Qarabağın adı çəkiləndə ilk növbədə muğam, poeziya və zəngin mədəni irs yada düşür. Ancaq bu diyarın tarixində elmin, xüsusilə də riyaziyyatın inkişafında mühüm rol oynamış şəxsiyyətlər də mühüm yer tutur. 


Akademiklər, professorlar və dünya miqyasında tanınan alimlər yetişdirən Qarabağ Azərbaycan elmi fikrinin formalaşmasına əhəmiyyətli töhfələr verib. Bu gün regionda genişmiqyaslı bərpa və quruculuq işləri aparıldığı bir dövrdə həmin elmi irsin qorunması, davam etdirilməsi və yeni nəsil tədqiqatçıların yetişdirilməsi məsələsi də strateji əhəmiyyət daşıyır.






Maraqlıdır, Qarabağın yetişdirdiyi riyaziyyatçı alimlərin elmi irsi Azərbaycan elminin inkişafında hansı izləri qoyub?  


Bu ənənənin davam etdirilməsi və azad olunmuş Qarabağda güclü riyaziyyat məktəbinin formalaşdırılması üçün hansı institusional və elmi addımlar atılmalıdır?


Mövzu ilə bağlı dosent İlham Əhmədovun fikirlərini öyrəndik. 


Əhmədov qeyd etdi ki, Qarabağ Azərbaycan tarixində yalnız musiqi, poeziya və incəsənət beşiyi deyil:


"Bu qədim diyar həm də elm və təhsilin inkişafında mühüm rol oynayıb. Qarabağdan çoxlu müəllim, alim, mühəndis, həkim və riyaziyyatçı yetişib. Riyaziyyat hər bir xalqın intellektual inkişafının əsas göstəricilərindən biridir. Riyaziyyatçı yalnız rəqəmlərlə işləyən insan deyil. O, məntiqi düşünür, problemləri təhlil edir, qanunauyğunluqlar axtarır, mürəkkəb məsələlərə sadə həll tapmağa çalışır. Bu baxımdan Qarabağın riyazi ənənələri xüsusi diqqətə layiqdir.


Qarabağda elmi mühitin tarixi kökləri


Qarabağ tarix boyu mühüm mədəniyyət və təhsil mərkəzi olub. Şuşa şəhəri xüsusilə fərqlənib. Burada məktəblər, mədrəsələr və maarifçilik ocaqları fəaliyyət göstərib. XIX əsrin sonu və XX əsrin əvvəllərində dünyəvi təhsilin inkişafı sürətləndi. Riyaziyyat ümumi təhsilin əsas fənlərindən birinə çevrildi. 


Riyaziyyatın tədrisi yalnız hesab aparmaq deyil, insanın düşünmə tərzini formalaşdırırdı. Yaxşı riyaziyyat müəllimi əslində düşünməyi öyrədən müəllim idi. 

Bu ənənə sonrakı dövrlərdə də davam etdi. Qarabağdan olan gənclər Azərbaycanın və keçmiş ittifaqın aparıcı ali məktəblərində təhsil aldılar.


Onların bir hissəsi sonradan riyaziyyat elminə gəldi. Beləliklə, Qarabağ elmi ənənəsi təkcə yerli məktəblərlə məhdudlaşmadı. Bu ənənə geniş akademik məkana daxil oldu. Azərbaycan dilində ilk “Hesab” dərsliyinin müəllifi də məhz Qarabağlı- dahi bəstəkar Üzeyir bəy Hacıbəyov olmuşdur. 


Riyaziyyat və Qarabağ insanının intellektual xüsusiyyətləri


Hər bir regionun özünəməxsus sosial və mədəni mühiti olur. Qarabağ da özünün güclü mədəni və intellektual mühiti ilə seçilib. Bu mühitdə sözə, biliyə və istedada böyük dəyər verilib. Musiqi üçün güclü eşitmə, poeziya üçün zəngin təfəkkür, riyaziyyat üçün isə məntiq və mücərrəd düşüncə tələb lazımdır. Bunların hamısının ortaq tərəfi insanın yüksək intellektual fəallığıdır.


