Avropa İttifaqı Starlink də daxil olmaqla, Amerika texnologiya şirkətlərinə qarşı proteksionist tədbirlər tətbiq edərsə, ABŞ-nin sarsıdıcı cavabı ilə üzləşəcək.
Bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti ABŞ-nin Aİ-dəki daimi nümayəndəsi Endryu Pazderə istinadən məlumat yayıb.
O bildirib ki, Brüssel ehtiyatlı olmalı və Amerika bazarının ölçüsünü nəzərə alaraq Vaşinqtondan güclü cavab almaq potensialını nəzərdən keçirməlidir: "Məqsəd ABŞ-nin rəqabət qabiliyyətini azaltmaqdırsa, mənim fikrimcə, bu, bu tip qanunvericilik üçün qanuni məqsəd deyil. Amerika şirkətlərinin rəqabət qabiliyyətini azaltmaq hesabına Avropa şirkətlərinin rəqabət qabiliyyətini artırmaq olmaz".
FT-nin məlumatına görə, Pazder bu açıqlamanı Avropa Komissiyasının smartfonların peyklərə birbaşa qoşulmasına imkan verən müəyyən spektri yalnız Avropa şirkətləri üçün ayırmaq təklifinə cavab olaraq verib. Nəşrin qeyd etdiyi kimi, bu, Starlink peyk şəbəkəsini idarə edən SpaceX də daxil olmaqla, Çin və ABŞ şirkətlərinin spektrə çıxışını məhdudlaşdıracaq.
(teleqraf)