Bu il Azərbaycanın tanınmış aktyoru Fazil Salayevin 95 illik yubileyidir.
 




Moderator.az Kulis.az-a istinadla Nəriman Əbdülrəhmanlının "Fazil Salayev: Kiçik rolların bənzərsiz ustası" yazısını təqdim edir.
 
...İndi deyirlər ki, bir çox sənət dostlarıyla birgə onun da bəxti gətirməyib, yaradıcılığı ideoloji senzuranın tüğyan elədiyi sovet dövrünə düşüb, istədiyi obrazları yarada bilməyib, istedadının müqabilində lazımi qədər qayğı görməyib...
 
Bəlkə də, əslində, Azərbaycan kino tarixində kiçik, amma yaddaşlara həkk olunan rollarıyla qalmaq, ekran sənətimizin ən parlaq dövründə - ötən əsrin altmış-yetmişinci illərində - yaradıcılıqla məşğul olmaq Fazil Salayevin alın yazısıydı...
 
Hər halda, epizodik və kiçik obrazlar yaratdığı 40-a yaxın kino əsərinin bir çoxu məhz onun bənzərsiz ifasına görə yadda qalıb. Bu qədər sonsuz tamaşaçı sevgisi qazanmaqsa, heç də hər sənət adamına qismət olmur...

Əvvəlcə rəssam olmaq istəyirdi...


Salayevlər soy-kökünün mənşəyi Arazın o tayıyla – Güney Azərbaycanımızla - bağlıdı. Araşdırıcıların fikrincə, bu nəsil XIX yüzilin sonları-XX yüzilin əvvəllərində ordan sürətlə inkişaf eləyən neft Bakısına üz tutub. O nəslin törəmələrindən biri, “Salayev” soyadı daşıyan İdris Sovet hakimiyyəti illərində müxtəlif sanballı vəzifələrdə çalışıb. Fazil də 1931-ci il sentyabrın 1-də İdrisin ailəsində dünyaya göz açıb.


Onun uşaqlığı dünyanın narahat dövrünə, repressiyanın ayaq açıb yeridiyi, məhrumiyyətlərlə dolu müharibə illərinə düşüb. Zəmanənin ağrılarına hamı kimi mətanətlə dözüb, müharibənin qələbəylə başa çatacağına sonsuz ümidlə yaşayıb. Yazıb-oxumağı tay-tuşlarından daha tez öyrənən, rəsm çəkməyə böyük marağı olan yeniyetmə Fazilin ən böyük istəklərindən biri də əmin-amanlıq yaranandan sonra rəssamlıq təhsili almaq olub. O illərin yaddaşında iz buraxan mənzərələrini, tanıdığı insanların portretlərini hələ adi karandaşla kağıza köçürmək ən sevimli məşğuliyyətlərindən biriydi.


Müharibə başa çatdı, itkilərə, qıtlığa, mənəvi sıxıntılara baxmayaraq, həyat yavaş-yavaş təbii axarına düşdü, arzular gerçəkləşməyə başladı. 1948-ci ildə orta məktəbi bitirmiş Fazil də artıq Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin tələbəsiydi, təkcə karandaşla yox, kətan üzərində yağlı boyayla işləməyə başlamışdı.


Tələbəlik illəri də ağlagəlməz sürətlə keçdi. Bir də onda gözünü açdı ki, 1951-ci ildi, məktəbi bitirib, orta məktəbdə rəsmxətt dərsi deyir, üstəlik, “Azərnəşr”də tərtibatçı-rəssam işəyir, xüsusi xətir-hörməti var. Fazil kitablara tərtibat vermək, dərs deməklə yanaşı iç dünyasında yaşatdığı tabloları da kətana köçürmək, sərgilərdə nümayiş etdirmək istəyirdi. Amma...


Qəfildən ifaçılığın sehrinə düşdü...


Sonralar Fazil bu sehrin onu nə vaxt haqladığını dəqiq xatırlamırdı...


