“Qəbul planı universitetlərin neçə tələbə oxuda bilməsi əsasında deyil, ölkənin gələcəkdə necə bir insan kapitalına ehtiyac olmasına görə  formalaşdırılmalıdır…” 
 




Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Məktəblərin publik hüquqi şəxsə çevrilməsi təhsilə nə verəcək?” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır: 
 
Əmək bazarı və insan kapitalı inkişafının strateji planlaşdırılması  
 
Tələbə  qəbulu  planı inzibati rəqəm deyil.  Universitetə qəbul planının müəyyənləşdirilməsi  ilk baxışdan mürəkkəb görünmür. Sanki  hər universitet və ixtisas üzrə neçə tələbənin qəbul ediləcəyi  müəyyənləşdirir.  Lakin müasir iqtisadiyyat və rəqabətli qlobal əmək bazarı, süni intellektin sürətli inkişafı bu sadə olmayan mexanizmi daha da mürəkkəbləşdirir.  Bu, artıq  sadə inzibati prosedur deyil. 
 
Qəbul planı ölkənin 5-10 il sonrakı insan kapitalı strukturunu müəyyən edən strateji planlaşdırma mexanizmidir. Bu baxımdan əsas problem universitetlərimizin   bu il neçə tələbə qəbul etməsi  deyil. Problem iqtisadiyyat, dövlət sektoru, elm, texnologiya və cəmiyyətin  5–10 ildən sonra hansı səriştələrə malik neçə mütəxəssisə ehtiyacı olacaq,  universitetlər bu insan kapitalını hansı keyfiyyətdə hazırlayacağını  proqnozlaşdırmaqdır.   
 
Bu iki sual arasındakı fərq  böyükdür.  Birinci yanaşma universitet-mərkəzli, ikinci yanaşma isə milli insan kapitalı-mərkəzlidir.  Azərbaycanın qarşısında duran əsas problem   qəbul planının  milli insan kapitalının uzunmüddətli proqnozlaşdırılması sisteminə çevrilməməsidir. 
 
Qəbul planı nədir?..
 
Qəbul planına yalnız universitetlərin fiziki və təşkilati imkanları prizmasından baxmaq kifayət deyil.  Əgər universitet deyirsə ki, mənim 500 tələbə qəbul etmək imkanım var, bu təklifin  təşkilati tərəfidir.  Dövlətin bilməli olduğu əsas məsələ  ölkəyə hansı ixtisas üzrə neçə məzun lazımdır və bu məzunlar  hansı səriştələrə  malik olmalıdır.     Beləliklə,  müasir qəbul planının  sadə konseptual modeli:   “Qəbul planı = əmək bazarı tələbi + milli prioritetlər + demoqrafiya + məktəb məzunları + universitet potensialı + regionların ehtiyacı + beynəlxalq əmək bazarı+ keyfiyyət” kimi olmalıdır.  Çünki on min diplomlu məzun,  hələ on min yüksək  səriştəli  mütəxəssis deyil.
 
Dünyada qəbul planları necə formalaşdırılır?..
 
Beynəlxalq təcrübədə  vahid model  yoxdur. Müxtəlif ölkələr müxtəlif mexanizmlərdən istifadə edir.
 
1. Bazar yönümlü model.  ABŞ və Böyük Britaniya universitetlər   qəbul qərarlarında təçkilati  muxtariyyətə malikdirlər.  Tələbə seçimi, universitetin reputasiyası, əmək bazarı və tələbənin  tələbi mühüm rol oynayır. Burada dövlət bütün ixtisaslar üzrə sərt mərkəzləşdirilmiş plan müəyyənləşdirməklə bərabər, maliyyələşdirmə, tələbə yardımı, keyfiyyət təminatı, akkreditasiya, əmək bazarı məlumatları vasitəsilə sistemi istiqamətləndirir.
 
2. Dövlət planlaşdırması modeli.  Bəzi ölkələrdə strateji sahələr üzrə qəbul planının  formalaşmasında  dövlət daha fəal rol oynayır. Məsələn: mühəndislik, tibb, müəllimlik, informasiya texnologiyaları,  müdafiə texnologiyaları, enerji, süni intellekt, kibertəhlükəsizlik  kimi strateji  sahələrdə dövlət gələcək ehtiyaclarını  nəzərə alaraq maliyyələşdirmə və qəbul mexanizmlərinə təsir edir.
 
