“Bizim uşaqlar hərbçi ailəsində doğulduqları üçün nizam-intizamla böyüyürdülər. Xəstəlik nə olduğunu çox bilməmişik, gecələr yuxusuz qalmamışıq...”
“Həyat yoldaşım Hərbi Akademiyanı bitirib Ermənistana təyinat aldı. Mən isə iki uşaqla ikinci kursda Moskvada qalmalı oldum…”
12 avqust - Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Milli Ordu quruculuğunda, həmçinin I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında danılmaz xidmətləri olan müdafiə nazirinin sabiq müavini, mərhum polkovnik Mehman Səlimovun doğum günü idi. Rəhmətlik yaşasaydı, xanımı, övladları ilə birgə 71 yaşını qeyd edəcəkdi...
Allah qəni-qəni rəhmət eləsin!..
...Vəd etdiyimiz kimi, mərhum polkovnikin ömür-gün yoldaşı Nərminə xanım Səlimovanın öz əli ilə qələmə aldığı həyat hekayətlərinin ən maraqlı və ibrətamiz məqamlarını dəyərli oxucuların diqqətinə çatdırmağa başlayırıq:
(Əvvəli burada:)
...Moskva həyatı Ukraynadan sonra mənə bir qədər yeknəsəq göründü. Göy üzü daim tutulmuş, hava çiskinli olur, insanların üzündə isə bir-birinə qarşı soyuqluq və laqeydlik duyulurdu...
Mehmanxanada ikicə gün qalmışdıq ki, paytaxtda idman oyunları keçirilməsi səbəbindən otağı boşaltmağımızı istədilər. Hərbi Akademiya bizə iki otaqlı mənzil vermişdi. Bir otaqda iki uşaqlı bir ailə, digərində isə biz yaşamalı idik...
Sovet dövründə ruslar sağda və solda iki müxtəlif ailənin yaşadığı eyni dəhlizə malik bu cür yaşayış mənzilinə “raspoşonka”(uşaq köynəyi) — yəni “bir köynəkdə yerləşmə” deyirdilər...
Orada bir həftə qaldıq. Əlavə xərc çəkməmək, büdcəmizə ziyan vurmamaq üçün yerdə adyalın üstündə yatmalı olduq...
...Dərslərdən sonra çiskinli Moskva küçələrində kirayə ev axtarışına başladıq. Sentyabr ayı olmasına rəğmən biz cənublular üçün soyuq havada bir xeyli gəzdikdən sonra, nəhayət, mənzil tapdıq. Ev sahibindən açarı aldıq. Konteynerimizin gəlməsini gözləmədən sevinc içində evə yerləşdik. Döşəmədə adyal üstündə yatmaq əziyyətindən qurtulduq...
...Nəhəng SSRİ paytaxtında keçən günlərimiz bizim üçün nə qədər maraqlı olsa da, bir o qədər də çətin idi. Hər şeyə uyğunlaşmağı, adaptasiya olmağı bacarsaq da, bu çoxmilyonlu şəhərdə yaşamaq asan deyildi...
Moskvada ikinci qızımız dünyaya gəldi. Birinci qızım iyunun 17-də — Tibb İşçiləri Günündə mənə verilən ən böyük hədiyyə olmuşdu. İkinci qızım isə 1985-ci doğum günüm ərəfəsində ən gözəl sürpriz kimi yadda qaldı...
...20 Yanvar 1990-cı il tarixi ilk baxışdan faciə kimi anılsa da, əslində bizim- Azərbaycanımızın azadlıq uğrunda mübarizədə möhtəşəm bir dönüş günümüz, qürur və əzəmət tariximizdir. Doğum günümün həmin tarixdən on illər öncə 20 Yanvara təsadüf etməsi həyatımın sonrakı dönəminə xüsusi bir məna verirdi. Sanki bu tarix mənim də bir vətəndaş, millət fərdi olaraq mübarizə yolumun başlanğıcı idi. İkinci qızımın məhz 19 yanvar 1985-ci ildə dünyaya gəlməsi isə məni daim gələcək həyat mücadiləsinə ruhlandıracaq unudulmaz bir hədiyyə oldu...
...Həyat yoldaşım o qədər mehriban, xoşxasiyyət insan idi ki... Körpələrini çox sevirdi... Deyirdi:
— Görəsən, bunların başına nə vaxt bant bağlayıb gəzməyə aparacağıq?
Uşaqları ilə nəfəs alırdı...