1954-cü il idi, cəmi 23 yaşı vardı, yenicə ailə qurmuşdu, sevdiyi peşəsi, sanballı işi vardı, əslində, rahat həyat yaşaya bilərdi. Amma o vaxt – ötən əsrin 50-ci illərinin ortalarında – totalitar məngənədən qurtulmağa çalışan Azərbaycan kino və teatr sənəti başqa mərhələyə qədəm qoyurdu, yeni filmlər çəkilir, tamaşalar hazırlanırdı. Fazil də rəngkarlıqla yanaşı, kinoya və teatra sonsuz maraq göstərirdi. Məşhur italyan aktyoru Totonun (əsl adı Antonio Vinçenzo Stefano Klemente) vurğunuydu, onu heyrətamiz dərəcədə gözəl təqlid eləyirdi.


Bəlkə də elə bu ab-hava həmin il gənc və iddialı Fazil Salayevi yerindən tərpətdi. Sənədlərini Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə verdi, müsabiqədən də, imtahanlardan da keçdi, tələbələr sırasına qoşuldu. O vaxt sənət müəllimləri Fazilin Allah vergisi olan istedadını yüksək qiymətləndirir, gələcəyinə ümidlə baxırdılar. İdris Salayev yeganə övladının “mütrüf”lər cərgəsinə qoşulmasını istəməsə də, onu inadından döndərə bilmədi


Fazil Salayev 1958-ci ildə Azərbaycan Akademik Dram Teatrına peşəkar aktyor kimi qədəm basanda həmyaşıdı olan bütün aktyorlar kimi, sanballı rollar ifa eləmək, tamaşaçıların sevimlisinə çevrilmək, sənət uğurları qazanmaq istəyirdi. Təbii ki, teatrda da gənclərə ehtiyatla yanaşır, onların öz yaradıcılıq imkanlarını epizodik və ikinci dərəcəli rollarla üzə çıxarmalarını gözləyirdilər.


Qəlbindən sanballı obrazlar keçsə də, Fazil Salayev qismətinə düşən kiçik rollara, sözün həqiqi mənasında qəlbini qoydu. Bəlkə elə bu səbəbdəndi ki, qısa müddətdə tamaşaçılarla ünsiyyətə girən o qəhrəmanlar dərhal xarakterik cizgiləriylə yaddaşlara həkk olunurdular.


O illər Azərbaycan ekran sənəti keyfiyyətcə yeni yola qədəm qoyurdu. Qərb kinosunda başlıca cərəyana çevrilmiş neorealizim əlamətləri istehsal olunan filmlərimizdə özünü göstərməyə başlamışdı.


Artıq 32 yaşında olan, çiyinlərində kifayət qədər həyat və sənət yükü olduğunu duyan Fazil Salayev də kinonun cazibə dairəsinə düşmüşdü, özünü ekranda sınamaq istəyirdi...


Onu ekrana Həsən Seyidbəyli çıxardı...


Yəqin ki, o, gec-tez çəkiliş meydançasına çıxacağını, milyonların sevdiyi kino sənətində öz sözünü deyəcəyini bütün canı-qanıyla duyurdu...


Düzdü, artıq ekranla təmasda olmuşdu, ilk rolu “Ögey ana” (1958) filmindəki, epizodik obraz idi, amma o qısa müddət belə Fazili ekranın əsirinə çevirməyə yetmişdi.


1963-cü ildə görkəmli kinorejissor və dramaturq Həsən Seyidbəyli Fazili Salayevi “Möcüzələr adası” filmində epizodik rola dəvət elədi. O, elə Fazil də adlandırılan obrazın kiçikliyi barədə fikirləşmədi – yeganə istəyi qismətinə düşən obrazı bənzərsiz çizgilərlə yaratmaq idi. Deyəsən, istəyinə nail olmuşdu, film ekranlara çıxandan az sonra artıq kino aləmində Fazilin personajlara xüsusi yanaşma tərzi barədə söz-söhbət gedirdu.