3. Qarışıq model.  Ən rasional yanaşmalardan biri dövlət + universitet + əmək bazarı modelidir.  Burada  Dövlət  milli prioritetləri müəyyən edir,  universitet  hansı ixtisası hansı keyfiyyətdə hazırlaya biləcəyini müəyyən edir, əmək bazarı  hansı səriştələrə  ehtiyac olduğunu göstərir,  tələbə  fərdi seçim və tələb  formalaşdırır.   Müasir Azərbaycan üçün də məhz belə çoxmənbəli, data əsaslı model məqsədəuyğundur. 
 
Əsas problem əmək bazarı ilə qəbul planı arasında “informasiya boşluğu”dur...
 
Qəbul planının əmək bazarı ilə uzlaşmamasının əsas səbəblərindən biri əmək bazarı haqqında məlumatların sistemli şəkildə ali təhsilin  planlaşdırmasında  nəzərə alınmamasıdır. Məsələn, universitetdə  min  nəfər müəyyən ixtisas üzrə məzun olur.  Universitet bilməlidir ki,  məzunlardan neçəsi iş tapır,   neçəsi öz ixtisası üzrə işləyir,   ilk işlərini neçə ay ərzində tapırlar,   başlanğıc əməkhaqqı nə qədərdir,   3 ildən sonra əməkhaqqı necə dəyişir,  işəgötürənlər məzunların hansı səriştələrindən  narazıdır,   hansı səriştələr çatışmır,  məzunların neçəsi ölkədən gedir,   neçəsi magistraturaya daxil olur,   neçəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olur?  Əgər bu məlumatlar sistemli şəkildə toplanmırsa, qəbul planlaşdırması  “geriyə baxan statistik planlaşdırma” olacaqdır.  Əsas olan isə gələcəyə yönəli  planlaşdırmadır. 
 
Magistraturaya qəbulda boş yerlər niyə yaranır?..
 
Ölkəmizdə hər il magistraturaya qəbulda minlərlə yer   boş qalır. Bu  ayrıca araşdırma tələb edən ciddi problemidir.  Bunu araşdıran varmı? Məncə yox? Kim araşdıracaq? Belə bir mərkəz varmı?  Magistraturada  yerlərin boş qalması magistraturaya marağın azalması mənası vermir. Burada  beş  variant araşdırılmalıdır:   
 
1. Magistratura əmək bazarının tələblərinə uyğundurmu? Bəzi ixtisaslarda bakalavr diplomu kifayət edir və magistr dərəcəsinin əməkhaqqına və karyeraya real təsiri zəifdir.
 
2. Magistratura proqramlarının keyfiyyəti necədir?  Əgər magistratura bakalavr proqramının sadəcə uzadılmış formasıdırsa, onun təkrarıdırsa, tələbənin buna marağı azalır.
 
3. Qəbul planı  real  tələbdə uyğundurmu, yoxsa yüksəkdir.  Bu halda boş yerlər planlaşdırma səhvinin göstəricisinə çevrilir.
 
4. Əmək bazarı magistr dərəcəsini adekvat qiymətləndirirmi? İşəgötürən üçün magistr və bakalavr arasında əhəmiyyətli  səriştə fərqi yoxdursa, tələbənin  əlavə iki il təhsil almağa motivasiyası olmaya bilər.
 
5. Magistratura ilə elm arasında zəif əlaqə.  Magistratura tədqiqat mədəniyyətinə, innovasiyaya və doktoranturaya keçid mərhələsi kimi fəaliyyət göstərmirsə, onun strateji funksiyası zəifləyir.
 
Deməli, magistraturada boş  yerlərin qalması sadəcə istifadə olunmamış kontingent deyil, bu ali təhsilin əmək bazarı və elm sistemi ilə əlaqəsinin diaqnostik göstəricisidir.
 
Məktəb–universitet–əmək bazarı üçbucağı...
 
Ciddi strateji səhvlərdən biri təhsil sisteminin mərhələlərini ayrı-ayrılıqda planlaşdırmaqdır.   Əslində bu vahid sistem  yaradan zəncirdir:  məktəb → qəbul → universitet → məzun → əmək bazarı → karyera → iqtisadi məhsuldarlıq.  Bu zəncirin hər hansı halqası zəifdirsə, növbəti mərhələ əvvəlkinin problemini kompensasiya etməyə məcbur olur.  Məsələn, tələbə universitetə zəif riyazi hazırlıqla daxil olursa,  universitet ona riyaziyyatın fundamental elementlərini yenidən öyrətməyə məcbur olur. Beləliklə, universitetin vaxtı ali səviyyəli mühəndislik təhsilinə deyil, məktəb boşluqlarının kompensasiyasına sərf olunur. Bu, sistemin səmərəliliyini aşağı salır.   
 
