“...O torpaqların azad edilməsi Kiçik Cihad idisə, 5 ilə yaxındır ki, şəhid qanlarıyla suvarılmış o yurdlara Böyük Qayıdış  həm də Böyük Cihaddır: daxili düşmənlə- nəfsimizlə, tamahımızla, şəhvətimizlə, yersiz arzu-istəklərimizlə mübarizədir...”
 




"...Məsələ yalnız bir cavanın adını qayaya yazması deyil. Məsələ budur: bizə qan bahasına qaytarılmış bu torpaqlarda öz adımızı tarixə necə yazırıq? Və bizi Yaradan adımızı hara yazır?.."
 
- 3 CÜMLƏ İLƏ BİR "QUŞ"...-
 
...Hələ 2021-ci ilin yanvarında - dövlətimizin siyasəti, şəhid və qazilərimizin canı-qanı sayəsində torpaqlarımızın böyük hissəsinin xarici düşməndən azad edilməsindən az sonra belə bir fikir yazmışdıq: “Peyğəmbərimizin(s) hədisində ifadə etdiyi təbirincə desək, indi Böyük Cihada gedirik...”
 
Bəli, əslində o torpaqların azad edilməsi Kiçik Cihad idisə, 5 ilə yaxındır ki,  Şuşaya, Laçına, Kəlbəcərə, bütövlükdə Qarabağa, Zəngəzura Böyük Qayıdış eyni zamanda Kiçik Qayıdışdan, yəni xarici düşmənlə raketli, tanklı, toplu-tüfəngli savaşdan dəfələrlə çətin olan Böyük Cihaddır: daxili düşmənlə- nəfsimizlə, tamahımızla, şəhvətimizlə, yersiz arzu-istəklərimizlə mübarizədir...
 
Ona görə də  Şuşa kimi əsrarəngiz mənzərəli bir məkana gedişlərindən vəcdə gələrək, sevinərək 6-7 yaşlı uşaqlar kimi adlarını qayalara yazmış kəsləri də görəndən sonra müqəddəs şəhid qanıyla suvarılmış o torpaqlara hər bir ayaq basan yerli, xarici turistdən, dədə-baba yurdlarına köçən keçmiş məcburi köçkünlərdən tutmuş orada  müxtəlif kiçik-böyük işlər gördürən və ya görən irili-xırdalı holdinq, şirkət sahiblərinə, fəhlələrə, sürücülərə, mühəndislərə, memarlara, bərpa edilməkdə olan o yurdların idarəçiliyinə cavabdeh məmurlara – hər kəsə üzümüzü tutub deyirik; hər bir düşüncəndən, niyyətindən, hər bir sözündən, hər bir addımından, hər bir əməlindən sonra dayan və bir düşün, gör, yerin-ərşin sahibi Uca Allah sənin adını hara yazacaq:  o torpaqlar uğrunda şəhid olmuş igidlərimizin gedəcəyi Cənnətin ən şərəfli guşəsinə, yoxsa?..
 
P.S.

Bu gün Şuşada yerli turistlərin qayalıqlara adlarını həkk etməsinə qarşı ictimaiyyətin apardığı kampaniya bu sətirlərin müəllifini də sevindirdi. Bəli, insanları mənfi əməllərdən çəkindirmək, yanlışın qarşısını vaxtında almaq lazımdır...
 
Fəqət, onu da deməyə borcluyam: öz adını Şuşanın, Kəlbəcərin, Laçının daşına və divarına yazmaq son 4-5 ildə şəhid qanı ilə suvarılmış həmin torpaqlarda edilən ən kiçik xətalardan, ən xırda günahlardan biridir. Kaş cəmiyyət, media həmin yurdlarda baş verən daha ağır əməllərə də eyni həssaslıqla, eyni ictimai qınaqla münasibət göstərsin:
 
meşələri, çəmənləri, bulaq başlarını zibilləyənlərə; yeri gəldi-gəlmədi kol-kosu, ağacları məhv edənlərə; dağ-dərələrdəki nadir heyvanları ovlayanlara; müəssisələrin zərərli, zəhərli tullantılarını çaylara, göllərə axıdanlara; xaraba qalmış evlərin sahiblərinin xəbəri olmadan onları buldozerin qabağına verdirənlərə; bərpa və tikinti üçün ayrılmış pulları, vəsaitləri mənimsəyənlərə və bunun nəticəsində ömrünün qalan hissəsini öz yurdunda yaşamalı olan köçkünlər üçün keyfiyyətsiz ev, keyfiyyətsiz infrastruktur yaradanlara da belə ciddi ictimai qınaq, tənqid kampaniyaları aparılsın. Çünki məsələ yalnız bir cavanın adını qayaya yazması deyil. Məsələ budur:
 
Bizə qan bahasına qaytarılmış bu torpaqlarda öz adımızı tarixə necə yazırıq? Və bizi Yaradan adımızı hara yazır?..
 
Sultan Laçın