Bizim uşaqlar hərbçi ailəsində doğulduqları üçün nizam-intizamla böyüyürdülər. Xəstəlik nə olduğunu çox bilməmişik, gecələr yuxusuz qalmamışıq. Amma təsadüfən gecə körpələrin bir balaca səsləri çıxsa, yorğun olmasına baxmayaraq, məndən əvvəl daha ayıq-sayıq yatan Mehman müəllim eşidib oyanar, onları sakitləşdirməyə çalışardı...
...Nəhayət, Moskvada poliklinikada işə başladım. Əvvəl düşünürdüm ki, xəstə sayı az olar. Lakin əksinə, gündə 30-45 xəstə qəbul etmək mənim işimə olan həvəsimi daha da artırırdı. Xəstələrlə ünsiyyət qurmaq, dərdlərinə şərik olmaq, onların etibarını qazanmaq onların şəfa tapacaqlarına inamlarını artırırdı. Bu da mənim üçün çox dəyərli bir motivasiya idi...
Xəstə axınının çoxluğu şöbə müdirinin diqqətini cəlb etdi. Nəzarətə götürüldüyümü, xəstə kartlarının yoxlanıldığını hiss edirdim. Səbəbini də anlayırdım: mən başqa millətdən idim, başqa sözlə, qeyri-rus idim...
Yoxlamalardan sonra digər sahələrdən də ərizə ilə bizim sahəyə keçmək istəyənlər oldu.
İlin sonunda müsabiqə keçiriləndə tibb bacısı mənə dedi:
-Doktor, birinci yer bizim olmalıdır. Amma çox güman ki, bizə ikinci yeri verəcəklər. Açıq şəkildə deyirlər ki, siz başqa millətdənsiniz — “naçmeni” (“natsionalnıye menşinstva”), yəni milli azlıqsınız…
Dedim:
— Gəlin, biz də obyektiv hesablama aparaq…
Tibb bacısının dediyi kimi də oldu. Birinci yeri rus həkimin, ikinci yeri isə bizim sahəmizin tutduğunu elan etdilər…
Lakin mən öz hesablamalarımı ortaya qoydum və qəti etiraz etdim:
— Razı deyiləm. Çünki üstünlük böyük fərqlə bizim tərəfimizdədir…
Haqq mübarizəmiz nəticə verdi: yekunda məcbur olub birinci yeri və pul mükafatını da bizə verdilər...
…Moskvada o dövrdə “metallist”lərin tüğyan etdiyi vaxtlar idi. Bilməyənlərə qısaca “metallist” kimlərə deyildiyini qısaca izah edim:
1980-ci illərin ortalarında, "yenidənqurma"- “perestroika” dövründə Qərbdən SSRİ-yə ağır rok musiqisi daxil olmağa başladı. Bununla da sovet gəncləri arasında özünəməxsus "metallistlər" subkulturası formalaşdı. Onlar sovet cəmiyyətində "neformal" (qeyri-rəsmi hərəkat üzvü) adlandırılırdılar…
Paytaxtda belə qərbpərəst gənclərlə yanaşı, narkomanlar da, küçələrdə açıq narkotik satışı edənlər də çoxalmışdı. Təəssüf ki, bütün bu çirkabı bizim millətin üzərinə atmağa çalışırdılar…
O fikirdəyəm ki, hər bir millətin yaxşısı da var, pisi də. Və bu, normal, təbii haldır, bu, dünya həyatının yazılmamış qanunu, həyatın əsil yaxşılıq və gözəlliklərini seçib dərk etmək üçün bir ilahi düsturdur…
Moskvada bizim ziyalı təbəqəmiz də kifayət qədər çox olduğuna baxmayaraq, nədənsə SSRİ paytaxtında rusların gözünə azərbaycanlılar arasındakı daha çox mənfi hallar görünürdü. Halbuki bu mərkəz şəhərlərinə özləri arasındakı ən pis xarakterlilər yığışmışdı… Bu ayrı-seçkiliyin səbəbi həm də qeyri-millətlərə ikinci dərəcəli münasibət göstərilməsi idi…
Düzdür, onların ziyalı insanları bizimlə ünsiyyətdə olmaqdan zövq alır, bizi yüksək qiymətləndirirdilər… Lakin ümumi baxışları çirkin idi…