150 balla ali məktəbə qəbul problemi  
 
Aşağı balla qəbul edilən tələbə çox vaxt zəif mütəxəssis olur, baxmayaraq ki, qəbul balı insanın yaradıcılığını, motivasiyasını, sonrakı inkişaf potensialını, praktik bacarıqlarını, sahibkarlıq qabiliyyətini  tam ölçmür.  Amma müəyyən ixtisaslara  kütləvi şəkildə zəif abituriyentlərin  qəbulu artıq sistemin vəziyyətinin  göstəricisidir.  Xüsusilə kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, süni intellekt, elektronika, avtomatlaşdırma, robototexnika, mühəndislik, iqtisadiyyat v.s.  kimi sahələrdə riyaziyyat, məntiq, fizika və proqramlaşdırma üçün müəyyən baza zəruridir.
 
Bəs belə zəif tələbələrin  universitet proqramını mənimsəməsi üçün hər hansı akademik hazırlıq mexanizmi varmı?  
 
Əgər tələbənin bazası zəifdirsə, universitet qarşısında iki seçim var:  proqramı yüngülləşdirmək ya da  tələbəyə hazırlıq və akademik dəstək vermək.  Strateji baxımdan ikinci yol daha doğrudur.
 
Kompüter mühəndisliyi nümunəsinin kəmiyyət paradoksu
 
Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidi üçün keyfiyyətli və daha çox  proqramçı, sistem mühəndisi, Sİ mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi, data mütəxəssisi, system  mühəndisi lazımdır.  Deməli, bu sahələrdə qəbul planının artırılması  məntiqlidir.  Paradoks yaranır: çox tələbə qəbul etmək, hələ keyfiyyətli  çox  mütəxəssis hazırlamaq deyil.
 
Kompüter mühəndisliyi  riyaziyyat, fizika, elektronika, proqramlaşdırma, kompüter arxitekturası, şəbəkələr, Sİ  kimi elmlərin kəsişməsində yerləşir. Əgər tələbə bu sahələri mənimsəməyə hazır deyilsə, universitet bu elmləri  keyfiyyətli tədris etmirsə, nəticədə diplomların sayı artır, amma yüksək səviyyəli mühəndislərin sayı artmır.  Bu hal insan kapitalı statistikasında  təhlükəli illüziya yaradır. 
 
İnformasiya təhlükəsizliyi adi ixtisas deyil
 
İnformasiya təhlükəsizliyi xüsusilə strateji sahədir.  Çünki burada hazırlanan kadrlar gələcəkdə bank sistemdə, dövlətin  informasiya sistemlərində, enerji sektorunda, telekommunikasiyada, nəqliyyatda, kritik infrastrukturlarda, müdafiə və təhlükəsizlik sistemlərində fəaliyyət göstərirlər.  Bu səbəbdən burada əsas göstərici  neçə  nəfər informasiya təhlükəsizliyi məzunumuz var kimi yox, bu sahədə beynəlxalq standarta uyğun  mütəxəssisimiz var kimi olmalıdır.   Bu isə qəbul planından əlavə müvafiq  resurslar tələb edir,  yəni, laboratoriya,  real kiberhücum simulyasiyaları, sənaye əməkdaşlığı, beynəlxalq sertifikatlar, praktiki layihələr, güclü müəllim heyəti v.s. olmalıdır. 
 
Qəbul planının yeni fəlsəfəsi  statistika yox,  səriştə  olmalıdır... 
 
Ənənəvi yanaşma  500 yer → 500 tələbə → 500 məzun kimi idi.  Müasir yanaşmada isə 500 tələbənin neçəsi  səriştəli məzun olacaq  kimidir. Məsələn, 500 kompüter mühəndisliyi tələbəsindən  450-si diplom alır, 200-ü ixtisası üzrə işləyir, 80-i yüksək texnologiya sektorunda fəaliyyət göstərir, 30-u beynəlxalq şirkətlərdə işləyir.  Bu halda “500 məzun hazırladıq” göstəricisi çox az şey deyir.  Əsas göstərici insan kapitalının real nəticəsidir.
 