Qarabağ həm musiqiçi, həm şair, həm də alim yetişdirən məkandır. Bu təsadüfi deyil. Cəmiyyət biliyə hörmət edəndə istedad üçün şərait yaradır. İstedad isə özünü müxtəlif sahələrdə göstərir. Bir ailədə musiqiçi, digərində müəllim, başqa bir ailədə mühəndis və ya riyaziyyatçı yetişə bilər. Əsas məsələ isə təfəkkür mühitidir. 


Riyaziyyatçının yetişməsi necə başlayır?


Böyük riyaziyyatçı universitetdə yaranmır. Onun təməli məktəbdə qoyulur. Bəzən isə daha erkən yaşlarda. Uşağın ilk dəfə maraqla verdiyi “niyə?” sualı gələcək elmi düşüncənin başlanğıcıdır. Riyaziyyat uşağa hazır cavab vermir, onu cavabı tapmağa yönəldir. Məhz buna görə riyazi təhsil ən mühüm intellektual alətlərindən biridir. 

Qarabağlı riyaziyyatçıların yetişməsində də məktəb müəllimlərinin böyük rolu olub. 


Kənd və rayon məktəblərində çalışan çoxsaylı istedadlı müəllimlər yeni nəsl istedadlı uşaqları aşkar ediblər. Onlara əlavə məşğələlər keçirib, olimpiadalara hazırlayıb, ali məktəbə yönəldiblər. Bəzən bir müəllimin diqqəti bir uşağın bütün həyatını dəyişib. Bu, təhsilin ən böyük gücüdür.


Qarabağ müharibəsi və elmi potensialın itkisi


Qarabağ münaqişəsi yalnız torpaq itkisi deyildi. Bu, həm də insan kapitalına vurulan ağır zərbə idi. Məktəblər dağıldı, universitetlər və elmi müəssisələr köçkün vəziyyətinə düşdü. Müəllimlər öz doğma məktəblərindən ayrıldı. Minlərlə şagird təhsilini çətin şəraitdə davam etdirdi. Elmi mühit parçalandı. Amma qaçqın məktəblərində yenə də riyaziyyatı sevən və həvəslə oxuyan xeyli məktəbli yenə də var idi".


İlham Əhmədov əlavə etdi ki, bu proses istedadların inkişafına da təsir etdi. Bir çox gənc üçün normal təhsil şəraiti itdi:


"Bəzi ailələr üçün əsas məsələ artıq ali təhsil deyil, sadəcə yaşamaq idi. Bu şəraitdə elm və fundamental təhsil ikinci plana keçə bilərdi. Lakin Qarabağdan olan alimlərin və müəllimlərin mühüm hissəsi öz fəaliyyətini davam etdirdi. Onlar yeni yaşayış yerlərində fəaliyyətlərini davam etdirdilər, yeni tələbələr yetişdirdilər, elmi məktəbləri yaşatdılar. Bu, həm də mənəvi müqavimət idi.


Qarabağın azad edilməsi və yeni elmi imkanlar


Qarabağın azad olunması region üçün yeni mərhələ açdı. İndi söhbət yalnız şəhərlərin və kəndlərin bərpasından getmir. Əsas məsələ insan kapitalının bərpasıdır. Yollar və binalar tikmək mümkündür. Lakin elmi mühit yaratmaq daha vacib və daha çətindir. 


Universitet yalnız kampus deyil. Universitetin gücü insanlardan ibarətdir: alimdən, müəllimdən, tələbədən, laboratoriyadan, kitabxanadan, elmi diskussiyadan. Yeni Qarabağda məhz belə bir intellektual mühit formalaşmalıdır. 


Bu baxımdan “Qarabağ Universiteti”nin yaradılması strateji əhəmiyyət daşıyır. Universitet yalnız təhsil müəssisəsi kimi deyil, regionun elm, innovasiya və texnoloji mərkəzi kimi inkişaf etməlidir. Burada riyaziyyat və fundamental elmlərə xüsusi diqqət verilməlidir. Çünki süni intellekt dövründə riyaziyyatın əhəmiyyəti daha da artır.