…Bir dəfə metroda adam seyrək idi. Vaqona minmək istəyərkən 10-15 nəfərdən ibarət “metallist” dəstəsi məni itələyərək içəri saldı, həyat yoldaşım isə arxada qaldı. Sıxlıqda məni boğmağa başladılar. Növbəti dayanacağa yaxın həyat yoldaşım uzaqdan elə sürətlə hücum etdi ki, həmin gənclər bir anda pərən-pərən oldular. Və biz vaqondan düşdük…
Başqa bir hadisə də yadımdadır…
Mehman müəllim Hərbi Akademiyanı bitirəndə “Pekin” restoranında banket təşkil etmişdilər. Gecə gəzintisinə çıxmışdıq. Moskva çayı boyunca gedirdik. Kişilər qadınlardan bir qədər aralı idilər. Birdən gördük ki, 10-15 motosikletçi bizi dairəyə alıb dairəni getdikcə daraldır. Səs-küyə kişilər gələndə onlar qaçıb dağıldılar…
Yəni SSRİ- Rusiya paytaxtında axşam saatlarında küçəyə çıxmaq belə, bəzən qorxulu olurdu. Biz belə bir vəziyyəti Kiyevdə görməmişdik. Orada özümüzü sanki doğma evimizdə kimi hiss edirdik…
Əslində böyük şəhərlərin yazılmamış küçə qanunları olur…
Bir müddət poliklinikada çalışdıqdan sonra mən yenidən iki illik klinik ordinaturaya qəbul oldum. İki uşaq, gündəlik ailə qayğıları, oxumaq, gecə növbələri — bütün bunlar həyatımızın ayrılmaz hissəsinə çevrildi…
Birinci il qayınanam ikinci qızımı öz yanına apardı və bu, mənə böyük kömək oldu. Lakin ikinci il- 1987-ci ildə həyat yoldaşım Hərbi Akademiyanı bitirib Ermənistana təyinat aldı. Mən isə iki uşaqla ikinci kursda Moskvada qalmalı oldum…
İki qızımı uşaq bağçasına aparmaq çox çətin idi. Yolda 5 saatımı itirirdim. Sağ olsun, 27-ci doğum evinin baş həkimi mümkün olmayan bir işdə mənə kömək etdi. Səhər saat 7-yə qalmış qızları uşaq bağçasında gözətçiyə təhvil verirdim. Bağçaya qədər olan 20 dəqiqəlik yolu qış aylarında xizəklə gedirdik. Sonra işə gedirdim. İşdə 2-3 əməliyyatda assistentlik edirdim…
Həmin il poliklinikadan xahiş etdilər ki, saat 7-dən 9-a qədər yarımştat işləməklə onlara kömək edim. Ev sahibimiz Nadejda İvanovna da həmin poliklinikada tibb bacısı işləyirdi. Bir gün mənə yaxınlaşıb dedi:
— Uşaqlara mən baxaram. Sən bizim polilklinikada da işlə…
Razılaşdım. Qazandığım həmin əlavə pulla sonradan Ermənistanda yaşayanda mətbəx mebeli aldıq…
Bir epizod da var ki, heç vaxt yadımdan çıxmır.
Klinik ordinaturanı İttifaqlararası Təkmilləşmə İnstitutunda keçirdim. Müxtəlif respublikalardan çoxlu kursantlar vardı…
1988-ci ilin darıxdırıcı, dumanlı-çənli payız günləri idi… Bir axşam çox yorğun olduğuma görə “Vesti” proqramına baxmamışdım. O zaman bizim kuratorumuz professor Natalya İvanovna Şuvayeva idi…Gözlənilmədən mənə tərəf çönüb dedi:
— Siz nə istəyirsiniz, SSRİ-dən ayrılmaqmı?..
Təəccüblə soruşdum:
— Başa düşmədim?
Dedi:
— Axşam “Vesti” proqramında Şəki hadisələrini göstəriblər...
Cavabında o daha bir sual verdi:
— Əgər Azərbaycan SSRİ-dən ayrılsa, harada oxuyacaqsınız?
Mən isə belə cavab verdim:
— Amerikada, Almaniyada, İngiltərədə, İtaliyada, Fransada..
Xatırladım ki, 1988-ci ildə Şəkidə SSRİ rəhbərliyinin anti-Azərbaycan siyasətinə və Ermənistanın keçmiş Dağlıq Qarabağı qanunsuz ilhaq etmək cəhdlərinə qarşı kütləvi xalq etirazları və mitinqlər baş verib. Şəki, Bakıdan sonra respublikada milli-azadlıq hərəkatının və imperiya əleyhinə çıxışların ən fəal, ən gur mərkəzlərindən birinə çevrilmişdi…
(Davamı var)
Nərminə Səlimova