək istəmir.


Amma Abxaziya, Cənubi Osetiya, Dnestryanı və vaxtilə Qarabağ məsələsində "dondurulmuş münaqişə" termini Rusiyanın ən çox üstünlük verdiyi yanaşmalardan biri idi. Çünki həmin münaqişələrdə Moskva hər iki tərəfə təsir göstərməyə çalışırdı.


İndi isə vəziyyət bir qədər fərqlidir. Düşünürəm ki, Rusiya Ukraynada prosesi "dondurulmuş münaqişə" formatında uzatmağa çalışarsa, bu, gələcəkdə elə onun özü üçün böyük problemə çevrilə bilər".


Pərvin Şakirqızı