Süni intellekt dövründə riyaziyyatın yeni rolu


Bu gün süni intellekt həyatın bütün sahələrinə daxil olur. Lakin süni intellektin əsas dili riyaziyyatdır. Alqoritmlərin arxasında riyazi modellər dayanır. Maşın öyrənməsinin əsasını statistika təşkil edir. Neyron şəbəkələri xətti cəbrə söykənir. Optimallaşdırma üsulları riyazi analizlə bağlıdır. Kvant kompüterləri isə daha mürəkkəb riyazi düşüncə tələb edir. 


Deməli, gələcəyin texnoloji inkişafı riyaziyyatsız mümkün deyil. Bu baxımdan Qarabağda yeni riyazi məktəbin yaradılması gələcəyin strateji məsələsidir. Burada əsas məqsəd yalnız riyaziyyat müəllimi hazırlamaq yox, yeni nəsil riyaziyyatçı, data analitik, süni intellekt mütəxəssisi, alqoritm tədqiqatçısı, proqramçı, kriptoqraf, tətbiqi riyaziyyatçı yetişdirilməlidir. Bu, Qarabağın gələcək iqtisadiyyatına və innovativ inkişafına xidmət edəcək.


“Qarabağ riyaziyyat məktəbi” ideyası


Gələcəkdə xüsusi “Qarabağ riyaziyyat məktəbi” yaratmaq məqsədəuyğundur. Bu, adi kurs olmamalıdır. Bu məkətb istedadlı uşaqların və gənclərin inkişaf platforması olmalıdır. “Qarabağ riyaziyyat məktəbi” nin  əsas istiqamətləri bunlar ola bilər:


1. Riyazi istedadların erkən aşkarlanması. Rayon məktəblərində istedadlı uşaqlar müəyyən edilməlidir.


2. Riyaziyyat olimpiadaları. Qarabağ üzrə regional və beynəlxalq olimpiadalar təşkil olunmalıdır.


3. Onlayn riyaziyyat platforması. Şuşada, Xankəndidə və digər şəhərlərdə yaşayan uşaqlar vahid rəqəmsal platformada təhsil ala bilərlər.


4. Süni intellekt və riyaziyyat laboratoriyası. Tələbələr Sİ modellərinin arxasındakı riyaziyyatı öyrənməlidirlər.


5. Beynəlxalq əməkdaşlıq. Dünyanın aparıcı universitetləri və riyaziyyat mərkəzləri ilə əməkdaşlıq qurulmalıdır.


6. Qarabağ Riyaziyyat Olimpiadası. Bu olimpiada gələcəkdə türk dünyasının və daha geniş regionun mühüm elmi tədbirinə çevrilə bilər.


7. Riyaziyyat elminin populyarlaşdırılması. Uşaqlarda bu elmə maraq yaratmaq üçün elmi daha sadə formada uşaqlara izah etmək lazımdır. 


Riyaziyyatçı milli sərvətdir


Neft tükənər, təbii sərvətlər azalar, bina və avadanlıqlar köhnələr. Amma insan zəkası düzgün inkişaf etdirilərsə, onun imkanları tükənmir, əksinə daha da artılr. Bir güclü riyaziyyatçı yüzlərlə yeni ideyanın başlanğıcı, bir alim yeni elmi məktəbin yaradıcısı, bir müəllim yüzlərlə istedadın ustadı ola bilər. Bu səbəbdən riyaziyyatçıya yalnız fərdi mütəxəssis kimi baxmaq olmaz.


Riyaziyyatçı milli intellektual kapitalın daşıyıcısı, açar fiqurudur. 


Qarabağın yenidən qurulması prosesində bu kapital xüsusi əhəmiyyət daşıyır. Biz Qarabağı yalnız bərpa etməməliyik. Biz onu yeni bilik məkanına çevirməliyik.


“Qarabağlı riyaziyyatçılar” ifadəsi yalnız müəyyən insanların peşəsini göstərən söz birləşməsi deyil, bu, daha geniş bir ideyanı ifadə edir. Bu ideya Qarabağın intellektual dirçəlişi ideyasıdır. Qarabağ yenidən yalnız muğam və poeziyanın deyil, həm də fundamental elmlərin mərkəzinə çevrilə bilər. 