Fazil Salayev sonrakı il rejissor Ağarza Quliyevin lentə aldığı “Ulduz” filmində xarakterik cizgiləriylə yadda qalan müxbir obrazını da elə həmin il yaratdı. Onun personajı canlı, yapışıqlı, eyni zamanda fərqli, sünilikdən uzaq idi, aktyor sanki çəkiliş meydançasında deyildi, kamera qarşısında dayanmamışdı, təbii gündəlik həyatını yaşayırdı.


O vaxtdan da Fazil Salayev, az qala, epizodik və ikinci dərəcəli rolların əvəzedilməz ifaçısı kimi tanındı. Onun “Sən niyə susursan?” (1966), “İyirmialtılar” (1966), “Qanun naminə” (1968) lentlərində yaratdığı obrazlar hər cür qəlibdən, şablondan və bayağılıqdan uzaqdı, tamaşaçının həyatda rastlaşdığı tiplərə oxşayır, elə buna görə də dərhal yaddaşlarda özünə yer tapır. “Sən niyə susursan?” filmində o bir neçə dəqiqə ərzində qatil Ramazanın xarakterik cizgilərini bacarıqla yaradır. O biri lentlərdə isə obrazları o qədər ötəridi ki, ifaçının adını titrlərdə belə tapmaq çətindi.


Bununla belə, Fazil Salayevin ifası sehirli cazibəsiylə tamaşaçının yaddaşına həkk olunur...


“Adil İsgəndərov dövrü”nün uğuru


60-cı illərin sonu da Fazil Salayevin ekran yaradıcılığında məhz xarakterik obrazlarla qaldı...


Onda “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik eləyən, Fazil Salayevin bənzərsiz istedadına hörmətlə yanaşan Adil İsgəndərov onun yaradıcılıq imkanlarının tam açılması üçün mümkün olan hər şeyi eləyirdi.


Aktyorun 1969-cu ildə lentə alınmış üç seçmə ekran əsərində (“Şərikli çörək”, “Bizim Cəbiş müəllim” və “Bir cənub şəhərində” filmlərində) oynadığı epizodik və ikinci dərəcəli rolları kino sənətimizin danılmaz uğurlarından idi. Xüsusilə “Şərikli çörək”dəki qırçı Məhəmməd obrazı Fazil Salayevin təkrarsız istedadını bir daha üzə çıxardı. O, həmin roluyla insan qəlbinin ən dərin qatlarına enməyi, personajın yaşantılarını gerçəkliyə uyğun tərzdə canlandırmağı, təbii yumoru şitliyin və bayağılığın fövqünə qaldırmağı bacardı. “Bizim Cəbiş müəlim” filmindəki Mıqqı, “Bir cənub şəhərində” lentindəki məhəllə sakini Fazil də aktyorun sənət palitrasında yaddaşlara fərqli çalarlarıyla yazıldı.


Həmin illərdə Fazil Salayev artıq intizam qaydalarını pozduğuna görə” (xudmani məclisləri sevirdi, bəzən də birbaşa o məclislərdən gəlirdi, bunu da dərhal rəhbətliə çatdırannlar tapılırdı) Akademik Dövlət Dram Teatrından uzaqlaşdırılmışdı, Musiqili Komediya Teatrının aktyoruydu. Yenə tamaşalarda kiçik rollar ifa eləyir, hər obraza öz möhürünü vurur, tamaşaçı sevgisi qazanırdı. Bunun sirrini sənət dostu Yaşar Nuri çox dəqiq ifadə eləyib: “İndiyəcən də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Fazil Salayevin fəxri adı “filan aktyor” idi. Bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə cərəyan vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı ondan uzaq düşmüşdü…”


Amma Fazil Salayev Musiqili Komediya Teatrında cəmi üç il duruş gətirə bildi, yenidən Dram Teatrına qayıtdı, yenə kiçik rollara həyat verməyə başladı. Görünür, daha taleyiylə barışmaqdan başqa bir yolu yox idi: rejissorlar hələ də ona baş rollar həvalə eləmək istəmirdilər, ola bilsin, böyük obrazların öhdəsindən gələcəyinə əmin deyildilər.


