İtaliya A Seriyasının VII turunda "Milan" doğma meydanda "Atalanta"nı 3:2 hesabı ilə məğlub edib.


Moderator.az xəbər verir ki, "San-Siro" stadionunda keçirilən görüşü Daniele Kiffinin başçılıq etdiyi hakimlər briqadası idarə edib.






Oyunun 13-cü dəqiqəsində "Milan"ın vingeri Kristian Pulişiç fərqlənsə də, qol ofsayd səbəbindən qeydə alınmayıb. 25-ci dəqiqədə rəqibin cərimə meydançasında əllə oyuna görə təyin olunan penaltini Qonsalu Ramuş dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Adrien Rabyo meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.


İkinci hissənin 57-ci dəqiqəsində "Atalanta"nın futbolçusunun cərimə meydançasında əllə oynamasından sonra "Milan" penalti qazanıb. Lakin Ramuş bu dəfə 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. Elə həmin dəqiqədə Mario Xila künc zərbəsindən sonra başla qol vuraraq hesabı 3:0 edib.


Oyunun 66-cı dəqiqəsində "Atalanta"nın yarımmüdafiəçisi Canluka Qetano fərqi azaldıb. 81-ci dəqiqədə Nikola Krstoviç daha bir qol vuraraq hesab arasındakı fərqi minimuma endirib.


Bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran "Milan" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Doqquz xalı olan "Atalanta" isə 10-cu yerdədir.