Bunun üçün istedadlı uşaqları erkən aşkarlamaq və inkişaf etdirmək üçün xüsusi onlayn sistem yaratmaq, güclü müəllimlər hazırlamaq, uşaqlarda riyaziyyata marağı artırmaq, belə onlayn layihələri idarəedən komandalar lazımdır. Məktəb, universitet və elm arasında yeni əlaqələr qurmaq lazımdır. Ən əsası isə riyaziyyatı yalnız çətin fənn kimi deyil, düşüncə mədəniyyəti kimi təqdim etmək lazımdır. 


Gələcəyin Qarabağı ağıllı şəhərlərdən ibarət ola bilər. Amma ağıllı şəhəri yaradan əsas qüvvə ağıllı insanlardır. Ağıllı insanın formalaşmasında isə riyaziyyatın xüsusi yeri var. Bəlkə də gələcəkdə Azərbaycan növbəti böyük riyaziyyatçı nəsli yenə də Şuşada, Xankəndidə, Ağdamda, Füzulidə və ya Laçında məktəbə gedən bugünkü uşaqlar olacaq. Onun gələcəyi isə bu günkü təhsil mühitindən asılıdır. Bu sahədə isə problemlərimiz hələ də qalır. 


Qarabağın yenidən qurulması yalnız daşın və torpağın bərpası deyil. Qarabağın bərpası insan zəkasının, elmi potensialın və intellektual gücün yenidən doğulması ilə olacaq. 


Qarabağın tanınmış riyaziyyatçı alimlərləri (natamam siyahı)


 1. Əşrəf İsgəndər oğlu Hüseynov (1907–1980) — Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1938), fizika-riyaziyyat üzrə elmlər doktoru (1948), professor, 1963-cü ildə AEA müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmisdir. Azərbaycan Dövlət Universitetində (indiki BDU) kafedra müdiri və dekan (1939-1965), AEA Kibernetika İnstitutunun direktoru (1965-1970), AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1971-1980) vəzifələrində çalışmışdır.


2.İbrahim İbiş oğlu İbrahimov (1912–1994) — Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitu¬tunu bitirmişdir. 1939-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1947-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini almış, 1959-cu ildə AEA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.


3.Cəlal Eyvaz oğlu Allahverdiyev (1929–2017) — Şuşada doğulub. Akademik, professor, Dövlət mükafatı laureatı. Operatorların spektral nəzəriyyəsi və funksional analiz sahəsində dünya səviyyəli alim olub. Onun adı ilə bağlı Allahverdiyev teoremi riyazi ədəbiyyatda tanınır. 


4.Rafiq Əziz oğlu Əliyev (10.02.1942) - görkəmli Azərbaycan alimi, AMEA-nın müxbir üzvü. Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, 1975-ci ildə texnika elmləri doktoru, 1976-cı ildə professor adını alıb. Elm sahələri avtomatlaşdırma, avtomatik idarəetmə sistemləri və süni intellektdir. ADNSU-nun Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, MBA və BBA proqramlarının direktoru, "Zadə İrsi və Süni İntellekt" Assosiasiyasının prezidentidir. Qeyri-səlis məntiq, Soft Computing sahəsində 70 kitab və 350-dən çox məqalə müəllifidir. SSRİ Dövlət Mükafatı laureatıdır.


5.Hətəm Hidayət oğlu Quliyev (1947–2021) — Füzuli rayonunda anadan olub. Akademik, professor, fizika-riyaziyyat elmləri doktoru. Geomexanika, geofizika, geodinamika, bərk cisim mexanikası və tətbiqi riyaziyyat sahələrində mühüm tədqiqatlar aparıb. 


6.Əmir Şahbazov (1911-1994) Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin professoru, riyaziyyatçı alim və pedaqoq. O, uzun illər BDU-da riyazi analiz, diferensial tənliklər və funksiyalar nəzəriyyəsi fənlərindən dərs deyib. Elmi fəaliyyəti əsasən riyazi analizin müasir problemləri və onun tətbiqləri ilə bağlıdır. 