Universitetlər üçün yeni KPI sistemi..
 
Qəbul planının səmərəliliyi artıq qəbul olunanların sayı ilə ölçülməməlidir.  Universitet üçün bu göstəricilər  daha əhəmiyyətli olmalıdır:  məzunların məşğulluq faizi,  ixtisas üzrə məşğulluq,  məzunların  işə  düzəlməsinə qədər keçən müddət, ilk əməkhaqqı, 5 ildən sonrakı əməkhaqqı, işəgötürənin rəyi, beynəlxalq sertifikatlar,  startapların sayı, patentlər, elmi nəşrlər, beynəlxalq layihələr, magistratura və doktoranturaya keçid, xarici ölkələrdə məşğulluq, məzunların karyera yüksəlişi v.s.  Deməli, qəbul planının nəticəsi diplom deyil, məhsuldar insan kapitalıdır.
 
“İxtisas açmaq” fəlsəfəsi dəyişməlidir
 
Azərbaycan universitetlərində yeni ixtisas açmaq məsələsinə yenidən baxmaq lazımdır.  Yeni ixtisas  yeni ad + yeni qəbul planı yox,  hazırlıqlı müəllim heyəti + laboratoriya + kurikulum + tədqiqat istiqaməti + sənaye tərəfdaşlığı + beynəlxalq əməkdaşlıq + karyera ekosistemi deməkdir. Əgər universitetdə laboratoriya yoxdursa, professor-müəllim heyəti zəifdirsə, tədqiqat aparılmırsa, sənaye ilə əlaqə,  müasir avadanlıq,  beynəlxalq əlaqə yoxdursa, onda yeni ixtisas açmaq əvəzinə mövcud ixtisasların keyfiyyətini yüksəltmək daha rasional ola bilər.
 
Azərbaycan üçün ali təhsilli insan kapitalı proqnozu sistemi
 
Azərbaycan üçün strateji baxımdan  vacib yeniliklərdən biri  “Ali Təhsilli  İnsan Kapitalı Proqnoz Sistemi”nin yaradılması ola bilər. Bu sistem vahid məlumat platformasında bu  məlumatları birləşdirməlidir:
 
Əmək bazarı məlumatları: vakansiyalar, əməkhaqqı, tələb olunan kompetensiyalar, sektorlar üzrə məşğulluq, yeni peşələr.
 
Təhsil məlumatları: məzun sayı, qəbul planları, qəbul balları, tələbə axını, məzunların məşğulluğu, universitetlərin keyfiyyət göstəriciləri.
 
Demoqrafik məlumatlar: məktəb məzunlarının sayı, yaş strukturu, regionlar üzrə əhali, miqrasiya.
 
İqtisadi məlumatlar:  dövlət investisiyaları, yeni sənaye layihələri, texnoloji transformasiya, regional inkişaf proqramları.
 
Bütün bunlardan əlavə texnoloji planlaşdırmaya da tələbat var.   Çünki 2035-ci ilin əmək bazarını yalnız 2026-cı ilin vakansiyalarına baxaraq proqnozlaşdırmaq olmaz.
 
Süni intellekt qəbul planlaşdırmasının “beyni” olmalıdır... 
 
Burada Azərbaycan üçün yeni  texnoloji imkan yaranır.  Əmək bazarı haqqında böyük həcmli məlumatlar “Böyük Məlumatlar + Süni İntellekt + Əmək Bazarı Analitikası + Təhsil Analitikası + Proqnozlaşdırma”  düsturu  ilə təhlil  edilə bilər.   Məsələn, sistem müəyyən edə bilər ki,  2028–2032-ci illərdə kibertəhlükəsizlik üzrə tələb təklifdən yüksək olacaq,  yoxsa bu ixtisas üzrə məzun sayı proqnozlaşdırılan əmək bazarı tələbindən artıqdır   və ya  konkret regionda mühəndislik mütəxəssislərinə tələbat artır, lakin həmin regiondan bu sahələrə qəbul olunanların sayı azalır v.s.  Beləliklə qəbul planı “inzibati qərar → data əsaslı  qərar → süni intellektlə dəstəklənən strateji qərar”   trayektoriyası ilə inkişaf edə bilər.
 
Qəbul planlaşdırmasında uzaqgörənlik...
 