Bunun həqiqətə nə qədər uyğun olduğunu indi qəti demək çətindi, amma bir məsələ də var ki, deyilənə görə, heç Fazil Salayev özü də baş rollar ifa eləmək istəmirmiş, deyirmiş, mənə kiçik rollar verin, onları böyük rollar səviyyəsinə qaldırım...


Yetmişinci illərin yaddaqalan obrazları...


Yetmişinci illəri yenə də qismətinə kiçik rollar düşən Fazil Salayev üçün uğurlu saymaq olar...


Çünki qəlbinin dərinliklərində sanballı obrazlar yaratmaq istəyi hələ yaşasa da, rejissorlar onu unutmurdular. Ekran əsərlərinin bütövlükdə uğurlu və ya zəif alınmasının, elə bil, ona dəxli yox idi, hər bir lentdə qismətinə düşən obrazları özünəməxsus sənətkarlıqla yaradırdı. Tamaşaçı Fazil Salayevin ilk baxışda nəzərə çarpmayan, “gözə girməyən” qəhrəmanlarını dərhal tanıyır, sevir və yadda saxlayırdı.


Fazil Salayevin o illərdə “Yeddi oğul istərəm” (1970, kənd sakini), “Axırıncı aşırım” (1971, Rəşid), “Ulduzlar sönmür” (1971, epizodik), “Var olun, qızlar” (1972, epizodik), “Alma almaya bənzər” (1975, Mehdi) filmlərində yaratdığı epizodik obrazlar üzərində istedadlı ifaçının tanış və doğma möhürünü daşıyır, basmaqəlib deyil, dərhal da tamaşaçının yaddaşına yazılır.


Elə “Dərviş Parisi partladır” (1976, Qulaməli), “Ürək...Ürək...” (1976, İbrahim), “Vulkana doğru” (1977, Əliağa), “Şir evdən getdi” (1977, yanğınsöndürən) filmərindəki zaman etibarilə qısa müddət ərzində görünən, lakin öz xarakterik cizgiləri və koloriti ilə tamaşaçıların qəlbində özünə yer tutan obrazlar mübaliğəsiz milli kinomuzda özünəməxsus hadisəyə çevrilirdi. Tamaşaçı onun qəhrəmanlarını başqa cür təsəvvür eləyə bilmirdi, təbii ki, bu da Fazil Salayevin ifaçılıq uğuru sayılmalıdı.


O illərdə Fazil Salayev hələ yaradıcılığının yetkinlik çağını yaşayırdı, ömür vəfa eləsəydi, kiçik, lakin bənzərsiz obrazlar silsiləsini davam etdirəcəkdi...


Onu etinasızlıq sındırdı...


Fazil Salayev üçün filmlərin qısametrajlı, tammetrajlı, yaxud kiçik süjet olmasının da fərqi yox idi...


“Rəqiblər” (“Ömrün səhifələri” almanaxından, 1974, Fazil), “Günlərin bir günü” (eyniadlı kinoalmanax, 1976, satıcı) qısametrajlı lentlərindəki obrazlarını da eyni təbiiliklə yaratmışdı.


O illərdə bədii kinoda və teatrda xarakterik obrazlarla yanaşı “Mozalan” satirik kinojurnalında özünəməxsus tipajlar yaradırdı. Metroya baxmağa cəhd göstərən sərxoş, şəhərin gecə səhərəcən davam eləyən uğultusundan dinclik tapa bilməyən narahat adam, toya dəvətlərdən bezib axırda şalvarını satan sadə insan, tez-tez iclaslara, görüşlərə çağırılıb yarıtmaz işçiyə çevrilən əmək qabaqcılı... onun bənzərsiz ifasıyla yaddaşımızda silinməz iz qoyur. İnanmaq olmur ki, tək bircə nəfər bu qədər bənzərsiz obrazlar qalereyası yaradıb.