7.Rəfail Həsənəli oğlu Əlizadə (1956– ) — Cəbrayıl rayonunda doğulub. Riyaziyyatçı, professor. Moskva Dövlət Universitetinin Riyaziyyat və mexanika fakültəsini bitirib, Türkiyədə universitetlərdə professor kimi çalışıb, homoloji cəbr və modul nəzəriyyəsi üzrə tədqiqat aparır. 


8.Yusif Soltan oğlu Qasımov (1968– ) — Cəbrayıl rayonunda doğulub. Riyaziyyat elmləri doktoru, professor. Spektral nəzəriyyə, tərs spektral məsələlər, optimallaşdırma və tətbiqi riyaziyyat üzrə tədqiqat aparır. Azərbaycan Universitetində elmi işlər üzrə prorektordur. 


9.Əli Əhmədov — Cəbrayıl mənşəli riyaziyyatçı alim, professor. Funksiyalar nəzəriyyəsi və funksional analiz sahəsində fəaliyyət göstərib və Əşrəf Hüseynovun elmi irsinin tədqiqi ilə bağlı akademik tədbirlərdə çıxış edib. 


10. Ürfət Qubad oğlu Nuriyev — Cəbrayıl rayonunun Soltanlı kəndindən olan riyaziyyatçı alimdir. Türkiyədə, o cümlədən Egey Universitetində professor kimi fəaliyyət göstərib, kompüter riyaziyyatı, kriptologiya, blokçeyn və kibernetika istiqamətlərində çalışır. 


11. Maya Hüseynəli qızı Hacıyeva (1914–1999) — Şuşada anadan olub. Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tanınır. Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb, Helmholts tənliyi üçün sərhəd məsələləri üzrə tədqiqat aparıb. 


12. Bəylər Ağayev – Şüşada doğulub (1906-1988). Riyaziyyatın tədrisi metodikası üzrə respublikanın ilk elmlər doktoru, professor. BDU-da kaferda müdiri, ADPU-da prorektor, ARTİ-də direktor işləyib. 


13. Əsəd İbrahimov –Şuşada doğulub (1911-1993). Riyaziyyatın tədrisi metodikası üzrə alim, dosent, ADPU prorektoru, “Riyaziyyatın tədrisi metodikası” kafedrasının müdiri vəzifələrində işləyib. 


14. Əli Cəfərov (1927-2002) –Fizuli rayonund doğulub, professor, AMEA-da şöbə müdiri, ADPU-da riyaziyyat fakultəsinin dekanı, riyazi analiz kafedrasının müdiri v.s. vəzifələrdə çalışıb, Professor Əli Cəfərov riyazi analiz sahəsində tanınmış alim kimi gənc riyaziyyatçıların yetişməsində mühüm rol oynamışdır. 


15. Nüsrət Abdulla oğlu Sadıqov (1927-1992) -Ağdamda anadan olub. Riyaziyyatın tədrisi üzrə professor, ADPU-da riyaziyyat kafedrasının müdiri olub. Riyaziyyat üzrə xeyli metodist alim yetişdirib. 


16. Azər Sahib oğlu Əhmədov (1974– ) — Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. ABŞ-da çalışan riyaziyyat professorudur. Yale Universitetində riyaziyyat üzrə PhD alıb, qrupların həndəsi nəzəriyyəsi, Li qrupları, erqodik nəzəriyyə və üçölçülü topologiya üzrə tədqiqat aparır. 


17. Anar Sahib oğlu Əhmədov (1976– ) — Cəbrayılda anadan olub. Minnesota Universitetində full professor, Harvard Universitetində dəvətli professor kimi çalışıb. Cəbri topologiya və xüsusilə 4-ölçülü çoxobrazlıların topologiyası üzrə tanınmış mütəxəssisdir, Simons və Sloan mükafatları ilə təltif olunub. 


18. Rəşad Oqtay oğlu Məstəliyev (1981– ) — Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. Diskret riyaziyyat, riyazi kibernetika və optimal idarəetmə məsələləri üzrə çalışır. 


19. Şamo İsa oğlu Cəbrayılov (1946– ) — Cəbrayıl rayonunda doğulub. Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. Hesablama riyaziyyatı, ədədi üsullar, diferensial tənliklər və kompüter elmləri sahələrində çalışıb, uzun illər BDU-da pedaqoji fəaliyyət göstərir".


Qeyd: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.