Ənənəvi planlaşdırmada əsas  məsələ  “bu gün əmək bazarında nə qədər mütəxəssis lazımdır” kimi idi.  Strateji planlaşdırma isə soruşur ki, 2030–2035-ci illərdə hansı peşələr yaranacaq, hansı peşələr transformasiya olacaq, hansı səriştələr əhəmiyyətini itirəcək?   Bu artıq strateji uzaqgörənlik tələb edir. Məsələn, süni intellektin inkişafı proqramlaşdırmanı, hüququ, maliyyəni, müəllimliyi, tibbi diaqnostikanı, dizaynı, mühəndisliyi dəyişdirəcək.  Deməli, 2026-cı ildə qəbul planı hazırlanarkən yalnız bugünkü əmək bazarına baxmaq strateji səhvdir.
 
Qəbul planının “dörd filtr” modeli
 
Universitetlərə qəbulun  planlaşdırmasını  modelini dörd filtr əsasında qurmaq olar:
 
I filtr — TƏLƏB.  Əmək bazarı həmin ixtisasdan neçə nəfər tələb edir?
 
II filtr — KEYFİYYƏT.  Bu ixtisasa daxil olacaq tələbələrin hazırlıq səviyyəsi nədir?
 
III filtr — POTENSİAL. Universitet həmin mütəxəssisi lazımi səviyyədə hazırlamaq imkanına malikdirmi?
 
IV filtr — GƏLƏCƏK.  Bu ixtisasa 5–10 ildən sonra ehtiyac necə dəyişəcək?
 
Yalnız dörd filtrdən keçən ixtisas üzrə qəbul planı müəyyənləşdirilməlidir.
 
Tələbə qəbulu  planı milli insan kapitalı strategiyasına çevrilməlidir…
 
Azərbaycan universitetlərinin qarşısında duran əsas məsələ “nə qədər tələbə qəbul edək?” kimi  yox, Azərbaycanın gələcəyinə “necə bir  insan kapitalını hazırlayırıq”  kimi  olmalıdır.  Bu dəyişiklik sadəcə terminoloji dəyişiklik deyil,   ali təhsilin idarəetmə fəlsəfəsinin dəyişməsidir.  Universitet  yalnız  tələbə qəbul edən → dərs keçirən → diplom verən  qurum  olmamalıdır.  Universitet  insan kapitalı yaradan → tədqiqat aparan → innovasiya istehsal edən → iqtisadiyyatla əlaqələnən → əmək bazarını formalaşdıran  qurum olmalıdır.
 
Azərbaycan üçün qəbul planının yeni fəlsəfəsi bu formulla ifadə edilə bilər:  Qəbul planı = Əmək bazarı + Milli prioritetlər + Demoqrafiya + Məktəb hazırlığı + Universitet potensialı + Texnoloji foresight + Keyfiyyət + Məzun nəticələri.    Bu modeldə qəbul planı artıq “yerlərin bölüşdürülməsi” deyil,  milli insan kapitalının idarə edilməsi mexanizmidir.  Əgər ölkəyə on  min  IKT mütəxəssisi lazımdırsa, məqsəd on min nəfəri universitetə qəbul etmək  yox, əmək bazarının ehtiyac duyduğu səviyyədə on min  mütəxəssis yetişdirməkdir. Bu iki məqsəd arasında çox böyük fərq vardır.  Azərbaycanın ali təhsil sisteminin gələcək rəqabət qabiliyyəti bu fərqin nə dərəcədə düzgün dərk edilməsindən asılıdır.  
 
Qəbul planı universitetlərin neçə tələbə oxuda bilməsi əsasında deyil, ölkənin gələcəkdə necə bir insan kapitalına ehtiyac olmasına görə  formalaşdırılmalıdır.  Ali təhsilin məqsədi ölkənin iqtisadi, elmi, texnoloji və sosial inkişafını təmin edən keyfiyyətli insan kapitalı yaratmaqdır.  Ölkədə ali  təhsil islahatı, o cümlədən universitetlərə  tələbə qəbulu  planının  formalaşdırılması  mexanizmi rəqəmsal iqtisadiyyatın formalaşan yeni  tələblərinə  uyğunlaşdırılmalıdır.  Bu   həm də insan kapitalının yeni strateji idarəetmə sisteminin yaradılması  olacaqdır.   
 
Müəllif:
dosent İlham Əhmədov