Bununla belə, Fazil Salayevin həyatı sanki gözəgörünməz bir varlıq tərəfindən müəyyənləşdirilmiş qəlibdən ibarət idi: istedadı, ifaçılıq qabiliyyəti, obrazlara öxünəxas münasibəti hamı tərəfindən etiraf olunsa da, ona baş rollar təklif olunmurdu. Cəmi-cümlətanı 15 il sürən kino yaradıcılığı ərzində, həm də vəfatından bir qədər əvvəl baş rolda çəkildiyi yeganə film də qısametrajlıdı. Rejissor Cahangir Mehdiyevin 1978-ci ildə ÜİDKİ-də oxuyanda çəkdiyi “Araşdırın” adlı kurs işində o, öz ampluasına sadiq qaldı, obrazı təbii cizgilərlə təqdim elədi.


Fazil Salayevin adı, əlbəttə ki, təltif olunanların, mükafat alanların, təriflənənlərin siyahısında çəkilmirdi...


Gözə girmək, haqqını tələb eləmək, qapılar döymək isə xarakterində heç başdan-binadan yox idi...


Yaddaşlarda insan kimi qaldı...


Fazil Salayev çoxcəhətli istedada malik idi...


Onu yaxından tanıyanların şəhadətinə görə, pianinoda gözəl çalır, məlahətli səslə oxuyur, insanların qəlbinə girməyi, dərdə şərik olmağı, tikəsini bölüşməyi bacarırmış. Ömür-gün yoldaşına, üç qız balasına tükənməz sevgisi varmış.


Şübhəsiz, Fazil Salayev halal tamaşaçı sevgisi qazanmışdı, sənət dostları rəsmi səviyyədə olmasa da, xudmani məclislərdə onun barəsində xoş sözlər deyirdilər. Bu da qəlbində sağalmaz yaralar açır, iradəsini sındırırdı. Üstəlik, qəfil xəstəliyi də bir yandan amanını kəsmişdi.


Unudulmaz aktyorumuz Əlağa Ağayev, görkəmli rejissorlar Şamil Mahmudbəyov, Həsən Seyidbəyli, Arif Babayev onun nəyə qadir olduğunu bilir, ürək-dirək verirdilər. Vəfatından bir qədər əvvəl böyük nüfuz sahibi, həm də Azərbaycan Kinematoqrafçılar İttifaqınınm sədri olan Həsən Seyidbəylinin televiziyada haqqında xoş sözlər söyləməsi onu bir qədər toxtatsa da, artıq gec idi: 1978-ci il iyunun 20-də həyatla vidalaşdı.


Amma Fazil Salayev tamaşaçı yaddaşından silinmədi, onu hələ də xatırlayır, çəkildiyi filmlərə sevgiylə tamaşa eləyirlər...


Ola bilsin, elə əsl yaradıcı insan xoşbəxtliyi budur...


***


Fazil Salayevin epizodik, amma bir-birindən fərqli obrazlarının gözlərindəki izahounmaz kədər tamaşaçı yaddaşında hələ də yaşayır...


Bəlkə, o kədər onun könül verdiyi sənətdə gerçəkləşdirə bilmədiklərindən doğulmuşdu, qəlblərə sirayət eləyirdi...


Bəlkə də yaradıcılıq yolunu layiq olduğu kimi başa vura bilməyəcəyinin ağrılarını gizlədə bilmirdi...


Hər halda, ekran sənətimizdə “kiçik rolların bənzərsiz ustası” kimi tanınmaq da bəxtsizlik kimi qəbul ounmamalıdı...


2018, iyun – 2024, may