Moderator.az onunla müsahibəni təqdim edir.
- Pənah bəy, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlar fonunda iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi paralel olaraq əsas müzakirə mövzularındandır. Bu xüsusda anklavların həlli ilə bağlı fərqli mövqelər eşidilir və hələlik konkret hansı mexanizmlə bu prosesin yekunlaşması ilə bağlı yekun rəy yoxdur. Prinsipal olaraq bu məsələlərin həllində ölkəmiz üçün optimal variantlar nədən ibarətdir?
- Bu, mürəkkəb bir məsələdir. Onun doğru-düzgün həlli danışıqlar nəticəsində səlahiyyəti olanların arasında aparılan müzakirələrdən sonra tapıla bilər. Amma ərazi mübadiləsi referendumla həll olunan bir məsələdir. Əgər belə bir razılaşma əldə olunarsa, Azərbaycan və Ermənistan tərəflərində ayrı-ayrılıqda referendum keçirilməlidir. Çünki hər iki ölkənin konstitusiyasında yalnız ümumxalq səsverməsi nəticəsində sərhədlərin dəyişidirlməsi öz əksini tapıb.
- Ermənistanda daxili gərginlik və siyasi təlatüm səbəbindən Azərbaycanın əsas tələblərindən biri olan konstitusiyanın dəyişidirilməsi məsələsinin bir qədər təxirə salınacağı ehtimalını necə dəyərləndirirsiniz? Bu halda sülh prosesinin qeyri-müəyyən vaxta qədər yubanması ehimalı varmı?
- Bu ilin sonuna qədər Ermənistanın yeni konstitusiya layihəsinin dərc olunacağı rəsmi İrəvan təmsilçilərinin açıqlamalarında yer alıb. Böyük ehtimalla bu məsələ Ermənistan cəmiyyətinin gündəminə çıxarılacaq. Baş nazir Nikol Paşinyan da açıq şəkildə ifadə edib ki, yeni konstitusiyada 1990-cı ildə qəbul edilmiş müstəqillik bəyannaməsinə istinad olmayacaq. Məlum olduğu kimi, indiki Ermənistan konstitusiyasının preambulasında bu sənədə istinad var.
Hazırda Ermənistanda bu məsələnin əleyhinə olan qüvvələrin bir qismi həbs edilib, digərlərinin barəsində isə təhqiqat aparılır. Ola bilsin, bu addımların bir səbəbi də konstitusiya dəyişikliyinə hazırlıqla bağlıdır. Prinsip etibarı ilə sülh müqaviləsi Paşinyanın elan etdiyi “real Ermənistan”, “4-cü respublika” anlayışları da bu məqsədə xidmət edir. Bu yaxınlarda Ermənistan hökumətinin elan etdiyi 5 illik proqram da Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və daha sonra sonra onun təsdiqini nəzərdə tutur. Əgər Paşinyan hakimiyyətdə qalacaqsa və kənar bir müdaxilə olmayacaqsa, prosesin sona çatması ehtimalı daha çoxdur.
- Sizcə, parlamentdə lazımi çoxluğa sahib olmayan Paşinyan nəzərdə tutulan məsələləri hüquqi cəhətdən reallaşdıra biləcəkmi?
- Ermənistan parlamentindəki müxalifət fraksiyası prosesi onsuz da ləngidir. Gedən proseslər də bunun nəticəsidir. 63 deputat mandatına sahib olan Paşinyan bu məsələdən əlavə digər mexanizmlərlə prorsesin həllini reallaşdıracaq. Ermənistan konstitusiyası üzrə mütəxəssis olmasam da, deyə bilərəm ki, 300 min imza mexanizmi ilə nəzərdə tutulan dəyişiklikləri həyata keçirmək mümkündür.
- Kənar müdaxilə anlayışlarını gündəmə gətirirsiniz. Bu müdaxilə daha çox haradan gözlənilir?
- Hesab edirəm ki, bu gün Cənubi Qafqaza Rusiyanın birbaşa hərbi müdaxiləsini əngəlləyən Azərbaycan amilidir. Azərbaycanın müstəqil və prinsipial mövqeyi bu məsələdə həlledicidir. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan arasında olan razılaşma bu kimi məsələlərdə daha təsirlidir. Eyni zamanda digər faktorlar da mövcuddur.
Bütün bunların fonunda Rusiyanın Ermənistana müdaxiləsi daha real görünür. Rusiya daxilində bununla bağlı müəyyən proseslər gedir.
Ermənistana məxsus kənd təsərrüfatı məhsullarına qoyulan embarqolar və digər amillər xırda məsələlərdir. Faktiki olaraq Rusiya ictimai rəyi hərbi müdaxiləyə hazırlanır. Bu anti-Ermənistan, anti-Paşinyan ritorikasında açıq şəkildə görünməkdədir. Bunun yüz faiz olub-olmayacağı proseslərin gedişindən asılı olacaq.