“Universitetdə dekan müavini vəzifəsinə qədər yüksəlmişəm. Xalq artistləri Alim Qasımova, Brilliant Dadaşovaya, Mənsum İbrahimova, Əməkdar artist Almaz Ələsgərovaya, Rəsmiyyə Nura, Manaf Ağayevə və s. sənətkarlara aktyor və rejissor sənətindən dərs demişəm. Mən onlara musiqi öyrətməmişəm”.
 




Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Azad Zamanov deyib.
 
O daha sonra Xalq artisti, dünya şöhrətli Alim Qasımovun onun müəllimi olmasına şübhə ilə yanaşmasından danışıb:

“Alim müəllim mənim canımdır. O mənim aktyor sənəti dərslərimdə həmişə iştirak edib. Mən inanmıram ki, Alim Qasımov onun müəllimi olmağımı inkar etsin. Belə bir söz deməsinə inanmıram. Bunu hər kəs bilir ki, mən ona aktyor sənətindən dərs demişəm. Əgər inkar edibsə də Allah canını sağ etsin. Onlar bilirsiz niyə İncəsənət Universitetində oxumağa gəlirdilər?! O vaxtı Milli Konservatoriya yox idi. Muğam ancaq texnikom səviyyəsində Asəf Zeynallı adına musiqi məktəbində keçirilirdi. Ali səviyyədə tədris olunmurdu. Arif Babayev, Canəli Əkbərov və s. bunların hamısı bizim universiteti bitiriblər. Çünki orada həm aktyor dərsi keçirilirdi, həm də rejissor. Konservatoriya 2000-ci illərin əvvəlində yarandı”.
 
Azad Zamanov bir müddət müğənniliyə fasilə verdiyini də bildirib:
 
“Mənsum İbrahimv tez-tez mənimlə əlaqə saxlayır. Toylarda görəndə hörmətimi saxlayırlar. Hamısından razıyam. Mən polkovnik rütbəsindəyəm. Bilirsiz ki, uzun illər Astara Gömrük idarəsində rəis müavini olmuşam. 30 il oxumamışam. Mən dərs dediyim müğənnilərdən bu gün incimirəm”.
 
Qeyd edək ki, bir müddət əvvəl Azad Zamanov Xalq artisti Alim Qasımov başda olmaqla bir neçə məşhur sənətkara dərs dediyini bildirib. Moderator.az-a açıqlama verən Xalq artisti Alim Qasımov isə bu sözləri deyib:

“Azad Zamanovu yaxşı tanıyıram. Çox yaxşı dostumuzdur. Biz İncəsənət Universitetində oxuyanda orada dərs deyirdi. Ola bilər ki, bizə də dərs deyib. Amma mən dərslərə çox gəlmirdim. O aktyor sənətindən dərs deyirdi.. Mən ora gələndə artıq muğam oxuyurdum, tanınırdım. Amma necə tələbə olmuşamsa heç özüm də bilmirəm”.