“Təhsil məmurlarının ciddi səhvlərindən biri də problemləri etiraf etməmək, tənqidə dəyər verməməkdir. Digər səhv  bütün ölkənin təhsilini eyni anda eksperiment poliqonuna çevirməkdir...”
 




 Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsil islahatının əsas  fəlsəfəsı” başlıqlı növbəti məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
 
Təhsilimizin xilası varmı?  Cəmiyyətin bu gün ən çox narazı olduğu  sahə təhsil sistemidir. Bu sahədəki problemlər sistem xarakterlidir. Çünki 30 il ərzində  qəbul edilən qərarlar elmdən uzaq, səthi, icrası natamam, maliyyələşməsi real ehtiyacdan xeyli az olmuşdur.  Təhsildəki bu durumu mütəxəssislər böhran, çöküş adlandırırlar. Menecerlər isə buna  tərsinə qurulmuş  təhsil sistemi deyirlər...
 
Təhsili böhranlı vəziyyətdən xilas etmək üçün ilk növbədə problemin miqyasını kiçiltməmək, uğursuzluqları ört-basdır etməmək, tənqidi fikirlərə ciddi yanaşmaq, daha çox elm, alim sözü, polemika, daha az hay-küy, reklam, PR olmalıdır. Kosmetik islahatlarla sistem transformasiyasını qarışdırmaq olmaz…
 
Azərbaycan təhsilinin problemi yalnız zəif dərslik, aşağı bal, zəif müəllim, zəif universitet və ya maliyyə problemi deyil. Əsas problem həm də on illərlə davam edən səhv kadr siyasəti, strategiyanın, proseslərə analitik baxışın olmamasıdır. Digər problem  bir-birini tamamlamalı olan təhsil pillələrinin vahid, nəticəyönlü sistem kimi işləməməsidir.
 
Təhsilin xilas strategiyasının əsas prinsipləri diaqnostika, prioritetləşdirmə, pilot, ölçmə, miqyaslandırma olmalıdır.
 
Təhsildəki problemləri istiqamətlər üzrə mərhələlərlə KİV-də analitik məqalələr kimi yazmışıq. Amma menecerlər bundan heç bir nəticə çıxarmırlar. Görünür, təhsilin inkişafını sözdə dəstəkləsələr də,  reallıqda bunda maraqlı deyillər, ya da nəsə etmək istəyirlər, amma səriştəsizlik və primitivlik, təkəbbür səbəbi ilə heç nə alınmır. 
 
Təhsil məmurlarının ciddi səhvlərindən biri də problemləri etiraf etməmək, tənqidə dəyər verməməkdir. Digər səhv  bütün ölkənin təhsilini eyni anda eksperiment poliqonuna çevirməkdir. 
 
Doğru yol əvvəlcə seçilmiş məktəb və universitetlərdə pilot transformasiya zonaları yaratmaq, nəticəni obyektiv ölçmək və yalnız səmərəli  modelləri sistemə yaymaqdır.
 
Nəticə etibarı ilə Azərbaycan təhsilinin xilası “daha çox dəyişiklik” yox, daha ağıllı, elmi, səriştəli, ölçülə bilən və cəsarətli dəyişiklik ola bilər. Məqsəd təhsil sistemini sadəcə “çöküşdən çıxarmaq”  yox, elə bir təhsil sisteminə keçid olmalıdır ki, şagird düşünsün, müəllim öyrənsin,
məktəb özünü inkişaf etdirsin, universitet bilik yaratsın, alim innovasiya istehsal etsin, süni intellekt insanın imkanlarını artırsın, əmək bazarı təhsillə əlaqələnsin, təhsil  qərarları data əsaslı olsun. 
 
Belə sistemdə təhsil dövlət xidmətindən çıxaraq milli inkişafın əsas mühərrikinə çevrilə bilər. 
 
Azərbaycan təhsilinin  böhrandan çıxış yolu sistemi bütövlükdə yenidən düşünmək, sağlam elementləri dayaq nöqtəsinə çevirmək, idarəetməni “hesabat istehsal edən” modeldən “real nəticə yaradan” modelə keçirməkdir.  
 
Əks halda biz uzun illər çoxsaylı plan, proqram, hesabat və struktur dəyişikliyi hazırlasaq da, bunun heç bir nəticəsi olmayacaq. 
 
Məqsəd  məktəbi və universiteti bu gün olduğundan daha çox düşünən, yaradan, ölkənin gələcəyinə dəyər qatan, insan yetişdirən  müəssisəyə çevirmək olmalıdır.  Bu təhsil islahatının əsas  fəlsəfəsi olmalıdır..."
 
Müəllif: 
dosent İlham Əhmədov